Azərbaycanda dayanıqlı siyasi sabitlik var

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Sosial və siyasi aktivlik cəmiyyətin inkişafı deməkdir



İstənilən cəmiyyət üçün ən mühüm amil vətəndaşların sosial və siyasi fəallığının artırılmasıdır. Əlbəttə, sual oluna bilər ki, normal və problemsiz bir cəmiyyətdə insanların sosial və siyasi fəallığının artırılmasına nə ehtiyac var? Əslində bu sual sosioloqları uzun müddət düşündürüb və bununla bağlı müxtəlif rəylər ortaya çıxıb. Amma prinsipial olaraq iki xətt əsas olaraq qəbul olunub. İlk növbədə "sosial-siyasi aktivlik cəmiyyətin inkişafıdır” formuluna diqqət ayıraq.

Bu prinsipi qəbul edən düşüncə sahiblərinin fikrincə, cəmiyyət o zaman inkişafda olur ki, bu quruluşda yeni ideyalar, fəlsəfi baxışlar, müasir proqramlar ortaya çıxsın. Yəni sosial və siyasi fəallıq çoxaldıqca, cəmiyyətdə təşəbbüskarlıq elementləri də artır, nəticədə rəqabətlilik sistemi inkişaf edir. Azərbaycan dövlətinin başçısı İlham Əliyev istənilən şəraitdə iki məsələyə xüsusi diqqət ayırır. Elə dövr olub ki, Prezidentin təlimatı ilə büdcə tamamilə sosial layihələrə istiqamətlənib. Xüsusən, regionların inkişafı vacib məsələ kimi dövlətin əsas vəzifəsinə çevrilib. Şübhəsiz, burada məqsəd aydındır. Nə olursa-olsun Azərbaycan vətəndaşının sosial fəallığı artırılmalıdır. Çünki sosial və siyasi fəallıq ölkənin inkişafı deməkdir. Bununla yanaşı, Prezident qısa zaman ərzində bir sıra beyin mərkəzlərinin yaradılmasına, strateji təşkilatların formalaşmasına nail oldu. Bu isə cəmiyyətdə siyasi-ictimai ideyaların yaranmasını təmin etdi. İlk zamanlar sahibkarlar düşüncə mərkəzlərinə vəsait ayırmağa maraqlı deyildilər. Ancaq zamanla anladılar ki, ideyasız biznes şəbəkəsi yaratmaq müasir cəmiyyətdə mümkünsüzdür. Qısaca, cəmiyyətin formalaşması, normal biznes mühitinin yaradılması üçün vətəndaşların sosial və siyasi fəallığının artırılması əsas şərtdir.

"Yaranmış boşluğu təhlükəli ünsürlər, radikal qruplar doldurur”

Vətəndaşların sosial və siyasi fəallığının artırılmasının digər mühüm əhəmiyyəti dövlətin milli təhlükəsizliyi və özünümüdafiəsi ilə bağlıdır. Hazırda Azərbaycan müharibə şəraitindədir və torpaqlarımızın 20 faizi işğal edilib. Belə bir məqamda ən vacib məsələlərdən biri sözsüz ki, cəmiyyətin aktivliyi və səfərbər olunmağa hazırlığıdır. İnkişaf etmiş ölkələrdə belə insanların sosial və siyasi fəallığının artırılmasında güdülən əsas məqsəd məhz yadelli işğal faktının nəzərə alınmasıdır. Ekspertlərə görə, cəmiyyətdə insanların sosial və siyasi fəallığı yoxdursa, bu boşluğu zərərli və təhlükəli ünsürlər, radikal qruplar doldurur. Ətrafa biganə olan insan heç bir halda özünüqoruma təfəkküründə ola bilməz. Bəs Azərbaycanda bu durum necədir? Uzağa getməyək, ötən ilin aprel ayında Dağlıq Qarabağda atəşkəs rejimi ciddi şəkildə pozuldu. Nəticədə, demək olar ki, Azərbaycan cəmiyyəti bütövlükdə ayağa qalxdı və minlərlə insan Müdafiə Nazirliyinə müraciət edərək könüllü hərbi xidmətə getmək istədiklərini bəyan etdi. Bu, artıq cəmiyyətin bütövlükdə sosial və siyasi fəallığının bariz nümunəsi idi. Amma Azərbaycanda bu proseslərin baş verdiyi məqamda Ermənistanda ermənilər etiraz aksiyası keçirməklə Dağlıq Qarabağda savaş aparmağa etirazlarını bildirirdilər. Çünki erməni cəmiyyətinin aktivliyi hakimiyyətin əli ilə sıfır həddinə salınıb. Azərbaycanda isə insanlar həmin vaxt özlərini prosesin ən aktiv zümrəsi hesab etdilər. Ümumiyyətlə, Azərbaycan toplumu ümumilikdə aktiv təbəqə kimi qəbul olunmalıdır. Milli azadlıq hərəkatında bunun şahidi olmuşuq. 1990-cı il 20 yanvar gecəsi dünyada vətəndaşların sosial və siyasi fəallığının ən gözəl nümunəsi kimi də dəyərləndirilə bilər. Çünki həmin gün uşaqdan-böyüyə hamı azadlıq hərəkatının bir iştirakçısına çevrildi. Əlbəttə, bunun kökündə siyasi fəallıq dayanırdı.

