Azərbaycan ədəbiyyatı tarixi elminin sönən işığı
və ya müəllimim, professor Abdulla Abasovun vəfatına dərin hüznlə
Azərbaycandan ayrıldığım zamandan bəri sırf mətbuatda yazı ilə çıxış etmək üçün bir “Word” səhifəsi açdığımı çox xatırlamıram. Bunu sonuncu dəfə Əhməd bəy Ağaoğlunun vəfatının ildönümü ilə bağlı etmişdim yəqin ki. O da bir il bundan öncə. Sözün düzü, bu səhifəni bu məqsədlə açmaq da istəməzdim, amma düşündüm ki, bir tələbə olaraq son vəzifəmi yerinə yetirməliyəm. Bəli, Abdulla müəllim üçün son vəzifə...
Fevralın 23-də dəyərli alim, gerçək pedaqoq, Azərbaycan ədəbiyyatının ciddi araşdırmaçısı, Bakı Dövlət Universiteti Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Abdulla Abasov vəfat etdi. Bəlkə də, bu aralar ölüm xəbərlərinə çox öyrəşdiyimiz bir zamandır, lakin fərq etmir, nə qədər adiləşsə də, bəzi ölümlərin kədər qaynağı təkcə həyatdan gedilməsi deyil. Bu insan alimdirsə və ən önəmlisi, gerçək alimdirsə, o zaman üzülmək üçün çox başqa səbəblər ortaya çıxır.
Abdulla məllim mənə 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alarkən, təhsilimin I kursunda “Azərbaycan ədəbiyyatı – 2” fənninin “Müasir Azərbaycan ədəbiyyatı” bölümünün mühazirələrini deyib. Abdulla müəllim üçün “mühazirə deyib” ifadəsini işlətmək, məncə bir az da düzgün deyil. Professor bu mühazirələri yaşayırdı. O, müasir Azərbaycan ədəbiyyatı araşdırmaçısı, ya da müəllimi olmaqdan əlavə, müasir Azərbaycan ədəbiyyatı araşdırmalarının özü, canlı arxivi idi. Yaşlı idi Abdulla müəllim bizə dərs deyəndə, bəlkə də 80-i haqlamışdı. Amma bir dəfə də olsun onun oturaraq dərs keçdiyini görmədim, hər zaman ayaq üstə, dərsi özünəməxsus xitabla danışardı. Bir də əzbər şeirləri. Azərbaycan ədəbiyyatından nümunələr verərkən, elə mühazirə deyərkən də nə bir kitaba, nə də bir konspektə baxardı. Şeirləri əzbər oxuyar, əsərlərin mövzusunu heç yerə baxmadan danışardı bizim üçün. Əlavə müzakirələr açmaz, boş söhbətlər etməz, yalnızca elm-ədəbiyyat olardı mövzusu. Düşünürsünüz ki, belə olmalı idi onsuz da, niyə bunu çaşqınlıqla qarşılayırıq? Məsələ müasir Azərbaycan elmi, alimliyi və pedaqoqluğudursa, bəli, çaşqınlıqla danışırıq, çünki onların sayı çox azdır. Fakültə cədvəllərində adının qarşısına “prof.” yazılan saysız-hesabsız insanlar var. Amma nə professor, nə alim?! Ən fərqli və saxta yollarla adının qarşısına bu statusu yazdıra bilən hər kəs Abdulla müəllimlə eynidirmi? Olmaz, ola bilməz. Odur ki Abdulla Abasov Azərbaycanın, Bakı Dövlət Universitetinin, o fakültələr və kafedraların görüb-tanıya biləcəyi nadir gerçək alimlərdən idi.
Abdulla müəllimin vəfatını öyrənərkən həm də fakültənin ondan dərs almamış, bu fürsəti əldə etməmiş tələbələrinin adına üzüldüm. Çox təəssüf ki, bu gün gənclərin inkişafında heç bir rolu olmayacaq insanlarla, sırf biriləri öz nüfuzlarını möhkəmləndirə bilsin deyə anlamsız görüşlər keçirilir. Lakin Abdulla müəllim o gənclərə tanıdılmır. Məsələn, onun dərslərə girmədiyi ingilis bölməsi tələbələri belə bir professorla tanış ola bilmədikləri üçün nə qədər şey itiriblər, bunu hər haldaAbdulla müəllimin tələbəsi olmuş insanlar bilərlər.
