“Açıq söz”ün bölgə müxbirləri

Akif Aşırlı
O dövrün təbirincə desək "Açıq söz” məhəlli qəzet kimi nəşrə başlasa da, Çar Rusiyasının müsəlman-türk xalqlarının yaşadıqları bölgələrdə oxunur və tanınırdı. Qafqaz sərhədlərindən kənarda bu mətbu orqanın müxbirləri fəaliyyət göstərir, müəlliflər yazılarını, yaşadıqları bölgədəki yenilikləri, hadisələri "Açıq söz”ə göndərirdilər. Xarkovda, Odessada, Ufada, Orenburqda, Orta Asiyada, Türkiyədə müxbir postları fəaliyyət göstərir, müsəlman-türk xalqlarının milli ehtiyaclarını qələmə alır, problemləri göstərir, oxucuları məlumatlandırırdılar.
"Açıq söz”ün digər qəzetlərdən fərqi həm də onda idi ki, onun Azərbaycanın əksər bölgələrində daimi müxbirləri fəaliyyət göstərir, bəzən açıq, bəzən də gizlin imzalarla çıxış edirdilər. Onu qeyd etmək lazımdır ki, I Dünya Müharibəsi illərində İrəvanda, Gəncədə, Naxçıvanda, Şuşada, Şamaxıda, Lənkəranda, Salyanda, Qalabazarda (Masallı), Nuxada (Şəkidə), Ağdamda, Ordubadda, Qusarda, Qubada, Qazaxda, Tovuzda, hətta Gədəbəydə ictimai-siyasi, iqtisadi, mədəni mühiti öyrənmək üçün "Açıq söz”ün səhifələrini vərəqləməklə əhatəli informasiya əldə etmək mümkündür. Qəzetin hər bir sayında, əsasən son səhifədə yerli müxbirlər tərəfindən ən azı iki-üç bölgə xəbəri çap edilirdi ki, bu da "Açıq söz”ün əyalətlərlə müntəzəm əlaqəsini təmin edirdi. 1917-ci il inqilabından sonra bölgələrə, əyalətlərə diqqət artdı. Milli Şuralar, özünüidarəetmə orqanları, ədəbi-bədii cəmiyyətlər yaradıldı. Bu baxımdan Azərbaycanın əyalətlərindəki ictimai-siyasi vəziyyəti öyrənmək üçün ən etibarlı mənbə məhz "Açıq söz” idi. Bölgə xəbərlərinin təhlili onu göstərir ki, müəlliflər əsasən əhalinin ağır sosial-iqtisadi vəziyyəti, ərzaq qıtlığı, bölgələri bürüyən bahalıqlar, xəstəliklərə qarşı əlacsızlığını qələmə alır, yerli ziyalıların mədəni mühiti canlandırmağa təşəbbüslərinə diqqət yönəldir, məlumatlarını bu istiqamətlər üzrə oxuculara təqdim edirlər. Yerlərdə təlim-tədrisin vəziyyəti, dini təmayüllər və tanınmış ictimai xadimlərin vəfatı bölgə müxbirlərinin diqqət yönəltdikləri əsas mövzulardandır. Bəzən müəllifsiz çap olunan informasiyalar "öz müxbirimizdən” təqdimatı ilə oxuculara çatdırılırdı ki, bu da xəbər mənbələrinin etibarlılığına dəlalət edir. Təqdim olunan xəbərin hansı tarixdə, harada, nə zaman baş verdiyinə demək olar ki, tamamilə əməl olunur, dövrün jurnalistika tələblərinə, dil qayda-qanunlarına uyğun qələmə alınırdı.
Gəncədən İdris Axundzadə, İrəvandan Məhəmməd Hadi, M.Ə.Nasir, H.Yaralı, Şamaxıdan Abbas Səhhət, A.H.Hafiz, Carçı, Gədəbəydən Mirzə Sadıqzadə, Göyçaydan Hüseynəli Əliyev, M.S. imzalı müxbir, Samurdan Alxaz Dağıstanlı, İsmayıl Əfəndizadə, Zəngəzurdan S.Axundzadə, Qusardan İdris Əfəndizadə, Salyandan müəllim Yusif Qasımov, Şuşadan Məhəmməd Həsən Mirzəcamalov, Nuxadan Tərlan, Tamaşaçı, Əhmədiyyə Əfəndizadə qəzet redaksiyası ilə əlaqə quran fəal müxbirləri idi. Yerli ziyalılar, əsasən də müəllimlər əhalinin ağır sosial vəziyyətini, ərzaq məhsullarının qiymətinin durmadan artmasını, kriminal ünsürlərə qarşı zəif mübarizəni qələmə alır, elm, təhsil problemlərini diqqət mərkəzinə gətirirdilər.