"Vətəndaşlar hər şəraitdə dövlətin və millətin maraqlarından çıxış edirlər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, tanınmış siyasi-ictimai xadim Elçin Mirzəbəyli bildirib ki, müstəqilliyimizdən ötən 26 il ərzində Azərbaycanda dövlətçilik şüurunun formalaşması, vətəndaşların fəallığı istiqamətində çox ciddi işlər görülüb: "Azərbaycan vətəndaşları 20 il öncəsindən fərqli olaraq dünyada gedən prosesləri daha yaxşı dərk edirlər.

Vaxtı ilə Qərbdən gələn hər kəsə "demokratiyanın carçısı” kimi yanaşırdılar. Qonşularla bağlı nostalji hisslərə qapılırdılar. Amma zaman keçdikcə, bütün dövlətlərin sadəcə öz maraqlarına xidmət etdiklərinin, bəzən "demokratiya” adı altında ayrı-ayrı ölkələrə "raket” zərbəsi endirildiyinin, böyük ərazilərin məhv edildiyinin şahidi olduq. Baş verən proseslər ölkə vətəndaşlarında ciddi və realist qənaət formalaşdırdı. Xalqımız gördü ki, indiki dünya dəyərlər üzərindən deyil, birbaşa maraqlar üzərindən idarə olunur. Ona görə də vətəndaşlarımız hər şəraitdə dövlətin və millətin maraqlarından çıxış edirlər. İnsanlarımız milli maraqları şəxsi mənafelərindən daha üstün tuturlar, bir çox məsələlərdə həmrəylik nümayiş etdirirlər. Hesab edirəm, bu istiqamətdə kifayət qədər maarifləndirmə işi aparılır”.

"Tolerant cəmiyyət olduğumuz üçün konstruktiv düşüncə şüuruna malikik”

E.Mirzəbəyli deyib ki, bu gün ayrı-ayrı platformalarda, xüsusən sosial şəbəkələrdə vətəndaşlarımız çox aktivdirlər: "Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı gündən-günə artır. İnsanlar öz fikirlərini daha ardıcıl, ölçülü-biçili şəkildə təqdim edə bilirlər. Münasibətlərini problemlərin həlli istiqamətində sərgiləyirlər. Vurğulamaq istərdim ki, ötən müddət ərzində bütün istiqamətlərdə radikal düşüncə tərzi iflasa uğrayıb. Bu da xalqımızın mentalitetindən irəli gələn məsələdir. Tolerant cəmiyyət olduğumuz üçün konstruktiv düşüncə şüuruna malikik. Bu düşüncə ölkədəki bütün siyasi proseslərə öz təsirini göstərir. Şübhəsiz ki, bu sahədə problemlərimiz mövcuddur. Amma düşünürəm ki, 26 illik bir dövlət üçün bir qədər problem təbii qarşılanmalıdır. 1990-cı illərə nəzər salsaq, gəldiyimiz dövrə qədər necə bir inkişaf yolu keçdiyimizi görərik. Bütün hədəflərimiz işğal olunmuş torpaqlarımızın azad edilməsinə yönəlib. Lakin vaxt olub ki, insanlarımız ov tüfəngləri, yararsız patronlarla ermənilərə qarşı mübarizə aparıblar. İndi isə dünyaya silah ixrac edən ölkəyə çevrilmişik. Azərbaycanın hərbi sənaye kompleksi formalaşıb, ordumuzun potensialı güclənib. Mən nikbinəm və fikrimcə, 26 il ərzində bacardığımızı etmişik. Potensialımız imkan verir ki, dövlət və cəmiyyət olaraq uzaq və yaxın hədəflərimizə də nail olaq”.

"Hər vətəndaş dövlətin güclənməsi və stabilliyi üçün çalışmalıdır”

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, ölkə vətəndaşlarının siyasi aktivliyi xüsusilə seçkilər zamanı artır: "İndinin Azərbaycan vətəndaşı nə 20, nə də hətta 10 il əvvəlin adamıdır. Bəlkə də ötən illərdə kimlərsə, seçkidə iştirakdan, seçki günü səsverməyə getməkdən imtina edir, bəziləri bunu mənasız sayırdısa da, hazırda ölkədə demək olar tam siyasi fəallıq mühiti bərqərar olub. Artıq seçki günü evindən çölə çıxmayan adamlara az rast gəlirik. Bunu həm prezident seçkilərində, həm də parlament seçkilərində müşahidə etmək mümkündür. Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, Prezident seçkilərində əhalinin 80 faizə yaxını iştirak etdi. 2015-ci ilin parlament seçkilərində 5 milyon seçicidən 2 milyonu səsvermə məntəqələrinə gedərək öz namizədinə səs verdi. Belə fəallıq ötən illərdə hiss olunmurdu. Son illər vətəndaşlarımızın siyasi fəallığının artması onların seçkilərin ədalətli və obyektiv keçirilməsinə inamından, arxayınlığından irəli gəlir. Onsuz da, insanlarımız düzgün seçim edir, ölkəmizi sabitliyə, iqtisadi inkişafa, rifaha aparacaq siyasi qüvvələri tərcih edirlər. Əlbəttə, vətəndaşlarımızın siyasi fəallığını təkcə seçkilərdəki aktivliklə izah etmək olmaz. Elə bir dövrdə yaşayırıq ki, hər bir vətəndaş dövlətinin güclənməsi və stabilliyi üçün çalışmalıdır. Vətəndaşların regionda və dünyada gedən proseslərə reaksiyası təqdirəlayiqdir. Azərbaycan dövləti diaspor fəaliyyətini yaxşı təşkil etdiyindən xaricdə yaşayan azərbaycanlılar bu fəaliyyətdən kənar qalmır”.

"Formalaşan yeni nəsil cəmiyyətin siyasi-ictimai həyatında....”

Siyasi elmlər doktoru, hüquqşünas Cümşüd Nuriyev bildirib ki, dövlət idarəçilik zamanı bütün üsul və vasitələrdən istifadə edə bilər. Çünki siyasi sabitliyi qorumaq ən zəruri amildir: "Politoloqlar siyasi sabitliyi iki hissəyə ayırırlar: -dayanıqlı və məcburi siyasi sabitlik. Azərbaycan müstəqilliyin ilk illərində məcburi siyasi sabitlik yaratmağa üstünlük verirdi. O zaman ölkə daxilində siyasi aktivlik ona görə yüksək idi ki, yeni müstəqil olan bir dövlətin ərazisi düşmən tərəfdən işğala məruz qalmışdı. Daxildə ciddi siyasi və ictimai qarşıdurma hökm sürürdü. Azərbaycan müxtəlif siyasi proseslərin sınaq meydançasına çevrilmişdi. İşğal nəticəsində qaçqın və məcburi köçkünlər meydana çıxmışdı. İşsizlik yüksək səviyyədə idi. Ölkənin valyuta ehtiyatı sıfırlanmışdı. Bütün bunların fonunda cəmiyyətin ciddi narazılığı, proseslərə müdaxiləsi özünü büruzə verirdi. Təbii ki, sonrakı dönəmlərdə, yəni hakimiyyət dəyişikliyindən sonra mövcud problemləri aradan qaldırmaq mümkün oldu. Müəyyən müddət keçid mərhələsi yaşadıqdan sonra Azərbaycanda dayanıqlı siyasi sabitlik formalaşmağa başladı. İndiki hökumətimiz siyasi sabitliyi mükəmməl şəkildə qurdu və qoruyub saxladı. Hazırda ölkədəki zərərli proseslərə nəzarət çox güclüdür. Əvvəlki kimi özbaşınalıq etmək mümkün deyil. Ən vacibi də məhz budur. Fikrimcə, formalaşan yeni nəsil cəmiyyətin siyasi-ictimai həyatında sağlam aktivlik nümayiş etdirəcəklər, bölücülük etməyəcəklər”.

"Qərbin "troya atı” qismində çıxış edən siyasi qüvvələr dəstəklənmir”

Professor bəyan edib ki, müxalifət hakimiyyətdə olduğu vaxt xalqın ümidini doğrulda bilməyib: "Parçalanmış qüvvələrin yarıtmaz siyasəti nəticəsində əhali depressiyaya düşdü və uzun zaman xalqın özünə inamı geri qayıtmadı. Elə indi də özünə müxalifət deyən qüvvələrin hamısı şəxsi maraqlarına xidmət edirlər. Onların səyi nəticəsində xeyli vaxt vətəndaş cəmiyyətinin formalaşmasında riyakarlıq meydana çıxdı. Uzun zaman Qərbin "troya atı” qismində çıxış edən müxalif qüvvələr özlərini itirdilər, artıq onlar kim olduqlarını bilmirlər. Çünki xalqın yox, xaricin adamı oldular. Müxalif qüvvələr özlərini xərcləyib qurtarıblar. Onlar öz maraqlarını güdən bir qrup insanlardır. O baxımdan xarici dövlətlərin Azərbaycandakı iqtisadi maraqlarını təmin edən bəzi vətəndaş təşkilatlarının "fəallaşmasına” yol vermək olmaz. Biz bu acı ənənəni dadmışıq. 1990-cı illərdəki kimi çılğın və gözübağlı siyasət aparmaq çox təhlükəli olar. Hazırda düşünülmüş siyasi gedişlər etmək və insanları da bu istiqamətə sövq etmək daha məqsədəuyğundur. Düşünürəm ki, insanların aktivliyini müharibə ilə də bağlamaq doğru deyil. Əlbəttə, hər bir vətəndaş Azərbaycanın suverenliyi və torpaqlarımızın azadlığı uğrunda istənilən fəallığı göstərməyə, fədakarlıq etməyə hazırdır. Əgər dövlətimizə qarşı hansısa ciddi təhdidlər meydana çıxarsa, torpaqlarımıza yenidən təcavüz edilərsə, o zaman bütövlükdə cəmiyyət öz iradəsini ortaya qoyar. Buna heç kimin şübhəsi olmasın”.

"Əhali fəallıq nümayiş etdirmir, çünki onların əvəzinə dövlət hər işi görür”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli xatırladıb ki, 29 il bundan əvvəl Dağlıq Qarabağda ermənilərin başlatdığı separatçılıq hərəkatı azərbaycanlıları kütləvi şəkildə hərəkətə keçirdi: "Sovet imperiyası 70 il xalqımızın azadlıq ruhunu, milli duyğularını zorla sıxıb saxlamışdı. 1980-ci illərin sonunda əhali vulkan kimi partladı. Qarabağ uğrunda başlayan mübarizə tədricən müstəqillik naminə azadlıq hərəkatına çevrildi. O zaman vətəndaşların kütləvi aktivliyi, siyasi fəallığı və ictimai proseslərə müdaxiləsi illərlə yığılıb qalmış passivliyin nəticəsi idi, yəni bir qədər zəruri xarakter daşıyırdı. Məlumdur ki, həmin dövrdə düz-əməlli ordumuz yox idi. Cəbhələrdə könüllü batalyonlar, xalq birlikləri vuruşurdu. İndi isə güclü dövlətimiz, hökumətimiz, milli ordumuz var. Əhali fəallıq nümayiş etdirmir, çünki onların əvəzinə dövlət hər işi görür. Vətəndaşlarımız siyasi proseslərdə öz dövlətinə etibar edir, səmimiyyətlə inanır. Həm də ümumi sosial problemlər, məişət qayğıları

insanları başqa istiqamətə yönəldir. Hazırda insanlar daha çox biznes fəaliyyətinə üstünlük verirlər. Eyni zamanda indi iqtidardan savayı siyasi təşkilatlanmanı bacaran başqa partiya yoxdur. Müxalifət qurumları zəifləyib, diskusiya klublarına çevriliblər. Onların arasında kütləvilik, ideoloji birlik sıfır səviyyəsindədir. Təbii ki, cəmiyyətin bu cür yarımçıq siyasi təşkilatlara meyl etməsi, onları dəstəkləməsi mümkünsüzdür”.

İsmayıl Qocayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.