Şahin Cəfərli:"Bir neçə gün öncə Həsən Ruhani bəyan etdi ki, ABŞ bu siyasətini davam etdirəcəyi halda, İran nüvə razılaşmasından çıxa bilər. Bu addımın atılması regionda narahatlıq yaradacaq "
"ABŞ hökumətinin öz vətəndaşlarına İrana getməmək barədə xəbərdarlıq etməsi əsassız deyil”.
Bunu "Sherg.az”a ABŞ Xarici İşlər Nazirliyinin, həbs olunma və nəzarətə alınma risklərini səbəb göstərərək öz vətəndaşlarına "İrana getməyin" xəbərdarlığıns münasibət bildirərkən politoloq Şahin Cəfərli deyib.
O bildirib ki, hazırda bir neçə ABŞ vətəndaşı İranda həbsdədir və onlar casusluqda günahlandırılır:
"Təminat yoxdur ki, İrana səfər edəcək digər ABŞ vətəndaşları da eyni aqibətlə üzləşməyəcək. İran həbs etdiyi amerikalılardan bu ölkəyə qarşı təzyiq vasitəsi kimi yararlanmağa çalışır. Yəni həbsdə saxlanılan ABŞ vətəndaşları bir növ İranın girovudur və ABŞ-la aparılan dolayı danışıqlarda Tehran bu amildən öz məqsədləri naminə istifadə edir.
ABŞ-İran münasibətlərinin perspektivinə gəldikdə isə, ilk növbədə bunu qeyd etmək lazımdır ki, 2015-ci ildə İranın nüvə proqramına dair Tehranla "altılıq” ölkələri arasında imzalanmış beynəlxalq müqavilə heç də problemin birdəfəlik həlli mənasına gəlmir. İranın nüvə silahı yaratmaq niyyətindən vaz keçdiyini düşünmək sadəlövhlük olardı, buna nə ABŞ inanır, nə də İranın bölgədəki baş düşməni olan İsrail. Bilirsiniz ki, müqavilədə İranın nüvə proqramını dayandırması barədə öhdəlik götürməsinin əvəzində bu ölkəyə qarşı BMT səviyyəsində tətbiq olunan embarqolar və sanksiyalar ləğv edilib. Lakin ABŞ özünün ayrıca tətbiq etdiyi sanksiyaları nəinki aradan qaldırmayıb, hətta yenilərini tətbiq etməkdədir. İyul ayının sonunda Konqresin qəbul etdiyi və Donald Tramp tərəfindən imzalanan yeni sanksiya qanununda İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqindən söhbət gedir”.
Sözügedən sanksiyaların qəbuluna İran rəhbərliyinin sərt reaksiya verdiyini xatırladan politoloqun sözlərinə görə, baş verən hadisələr bölgədə hərarəti ciddi şəkildə yüksəldə bilər:
"Bir neçə gün öncə Həsən Ruhani bəyan etdi ki, ABŞ bu siyasətini davam etdirəcəyi halda, İran nüvə razılaşmasından çıxa bilər. Bu addımın atılması regionda narahatlıq yaradacaq. Düşünürəm ki, bəlkə,
ABŞ və İsrail də elə bunu istəyir. Aydındır ki, hər iki dövlət nüvə anlaşmasının imzalanması ilə İran problemini bitmiş saymayıb. D.Tramp seçki kampaniyası dövründə bu anlaşmanı dəfələrlə tənqid edib və hakimiyyətə gəldikdən sonra bu sənədə yenidən baxacağını bildirib. İsrail isə anlaşmanı öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.
Netanyahu ilə Obama arasında münasibətlərin soyumasına təsir edən amillərdən biri də bu idi, yəni İsrail hökuməti Obama administrasiyasının apardığı regional siyasətdən ciddi şəkildə narazı idi. İsrail hesab edirdi ki, ABŞ-ın bu siyasəti İranı gücləndirir. Bu səbəblə Trampın seçkidə qələbəsindən ən çox sevinc duyan ölkə məhz İsrail oldu. İsrailin ABŞ-ın dəstəyi olmadan təkbaşına İran probleminin həllinə girişməsi çox çətindir.
Bu səbəblə, düşünürəm ki, İranın birtərəfli qaydada nüvə razılaşmasından çıxması İsrail və hazırkı ABŞ administrasiyasının arzuladığı bir durumun yaranmasına səbəb olacaq. Çünki prezident Tramp həmin müqavilədən nə qədər narazı olursa olsun, hər halda ABŞ ciddi dövlətdir və imzaladığı beynəlxalq anlaşmalardan asanlıqla imtina edə bilməz.
ABŞ-ın dövlət katibi və müdafiə naziri də dəfələrlə bəyan ediblər ki, Vaşinqton İranla imzalanmış beynəlxalq müqaviləyə sadiq qalacaq. İranın müqavilədən çıxacağı təqdirdə isə ABŞ-ın da, İsrailin də əl-qolu açılacaq. Bu halda İrana qarşı təzyiqlərin gücləndirilməsi, beynəlxalq səviyyədə yeni sanksiyaların tətbiqi qaçılmaz olacaq. Əgər İran gələcəkdə nüvə proqramını bərpa edərsə və nüvə silahlı yaratmaq niyyətində israrlı olarsa, bu halda ABŞ və İsrail tərəfindən bu ölkəyə qarşı güc tətbiqi gündəmə gələcək. Bir sözlə, İranın nüvə razılaşmasından çıxması bölgədə müharibə təhlükəsini artıracaq”.
Qeyd edək ki, İrana səyahət edəcək ABŞ vətəndaşlarına səfərlərini təxirə salma təklifi edilən açıqlamada, İranda ABŞ vətəndaşlarının "haqsız yerə" nəzarətə alındığı və həbs olunduğu ifadə olunub.
Aysel Aslan