Azərbaycanda rusdilli medianın rolu böyükdür

İlqar Vəlizadə: “Ölkəmizdə fəaliyyət göstərən rusdilli nəşrlər rusdilli əhalinin tələbatını ödəyir və bu sahədə çatışmazlıqlar çox azdır”
Balifa Baxşıyeva: “Danılmaz faktdır ki, MDB məkanında oxucular rusdilli saytlardan bəhrələnirlər”

Elçin Mirzəbəyli: "Heç bir halda rusdilli mətbuatın Azərbaycan dilli mediadan üstün tutulmasını qəbul etmirəm”

Anar İmanov:"Ölkəmiz haqqında rus dilində təhlillər, məncə, azdır və bu təhlillərin çoxalmasında fayda olardı”


Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycan hazırda informasiya müharibəsi ilə üz-üzə qalıb. Hər an hərbi münaqişəyə başlamaq üçün hazır olduğumuz kimi, informasiya müharibəsinə də hazır olmalıyıq. Heç şübhəsiz, hərbi münaqişələrin ilkin təzahürü informasiya müharibəsi fonunda baş verir. Yəni hərbi münaqişələrin başlanmasından bir müddət əvvəl iki dövlət arasında kəskin şəkildə informasiya müharibəsi gedəcək. İnformasiya müharibəsinin gedişində isə xarici dilli mediamızın üzərinə çox böyük yük düşür. Bu məqamda düşmən qüvvələrə qarşı informasiya müharibəsi aparmaq və həmin qüvvələri elə yerindəcə əsaslı faktlarla susdurmaq zərurəti meydana çıxır.

Nəzərə almalıyıq ki, məhz xarici dilli mediamızın sayəsində erməni diasporasının birbaşa təsiri altında fəaliyyət göstərərək dövlətçiliyimiz əleyhinə qara piar aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkündür.
Bütün bunlar nəzərə alınaraq ölkəmizdə ana dilimizlə yanaşı, bir neçə xarici dildə yayımlanan media qurumlarının yaradılmasına xüsusi diqqət ayrılır. Əvvəlki illərlə müqayisədə hazırda xarici dillərdə fəaliyyət göstərən media orqanlarının sayında ciddi artım müşahidə olunur. Artıq xeyli sayda xəbər agentlikləri mövcuddur ki, təkcə Azərbaycan dilində yox, eyni zamanda rus, ingilis, fransız və alman dillərində fəaliyyət göstərir. Bu əslində ölkəmizin doğru istiqamətdə tanınması üçün ən önəmli amillərdəndir. Məlumat üçün bildirək ki, Azərbaycanla bağlı həqiqətlərin dünya miqyasına çıxarılmasında Azərbaycanda fəaliyyət göstərən rusdilli KİV-lərin rolu daha böyükdür. Amma müxtəlif zamanlarda aparılan monitorinqlərin nəticələri göstərir ki, ümummilli məsələlərə rusdilli media qurumları ya yer ayırmır, ya da çox az yer ayırır. Bəs görəsən, media nümayəndələri rus dilində yayımlanan media orqanlarının özlərinin fəaliyyətini necə qiymətləndirir? Bu sahədə hansı problemlər mövcuddur və əsas çatışmazlıqlar nələrdir?

"RİA-Novosti”nin şərhçisi İlqar Vəlizadənin sözlərinə görə, rusdilli medianın Azərbaycan dilli mediadan əsas fərqi odur ki, o təkcə Azərbaycan oxucusu üçün nəzərdə tutulmur. Buna görə də hücumlarla qarşılaşmaq, əks reaksiya hallarına rusdilli mediada daha çox rast gəlirik: 

"Kəmiyyətdən danışanda isə, əgər biz təkcə Azərbaycandakı oxuculardan danışsaq, bəlkə də azalma müşahidə olunur. Amma məncə, ümumi baxanda oxucu kütləsinin sayında elə bir ciddi dəyişiklik yoxdur. Məsələn, tutaq ki, bu gün dostumuz Vüqar Həsənovun hər hansı bir yazısını 3-4 min nəfər oxuyur. Bunun 20 faizi Azərbaycan oxucusunun payına düşürsə, böyük faizi Rusiya və düşmən ölkənin payına düşür. İstənilən halda rusdilli medianın Azərbaycanda rolu böyükdür və öz yeri var. Məhz bu səbəbdən də digər dillərə nisbətən rusdilli mətbuat Azərbaycanda daha geniş yayılıb. Bunun da əsas səbəblərindən biri Azərbaycanda yaşayan rusdilli, digər səbəb isə postsovet məkanında məskunlaşan əhalinin maraqlarını ödəmək, Azərbaycan haqqında reallıqların onlara çatdırılmasından ibarətdir”.

İ.Vəlizadə qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən rusdilli nəşrlər rusdilli əhalinin tələbatını ödəyir və bu sahədə çatışmazlıqlar çox azdır.

"Amma rusdilli nəşrlər postsovet məkanında o qədər də geniş yayılmayıb. Faktiki olaraq, bizim nəşrlər digər ölkələrlə rəqabətdə geri qalırlar. Təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbləri ondan ibarətdir ki, bizim mövqeyimiz heç də bu məkanda dominantlıq edən KİV-lərin mövqeyi ilə üst-üstə düşmür. Həm də yayım baxımından Azərbaycanda çıxan rusdilli nəşrlərin fəaliyyəti geri qalır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən rusdilli qəzetlərin təbliğatı da zəifdir. Faktiki olaraq, postsovet məkanında erməni qəzetləri daha fəaldırlar. Onlar həm Ermənistanda çıxan rusdilli qəzetlər vasitəsilə öz təbliğatlarını aparır, həm də Rusiyada nəşr olunan mətbu orqanlarda fəallıq göstərirlər”.

