Hikmət Hacıyev: Yekun sülhün imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik

"Yaxşı xəbər ondan ibarətdir ki, Qafqazda sülh və təhlükəsizlik var. Əgər Qafqazda təhlükəsizlik və sülh təmin olunmasaydı, yəqin ki, regionumuzda tamamilə fərqli vəziyyət və reallıqlarla üzləşə bilərdik".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışında deyib.

O qeyd edib ki, Yaxın Şərq regionunda gördüyümüz qeyri-sabitlik potensial olaraq bizim regionumuza da yayıla bilərdi:

“Buna görə də regionun müəyyən immuniteti var və Ermənistan-Azərbaycan arasında uzun illər davam edən münaqişə həll olunub.

Azərbaycan burada strateji səbir və liderlik nümayiş etdirdi. Biz həmişə deyirdik ki, müharibəni qazanmışıq, amma daha vacib məsələ sülhü də qazanmaq idi. Bu, həqiqətən də böyük səylər tələb edən bir prosesdir. Bunun üçün strateji düşüncə, səbir və Prezident İlham Əliyevin liderliyi lazım idi. Sülhə nail olduğumuz üçün şadam.

İlham Əliyevin qeyd etdiyi kimi, biz sülh şəraitində yaşayırıq, hətta sülh şəraitində yaşamağı öyrənirik”.

H.Hacıyev əlavə edib ki, faktiki olaraq bölgədə sülh var:

“Lakin sülh yalnız kağız üzərində qalmamalıdır. Biz həmçinin “Yaxşı Cümə” Sazişindən mühüm dərslər çıxarırıq. Orada da sülhün yerdə həyata keçirilməsi üçün çox fəal işləmək lazım idi.

Biz yalnız bir son məsələni gözləyirik: Ermənistan Konstitusiyasının Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişdirilməsindən sonra düşünürəm ki, yekun sülhün imzalanması reallığa çevriləcək”.

Prezidentin köməkçisi İranla bağlı məsələyə də diqqət çəkib: "Hazırkı dalana dirənmiş vəziyyətin sülh yolu ilə və danışıqlar vasitəsilə həlli perspektivlərinin görünməməsindən biz də təəssüf edirik. Eyni zamanda, ətraf regionda uzunmüddətli nisbi qeyri-sabitliyə hazırlaşırıq”.