Abdulla Abasov və onun qızı, eyni zamanda müəllimim olmuş, daha sonra mənim ən yaxın insanlarımdan birinə, ən səmimi dəstəkçimə çevrilmiş Sevinc Abasova ilə 2014-cü ildən bu ilə qədər də əlaqə saxlayırdıq. Ən çox Sevinc xanımla ünsiyyətdə olurduq, hər söhbətimizdə Abdulla müəllimə xüsusi salam göndərirdim, heç gözləmirdim bu son xəbəri, aldığımda heç inana da bilmədim. Sosial medianın bu gün ictimai rəyi, gerçək qavrayışı göstərdiyinə inanırıq. İstər universitetin rəsmi səhifəsi, istərsə də digər paylaşımlardan heç birində mənfi bir rəyə rastlamamaq, bəlkə də budur bir insan üçün ən gözəl ölüm. Onu tanıyanlar həm bir şəxsiyyət, həm müəllim, həm də alim kimi ölümünə üzüldülər. Təbii ki anlayanlar, bilənlər, fərqində və dəyərində olanlar.
“Hər ölən insan yaşayanların bir parçasını da öldürmüş olur” -, deyə bir ifadə var. Mütləqdir ki, Abdulla müəllimin ölümünə ən çox onun ailə üzvləri, övladları, nəvələri üzülüblər. Lakin Abdulla Abasov yalnızca ən yaxınında olanların bir parçasını öldürmüş olmadı, Azərbaycan elmi, ədəbiyyat araşdırmaları, tarixi, pedaqogikasının önəmli bir parçasını özü ilə apardı. Gerçək alim ölümünə bu qədər çox pis olmağımızın, bunu dərk etməyimizin əsas səbəblərindən biri də məhz onların davamçılarının varlığı problemidir.
Bu irsi daşımalı olanlar, irsə varis olmağı bacarmaları gərəkənlər neçə nəfərdirlər? Var olanlara da bu irsi davam etdirmək üçün nə dərəcədə imkan yaradılacaq? Onlara necə dəyər veriləcək? Onlar da saxtakar professorların həyatda özünə “yer tutmaq” naminə əlaltıları olub getdikdən sonra Abdulla Abasov elmini kimlər yaşadacaqlar? Bunlar böyük suallardır...
Bu gün Abdulla müəllimin yetişdirdiyi, dərs dediyi tələbələrin sayı neçə yüzü aşıb, bilmək olmaz. Bu şansı, dəyəri anlayan-anlamayan hamısı şanslıdırlar, sadəcə bəziləri duyur, bəziləri isə duymurlar. İnsanlar digərləri tərəfindən fərqli cür qiymətləndirilir, amma əsas olan insanın özünün gördüyü işlər və özünü necə dəyərləndirdiyidir, başqalarının necə dəyərləndirməsi onun gerçək dəyərindən heç nəyi əskiltmir və ya artırmır. Abdulla müəllim də öz gördüyü işlərlə dəyərini biçmiş bir şəxsiyyətdir.
Bu yazının yazıldığı gün professor Abdulla Abasov aramızda yoxdur, amma onun bizə və Azərbaycan elminə öyrətdikləri var: onlar məhz biz özümüzük, biz onun əsərlərinin bir parçasıyıq. Özü soyuq, elmi hüzuru isti olan Ərzurum şəhərindən buruq bir hisslə ruhunuza ithaf edirəm bu cümlələri, gerçək professor. Ruhunuz hüzur içində, irsiniz nəsildən-nəsilə daşınan olsun! Allah rəhmət eləsin!
Nurlan Ağa (Salamov),
Ərzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutunun doktorantı