Aqşin Yenisey “Novruz mühazirələri”nə etiraz etdi

“Tonqal qalamağın, it boğuşdurmağın, papaq atmağın sirlərini öyrənməklə biz elə XXI əsrin də ən qədim xalqı olaraq qalacağıq”“Bu gün Azərbaycandan Türkiyəyə, İsrailə, Almaniyaya ən ağır diaqnozla gedən xəstələri bilirsinizmi kim sağaldır o xəstəxanalarda? Adi universitet tələbələri, praktikantlar”
Təhsil Nazirliyi Novruzun ilk çərşənbəsindən etibarən "Novruz mühazirələri”nə start verir. Nazirlikdən verilən məlumata görə, mühazirənin ilk qonağı Xalq yazıçısı Çingiz Abdullayev olacaq. Fevralın 21-də Muğam Klubunda keçiriləcək mühazirədə Ç.Abdullayev "Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” adlı mühazirə oxuyacaq. Mühazirələrə giriş sərbəstdir.
Təhsil Nazirliyinin bu təşəbbüsü ilə bağlı "Şərq”ə açıqlama verən şair Aqşin Yeniseyin sözlərinə görə, dünyada heç bir mütəxəssisi öz ölkəsinin adət və ənənələrini nə qədər dərindən mənimsədiyi üçün dəyərləndirmirlər. Şair hesab edir ki, bu işi Təhsil Nazirliyi yox, hansısa xırda qeyri-hökumət təşkilatları görməlidir. Təhsil Nazirliyi isə maraqlı olmalıdır ki, uşaqların diqqətini adət və ənənələrdən yayındırıb elmə yönəltsin, amma əksini edir: 
Uşaq Novruz ənənələrindən nə öyrənəcək, papaq atmaqmı, qapı pusmaqmı, yumurta döyüşdürməkmi? 20 mart günündən başqa hansı gün bizə bu ənənələr lazımdır? Bizdə hələ də təhsilin özü yoxdur, onun imitasiyası, ab-havası var. Universitetlərimizin buraxdığı kadrlar kimə lazımdır? Bir əcnəbi öz həyatını bizim Tibb Universitetini bitirmiş həkimə etibar edərmi? Bu suallara cavab verilməlidir”.
Ölkədə beynəlxalq səviyyəli bir şou proqram hazırlananda bütün yaradıcı heyətin xarici ölkələrdən, həm də ən yüksək məbləğə dəvət olunduğunu vurğulayan A.Yenisey deyib ki, hətta hoqqabazlıq etməyə belə yerli mütəxəssis tapa bilmirik: 
"Bu gün Azərbaycandan Türkiyəyə, İsrailə, Almaniyaya ən ağır diaqnozla gedən xəstələri bilirsinizmi kim sağaldır o xəstəxanalarda? Adi universitet tələbələri, praktikantlar. Bu məsələlərə diqqət göstərmək lazımdır. Yoxsa, tonqal qalamağın, it boğuşdurmağın, papaq atmağın sirlərini öyrənməklə biz elə XXI əsrin də ən qədim xalqı olaraq qalacağıq”.
Təhsil eksperti Kamran Əsədov isə dünyanın bir çox ölkələrində belə mühazirələrin təşkil edildiyini deyib. Ümumiyyətlə, Təhsil Nazirliyinin sözügedən layihəsinin kifayət qədər uğurlu olduğunu vurğulayan ekspert belə mühazirələrin gənclərin elmə marağının və intellektual səviyyələrinin artırılmasına, onların hərtərəfli dünyagörüşünün formalaşdırılmasına xidmət etdiyini deyib: 
"Mən hamını təbrik etmək istəyirəm - bu, təkcə bayram təbriki yox, eyni zamanda tədbir münasibəti ilədir. Bu, hər bir imkandan istifadə etmək, bilik artırmaq, yeni informasiya almaq baxımından vacib bir tədbirdir. Mənim özüm də bu mühazirələrdə dinləyici kimi iştirak etmişəm. Mənim üçün bu mühazirədə iştirak etmək çoxlu sayda yeni məlumat əldə etməklə nəticələndi. Ona görə ki, auditoriya da fərqli idi və mühazirə deyənlər bu sahənin inkişafı üçün böyük töhfələr vermiş, təcrübəli insanlardır.
Bu təşəbbüsü irəli sürdüyünə görə Təhsil Nazirliyinə öz təşəkkürümü bildirirəm. Əldə etdiyimiz ən vacib nəticə odur ki, belə mühazirələri geniş tələbə kontingenti üçün keçirməliyik. Hesab edirəm ki, hər fakültə və kafedra öz istiqamətinə uyğun mühazirələr təşkil etsə, daha faydalı olardı”.
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında gənclərin elmə marağının artırılmasının əsas məqsəd kimi qarşıya qoyulduğunu deyən K.Əsədov qeyd edib ki, Təhsil Nazirliyinin "Elmdən təhsilə” təşəbbüsünə uyğun olaraq keçirilən "Novruz mühazirələri” elm adamlarının yenilikləri paylaşması, gənclərin yeni biliklərə yiyələnməsi üçün əlverişli imkan yaradıb. Bu layihə həm də gənclərin tədqiqatçılıq bacarıqlarının, elmi potensialının inkişaf etdirilməsinə mühüm töhfə oldu: 
"Mənim üçün bu mühazirələr ictimaiyyətin məlumatlandırılması, müasir təhsildəki yanaşmaların cəmiyyətə çatdırılması baxımından çox gözəl bir başlanğıcdır. Arzu edərdim ki, bu təşəbbüs ənənə halını alsın. Bu həm də simvolik xarakter daşıyır. Yəni ki, təzə ilin, ab-havanın gəlməsi ilə ötən ilə müəyyən dərəcədə bir qiymət verib, yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir. Əksər dinlədiyim mühazirələr öz aktuallığı ilə diqqəti cəlb edir. Burada müasir yanaşmalara dair fikir mübadiləsi aparılır”.
Şəymən