Ağır cinayət törətməyənlərə şans veriləcək

Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı qanun layihəsi təqdir olundu


Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı qanun layihəsi Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi ilə bağlıq ölkə başçısının təqdim etdiyi təkliflər Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edir. Cinayət Məcəlləsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlərin (ümumilikdə 10-dan artıq cinayət tərkibinin) dekriminallaşdırılması təklif edilir. Eyni zamanda mülkiyyət əleyhinə olan əməllərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin beş dəfə - 100 manatdan 500 manata kimi artırılması nəzərdə tutulub.



Bu təkliflər qəbul edilərsə, bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçəcək. Təkliflər Cinayət Məcəlləsinə yeni cəza növünün daxil edilməsini də nəzərdə tutub. Bunun azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədi daşıdığı bildirilib. Təklifdə Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışma institutunun təkmilləşdirilməsi də nəzərdə tutulub.

20-dən artıq cinayətdə zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunur. Qanun layihəsi təklifi narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayəti törətmiş şəxslərin xəstə kimi qəbul edilməsini nəzərdə tutur.
Layihəyə görə, satış məqsədi olmadan narkotik vasitə əldə etmiş, əməlində başqa cinayət tərkibi olmayan narkomanlara stasionar qaydada tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq ediləcək. Şəxs sağaldıqda cinayət məsuliyyətindən azad ediləcək. Bu qaydada məsuliyyətdən azad edilmək imkanı şəxsə yalnız bir dəfə veriləcək.

Qeyd edək ki, sözügedən təkliflər cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu qanun layihəsinin qorxulu olduğunu hesab edən bir qrup şəxslər hesab edir ki, reallaşacağı halda bu dəyişikliklər ölkədə baş verən cinayətlərin sayının daha da artmasına rəvac verə bilər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev ölkə başçısının bu təklifinin humanistlikdən gələn bir addım kimi qiymətləndirib: "Prezidentin bu təşəbbüsünün ən mühüm tərəfi odur ki, müəyyən cəza növləri var ki, onlarla bağlı birbaşa cəza müəssisələrinə hökmləri yumşaltmaq və cəmiyyətdən təcrid etməmək hallarına səlahiyyət veriləcək. Yəni cinayətkarın tutduğu əmələ görə cəmiyyətdən təcrid edilməməsi mümkündürsə, belə hökmlər çıxarılacaq. Belə ki, bilməyərəkdən cəza törədildikdə müxtəlif alternativ cəzalar və cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etməmək üçün müəyyən şəraitin yaradılması nəzərdə tutulur. Bu alternativ cəzaların verilməsi və prosesə daha dəqiq nəzarət edilməsi üçün Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılacaq və bu zaman bir sıra inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə ediləcək. Normal Azərbaycan cəmiyyətində yer tutmaq, yaxud da cəza çəkdikdən sonra yenidən ictimai həyata qayıtmaqdan ötrü böyük şərait yaradılacaq. Bu sərəncam Azərbaycana mühüm yeniliklər gətirəcək, müəyyən müəssisələr qurulacaq, cinayəti törətməkdən çəkindirən hallar işə düşəcək və ölkədə penitensiar sahədə müəyyən islahatlara start veriləcək. Cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılmasında iki istiqamət əsas götürüləcək: məhkəmələrin cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutması və qanunvericiliyin təkmilləşdirilməsiylə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması”.

Millət vəkilinin sözlərinə görə, hazırlanacaq yeni qanun layihələri ilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə halları məhdudlaşdırılacaq: "Bu, cəzaların və qətimkan tədbirlərinin tətbiqinə elektron vasitələrlə nəzarət həyata keçiriləcək. Bir sözlə, aparılan hüquqi islahatlar və kompleks tədbirlər nəticəsində cinayətlər dekriminallaşdırılacaq, korrupsiyaya şərait yaradan hallar aradan qaldırılacaq”.

"İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri, vəkil İradə Cavadova isə "Şərq”ə açıqlamasında qanunvericilikdə konkret hansı maddələrə dəyişiklik ediləcəyi ilə bağlı açıqlama verilmədiyi üçün fikir bildirməyin çətin olduğunu deyib: "Amma onu deyə bilərəm ki, cinayət qanunvericiliyində narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayəti törətmiş şəxslərə qarşı münasibətin dəyişdirilməsinə doğrudan da ehtiyac vardı.

Qanunsuz olaraq narkotik vasitə əldə etmə (234.1-ci) maddəsinin yüngülləşdirilməsi ilə bağlı biz dəfələrlə təkliflər vermişik ki, bu maddə ilə təqsirləndirilən şəxslər azadlıqdan məhrumetmə ilə cəzalandırılmasın. Cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları bu maddə ilə cəza çəkən şəxslərlə doludur. Bir çox hallarda hüquq-mühafizə orqanlarında bu maddə ilə bağlı sui-istifadə hallarına yol verilir. Bu cür məsələlərdə diqqətli olmalıdır. Əgər vətəndaş az miqdarda narkotik maddə ilə tutulubsa belə, onun miqdarı çoxaldılır. Məhz bu kimi səbəblərdən təklif edirdik ki, narkotik vasitəyə görə saxlanılan şəxsləri həbs etmək yox, onları müalicəyə yönəltmək lazımdır. İlk dəfə üzərində narkotik maddə aşkarlanan şəxslər belə həbs olunur, onlar da cəzaçəkmə müəssisələrində spid xəstəliyinə yoluxurlar. Halbuki satış məqsədi olmadan narkotik vasitə əldəetmə cinayətini ilk dəfə olaraq törətmiş, əməlində başqa cinayət tərkibi olmayan narkomanlar barəsində stasionar qaydada tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilməlidir. Həmin şəxs sağaldıqdan sonra eyni əməli törədərsə, ancaq o zaman cinayət məsuliyyətinə cəlb edilə bilər”.

Cinayət qanunvericiliyinin humanistləşdirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən vəkil hesab edir ki, törətdiyi əməl o qədər də ağır olmayan şəxslərə bir şans vermək lazımdır ki, bəlkə də peşman olub özləri-özlərini islah edərlər. Həbsxanaya düşdükdən sonra insanların normal həyata adaptasiya olunması elə də asan olmur: 

"Bildiyim qədər ilə dələduzluq faktları və başqasının əməlini mənimsəməyə görə, cinayət məsuliyyəti yaradan məbləğin beş dəfə, yəni, 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Bu və Cinayət Məcəlləsində nəzərdə tutulmuş, zərərçəkmiş şəxslə barışmanın daha da təkmilləşdirilməsi yaxşı haldır. Barışıq olandan sonra ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanının müəyyən edilməsinin nəyi pisdir ki? Fikrimcə, sözügedən dəyişikliklərin qəbul edilməsi cəmiyyətdə heç bir fəsad yaratmayacaq. Söhbət ağır cinayətlərdən getmir ki, cinayət məsuliyyətindən azadetmə imkanının müəyyən olunması kriminal hadisələrin sayının artması ilə nəticələnsin. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərlə bağlı Cinayət qanunvericiliyinin humanistləşdirilməsi vəkillər tərəfindən qəbulolunandır. Artıq məhkəmələrin də qanunvericilikdən sui-istifadə hallarına son qoyulacaq”.

Şəymən