İdris Axundzadə demək olar ki, həftədə iki-üç dəfə müxtəlif məzmunlu məqalələrlə "milli-mədəni mərkəziyyət” rolunu oynayan Gəncədə baş verən hadisələrə toxunurdu. Bahalığın gətirdiyi aclıq, səfalət, əhalinin müxtəlif xəstəliklərə yoluxması, şəhərdə yeni açılan məktəblər, mədrəsələrdəki problemlər, ziyalıların istəkləri, ictimai-təşkilatların fəaliyyəti onun ən çox diqqət yönəltdiyi mövzular idi. 1915-ci ilin oktyabr tarixli saylarında İdris Axundzadə Qurban bayramı münasibətilə şəhərdə imkanlı insanların qurban kəsdikləri, imkansız aildələrə payladığı xəbəri ilə yanaşı, "Nəşri-maarif” cəmiyyətinin bütün məsuliyyəti üzərinə götürərək kişilər üçün axşam kursları açdığını oxuculara çatdırırdı: "Milliyyətpərvər Ələkbər bəy Rəfibəylinin xeyirxah əməli nəticəsində və Məhəmməd Axundovun adı ilə kursların uzun müddət keçirilməsi barədə qərar verilmişdir” (30 oktyabr 1915 № 24) İ.Axundzadənin müxbir yazıları "Gəncədən” sərlövhəsi ilə təqdim olunurdu. "Gəncə bəylərinin istidası” (6 aprel 1916. №152) məqaləsində İ.Axundzadə Gəncə zadəganlarının Zaqafqaziya Zemstovasında iştirak tələbi ilə Qafqaz canişinliyinə müraciət etdiklərini xəbər verirdi: "...Gəncə quberniyası bəyləri qubernator vasitəsilə canişin həzrətlərinə müraciət edərək Zaqafqaziyada Zemstvo tətbiqi məsələsinin müzakirəsi üçün dəvət olunan 26 aprel müşavirəsinə onlar tərəfindən dəxi 2 nümayəndə buraxılması istida etmişlərdir”. Onu deyək ki, 1914-1918-ci illər Gəncənin ədəbi-ictimai və siyasi mühitini öyrənmək üçün İ.Axundzadənin yazıları tədqiqatçılara əvəzsiz faktlar verə bilər. Məsələn, 1915-ci il 13 yanvar tarixli sayında müəllif məqaləsində yazır ki, "Mövlud” bayramı bütün Rusiya müsəlmanları arasında keçirildiyi halda bu tədbirin Gəncəyə heç bir aidiyyəti yoxdur. Şəhərdə 2 xeyriyyə cəmiyyətinin, 3 dram cəmiyyəti olduğu halda bu tədbir keçirilmir. Bunu təəssüflə qeyd edən müəllif yeni bir cəmiyyətin də fəaliyyətə başlayacağından söhbət açır. Ziyalı cavanları, şairləri bir araya gətirmək üçün Gəncədə "Bilgi” cəmiyyətinin təşkil ediləcəyi xəbərini verirdi.
"Açıq söz”ün Şamaxı müxbirləri də fəallıq göstərir, bölgənin vəziyyətini təsvir edən xəbərlər, şərhlər göndərir, müharibənin insanlara vurduğu sosial ağrıları, faciələri qələmə alırdılar. A.Səhhətin bu barədə fəaliyyəti daha qabarıq görsənir. Şairin "Açıq söz”dən qabaq bir sıra mətbu orqanlarla əməkdaşlığı onu daha peşəkar qələm sahibi kimi oxuculara tanıdırdı. Qəzetin yaradıcı heyəti barədəki qeydlərdə A.Səhhətin "Açıq söz”dəki məqalələrinin istiqamət və məzmunu barədə məlumat verildiyindən bu barədə geniş danışmağa ehtiyac qalmır. A.Səhhət 1917-ci ilin əvvəllərindən başlayaraq "Açıq söz”ün əsas yaradıcı heyətin tərkibinə qatılır. Bu barədə qəzetin 1917-ci il 1 yanvar tarixli 365-ci sayında "Açıq söz” idarəsindən” sərlövhəli elan-xəbərdə məlumat verilir. A.Səhhətlə yanaşı Şamaxıdan digər müəlliflər də "Açıq söz”ün səhifələrində çıxış edirdilər. A.H.Hafiz, Carçı, Xəbərçi imzalı müəlliflər bölgədə baş verən hadisələri qələmə alır, oxuculara çatdırırdılar. (26 noyabr 1915. №95; 14 aprel 1916. № 159; 20 aprel 1916. № 164).
"Açıq söz”ün mətbu və yayım imkanı digər qəzetlərə nisbətən daha geniş olduğundan ən ucqar bölgələrdə belə könüllü müxbirləri fəaliyyət göstərirdi. Bu könüllü müxbirlərin bir çoxu müəllimlər idi. Gədəbəydən Mirzə Sadıqzadə bu bölgənin böyük təbii sərvətlərə sahib olduğunu qeyd edərək təəssüf hissi keçirirdi ki, müsəlman balalarının təhsil almaq imkanları yoxdur: "Gədəbəy Gəncə quberniyasının bir neçə yüz nüfuzlu kəndidir. Çoxu müsəlmanlardan ibarətdir. Bir dənə mis mədəni var, otuzdan çox müsəlman dükanı və bunların çoxu zənginlərindir. Vaxtilə iki dənə rus ibtidai məktəbi var idi. Zavod tərəfdə olan məktəb qapanıb. İndi uşaqlar təhsilsiz qalıblar”. Uşaqların təhsilində yaranan bu problemlərə diqqət yönəldən müəllif emosiyalara qapılaraq günahı dövlət orqanlarında deyil, milli sərvətlərlə zəngin olan sahibkarlarda görür və yazırdı: "Ay ziyalılarımız, ay zənginlərimiz məgər bu zavallıların gələcəyini düşünmürsünüz?” (11 dekabr 1915-ci il. № 59).
Qəzetin "öz müxbirimiz” kimi təqdim etdiyi Samur nahiyəsindən Alxaz Dağıstanlı bölgədə kriminal vəziyyətin dözülməz olduğunu, quldurluğun adi hal almasını ərz edirdi. (15 dekabr 1915-ci il. № 63). Yerli polis məmurlarının yarıtmaz fəaliyyətini ciddi tənqid edən müəllif dinc əhalinin bu dözülməz vəziyyətlə üz-üzə qaldığını məsul şəxslərin diqqətinə çatdırır, qeyd edirdi ki, təcili tədbir görülməsə, bu dövlət idarələrinə inamsızlıq yaradacaq.
Bakını, Tiflisi, Gəncəni bürüyən ərzaq çatışmazlığı, süni qiymət artımı, tacirlərin oynadıqları mənfur rol bölgələrdə də öz acı təsirini göstərirdi. Şuşadan, Gəncədən, Qazaxdan, Ağdaşdan, İsmayıllıdan, Samurdan, Naxçıvandan, Ordubaddan göndərilən oxucu məktublarının, bölgə müxbirlərinin yazılarının böyük əksəriyyəti aclıq, səfalət və bahalığa həsr olunurdu. Müəlliflər bəzən problemləri açıq şəkildə göstərdiklərinə, mənfi rəy yaratdıqlarına görə, yerli məmurlar tərəfindən cəzalandırılacaqlarından çəkinir, açıq imza ilə yazmırdılar. Məsələn, Nuxadan təxəllüsü "Tərlan” olan müxbir il yarım davam edən, qiyamət qoparan müharibənin ağır fəsadlarının Şəkiyə də ayaq açdığını bildirir və ironiya ilə yazırdı: "Bahalıq, qəhətlik şəhərimizə də gəldi” (9 dekabr 1915-ci il. № 57).
Bölgələrdəki vəziyyət barədə oxucuları məlumatlandırmaq üçün Tiflis və Bakının rusdilli mətbuatının dərc etdikləri xəbərləri tərcümə edən "Açıq söz”çülər bununla həm öz müxbirlərini təzyiqlərdən qoruyur, həm də senzuranın qayçısından yayınırdılar. Qəzet 16 mart 1916-cı il 134-cü sayında Qazaxdan "B” (yəqin ki, "Bakinets” olar - A.A.) qəzetinin çap etdiyi xəbəri tərcümə edərək əhalinin ağır vəziyyətini göstərirdi: "B” qəzetəsi xəbər verir ki, fevralın axırlarında Qazaxda iribuynuzlu heyvanlar taun xəstəliyinə tutulub qırılmışdır. Qazaxda çox bahalıqdır. Soğan 25, ərinmiş yağ 1 manat 20 qəpik, çörək 7 qəpiyə satılır. Un yoxdur”. Yenə bu qəzetə istinadən Şəkidəki vəziyyətin ağırlığı diqqətə gətirilir, əhalini ərzaqla təmin etməli olan məmurların heç bir fəaliyyət göstərmədikləri tənqid olunurdu: "B” qəzetəsinin Şəki müxbiri məzkur şəhərin bahalığından yazır ki, əhalinin qeydinə qalmaq üzrə şəhər idarəsi hələ sentyabr ayından naryad istəmişdir ki, Şimali Qafqaziyadan taxıl və un gətirsin. Ancaq bu 7-8 ayda heç bir dənəsini də gətirməmişdilər”. (7 aprel 1916. № 153).
Ordubaddan məktub göndərən oxucu da Şəkidəki eyni vəziyyətin onların şəhərində də yaşandığını qeyd edir: "Ordubada bahalıq get-gedə şiddət edir. Lazımi şeylərin qiyməti birə-üç artmışdır. Bəzi şeylər qəhətə çıxmışdır”. (7 aprel 1916. № 153).
(Davamı var...)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb