Ayrı-seçkilik qanunlara ziddir

Kirayədə yaşayan uşaqların 1-ci sinfə qəbuluna əngəl yaradılmamalıdır



Birinci sinfə qəbulda problemlə üzləşənlər var. Bunlar əsasən paytaxtda kirayədə yaşayanlardır. Məlumdur ki, martın 15-dən etibarən 2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin 1 sinfinə şagird qəbulu başlayıb. Yeni qaydalara əsasən valideynlər 6 yaşı tamam olmuş uşaqlarının I sinfə qəbulu üçün yaşadıqları ərazi üzrə təqdim olunan məktəblərdən birində elektron qeydiyyatdan keçməlidir.

Rayon qeydiyyatında olan, lakin iş üçün Bakıda kirayə qalan ailələr isə övladlarını hər hansı məktəbdə elektron qeydiyyatdan keçirməkdə çətinlik çəkirlər. Çünki bu il I sinfə qəbulla bağlı edilən dəyişikliklərdən biri də paytaxt sakinlərinin yalnız qeydiyyatda olduğu ərazi üzrə olan məktəblərdən birində onlayn müraciət yerləşdirməsidir.

Elə problem də burada yaranır. Əgər sinifdə sıxlıq varsa, ərazi üzrə qeydiyyatda olan uşaqlar üstün götürülür. Qeydiyyatı olmayanlara isə digər məktəbləri seçmələri tövsiyə edilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BAKU.WS-a açıqlamada bildirilib ki, paytaxtda kirayədə yaşayanların övladları yaşadıqları ərazi üzrə məktəb seçə bilərlər: "Lakin Bakıda kirayədə yaşayan vətəndaşların övladları üçün yaşadıqları ərazi üzrə seçdikləri məktəbdə sıxlıq olduğu halda həmin vətəndaşlardan cıxlıq olmayan digər məktəbləri seçmək tövsiyə olunur”.
Təhsil İdarəsindən bildirilib ki, I sinfə şagird qəbulu üzrə www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə Bakıda kirayədə yaşayan vətəndaşların övladları da ümumi qaydada qeydiyyatdan keçməlidirlər.

Təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov "Şərq”ə açıqlamasında vətəndaşlar arasında ayrı-seçkilik yaradılmasının qəbuledilməz olduğunu dedi:

- Birinci sinfə qəbul 2 ildir ki, elektron qaydada həyata keçirilir. Bu da çox müsbətdir. Buna qədər məktəblər özləri qəbulu həyata keçirirdi və neqativ hallar ortaya çıxırdı. Amma indi də müəyyən boşluqlar var. Birinci sinfə, ümumiyyətlə məktəbə qəbul zamanı heç bir məhdudiyyət olmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyası, "Təhsil haqqında” qanun ölkənin hər bir sakininin, bütün uşaqların təhsil almaq hüququnu tanıyır. Kim kirayədə yaşayır, kimin paytaxta qeydiyyatı var, kimin yoxdur, bunların heç biri uşağın təhsil almaq istədiyi məktəbə qəbulunu əngəlləməməlidir. Məcburi köçkün ailələrimiz var, belə çıxır ki, həmin ailələrin uşaqları yalnız "qaçqın məktəbi”ndə təhsil almalıdır?! Belə ayrı-seçkilik Konstitusiyaya da, "Təhsil haqqında” qanuna da ziddir. Kim harda təhsil almaq istəyir, hansı məktəbdə oxumaq istəyirsə, ona maksimum şərait yaradılmalıdır. Statistikaya nəzər salsaq, birinci sinfə qəbulda heç bir problem yaşanmamalıdır. Çünki statistikaya əsasən birinci sinfə qəbul ediləcək uşaqların sayı 150 mindən çoxdur. Bunların hamısı Bakıda yaşamır. Bakının payına düşən 40 min nəfərdir. Orta məktəblərin sayı isə Bakıda 311-dir. 40 mini 311 məktəb arasında bölüşdürəndə heç bir sıxlıq problemi görünmür. Təəssüf ki, şagird sıxlığı məsələsi bəzən süni qabardılır. Valideynləri əvvəlcə sıxlıq adı altında yola salır, sonra isə müəyyən qarşılıq əsasında uşaqları məktəbə qəbul edirlər.

K.Əsədov qeyd etdi ki, paytaxtda qeydiyyata düşməmək sonradan ailəyə ciddi problemlər yaradır:

- Bu məsələdə vətəndaşların səhlənkarlığı da rol oynayır, eyni zamanda qanunlardakı boşluqlar da. Hansısa rayon mərkəzindən, bölgədən Bakıya müvəqqəti məskunlaşmağa gəlmiş vətəndaş 1 ay sonra daimi qeydiyyata düşməlidir. Amma bizim vətəndaşlar bunu etmir. Hansısa səbəblərdən, bəzən də, sadəcə səhlənkarlıqdan, məsuliyyətsizlikdən. Əslində isə, gəldiyi gündən 1 ay müddətində daimi qeydiyyata düşməyən vətəndaş cərimə edilməlidir. Qeydiyyata düşməmək insanları bir çox problemlərlə üz-üzə qoyur. Təhsil, sığorta, səhiyyə xidmətlərindən istifadə edə bilmirlər. Amma bunun təhsilə heç bir aidiyyəti olmamalıdır. Təhsil hamı üçün əlçatan olmalıdır. Uşaqlar arasında da ayrı-seçkilik qoyulmamalıdır.

Məlahət Rzayeva