Oxucu auditoriyasının səviyyəsinə gəldikdə isə İ.Vəlizadə deyib ki, Azərbaycanda rusdilli mətbuata tələbat olmasa, onların heç biri mövcud olmazdı: 

"Çox maraqlıdır ki, anadilli auditoriyanın müəyyən bir kəsimi də məlumatları məhz rusdilli nəşrlər vasitəsilə əldə etməyə üstünlük verir. Bunun əsas səbəbi isə Azərbaycanda çıxan rusdilli nəşrlərdə digər ölkələrdə çıxan məlumatların da öz əksini tapmasıdır. Regionla, Azərbaycanla bağlı məqalələrə bu qəzetlərdə daha geniş yer verilir. Bu isə Azərbaycanda rusdilli mətbuatın mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxarır”.

"Azvision.az” saytının rusdilli versiyasının müxbiri Balifa Baxşıyeva rus dilində fəaliyyət göstərən media orqanlarımızın fəaliyyətini qənaətbəxş hesab edib: 

"Düşünürəm ki, ana dilimizlə yanaşı, rus dilində də fəaliyyət göstərən saytlarımızın fəaliyyətini qənaətbəxş hesab etmək olar. Azərbaycanda böyük rusdilli oxucu kütləsi mövcuddur. Danılmaz faktdır ki, MDB məkanında oxucular rusdilli saytlardan bəhrələnirlər. Bu baxımdan MDB məkanında rusdilli saytlarımızın oxucu kütləsi toplaması daha rahatdır. Buna görə də rusdilli saytlarımız fəaliyyətini genişləndirməlidir. Biz həmçinin Azərbaycana qarşı qərəzli mövqe tutan media orqanlarına qarşı da mübarizə aparırıq. Bütövlükdə rusdilli media orqanlarımızın fəaliyyətini müsbət qiymətləndirmək olar”.

Azərbaycanda rusdilli mətbuatın sayının bir o qədər də çox olmadığını vurğulayan "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, hazırda rusdilli qəzetlərdən "Exo” və "İzvestiya”nın Azərbaycan əlavəsi çap olunur: 

"İnternet agentliklərinin, saytların bir neçəsinin rusdilli əlavəsinə rast gəlirik. "Azərtac”, APA”, "Trend” kimi böyük və peşəkar agentliklər rus dilində özlərinin özəl xəbərlərini yayırlar. Digər saytlar Rusiyanın ayrı-ayrı xəbər portallarından götürdükləri materialları dərc edirlər. Onların arasında isə peşəkarları və qeyri-peşəkarlarına rast gəlmək olur. Sözün açığı, mən rusdilli mətbuatın Azərbaycan mediasında şaxələnməsinin tərəfdarı deyiləm. Biz hər şeydən əvvəl anadilli medianın inkişafına nail olmalıyıq. Amma Azərbaycan həqiqətlərinin və ölkəmizdə baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılması baxımından müəyyən qədər rusdilli medianın da fəaliyyət sahəsini genişləndirməyə ehtiyac var. Daha doğrusu, təkcə rus yox, həmçinin digər əcnəbi dillərdə olan nəşrlərin. Qarabağla bağlı yazılar rusdilli mediada nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bunun üçün isə həmin saytların rəhbərləri öz işçilərinə tapşırıq verməlidirlər ki, bu mövzunu daha çox işıqlandırsınlar. Qarabağla bağlı yazıların sayını artırmağın ən asan yolu budur. Amma heç bir halda rusdilli mətbuatın Azərbaycan dilli mediadan üstün tutulmasını qəbul etmirəm”.

"Milli.az” saytının baş redaktoru Anar İmanov hesab edir ki, Azərbaycanda rusdilli mətbuatın durumu qənaətbəxşdir. Kifəyət qədər auditoriya toplayan güclü KİV-lərimiz var ki, bunun da əsas gücünü saytlar təşkil edir:

 "Son illər ərzində ölkəmizdə fəaliyyət göstərən rusdilli KİV-lərin sayı və auditoriyaları, həm ölkə daxilində, həm də ölkə xaricində, artıb və bu, təqdirəlayiq bir haldır.
Bir sıra KİV-lərdə, əsasən də saytlarda, Azərbaycan dili ilə yanaşı, rus dilinə böyük əhəmiyyət verilir. Bu iş sürətlə aparılır və nəticədə biz görürük ki, rus dilindən istifadə olunan dövlətlərdə Azərbaycan haqqında müxtəlif informasiyalar o ölkələrin ictimaiyyətlərinə çatdırılır. Xəbərlərin keyfiyyəti və ümumi peşəkarlıq baxımından rusdilli mediamız, fikrimcə, çox yaxşı işləyir, hətta deyərdim ki, digər dövlətlərdə olan rusdilli medialardan daha yaxşı işləyir”.

Çatışmazlıqlara gəldikdə isə baş redaktor deyib ki, Azərbaycanda rusdilli mediada lokal, yəni Azərbaycan haqqında xəbərlər, digər xəbərlərə nisbətdə daha azdır və bunları çoxaltmaq lazımdır. Bir də ölkəmiz haqqında rus dilində təhlillər, məncə, azdır və bu təhlillərin çoxalmasında fayda olardı.

Davamı olacaq...
Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb