Onlar gözləri ilə görməlidirlər ki, ermənilər torpaqlarımızda necə vəhşiliklər törədiblər
"Cocuq Mərcanlıda minalardan təmizləmə işləri aparılır. Daha sonra orada infrastruktur layihələrinin icrası olacaq. Mən göstəriş vermişəm ki, beynəlxalq təşkilatlara müraciət olunsun və xarici qurumlar öz nümayəndələrini kəndə göndərsinlər. Qoy, dünya erməni vəhşiliyinin nədən ibarət olduğunu görsün”.
Bunu ötən gün konfransda nitq söyləyən Prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, digər işğal edilmiş torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmırlar: "Ağdamın, Füzulinin və digər şəhərlərimizin dağıntılarını beynəlxalq mətbuatda az-az görə bilirik. Çünki onları ora buraxmırlar. Amma Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin canlı şahididir. Gəlsinlər görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədiblər”. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Cocuq Mərcanlı kəndinin bərpasına beynəlxalq təşkilatların cəlb olunması məsələsinə münasibət bildirib. Nazir deyib ki, beynəlxalq təşkilatlarla danışıqlar gedir: "Bu, bir günlük proses deyil. Gərək təqdim edəsən, cəlb edəsən. İlk növbədə Azərbaycan hökuməti adından müraciətlər ediləcək. Beynəlxalq təşkilatlarla təmaslar davam edir. Gərək müvafiq arayışlar təqdim edilsin”.
"Beynəlxalq nümayəndələr erməni vəhşiliyini görəcəklər”
Millət vəkili Çingiz Qənizadə də deyib ki, əsas məqsəd erməni vəhşiliyini dünya ictimaiyyətinə göstərməkdir: "Cocuq Mərcanlı torpaqlarımızın ilk işğalı illərində bir neçə gün müddətinə yerlə-yeksan edilən kəndlərdən biridir. Buna görə də beynəlxalq təşkilatların nümayəndələri ora getməklə erməni vəhşiliyini öz gözləri ilə görmüş olacaqlar. Bu olduqca həssas bir məsələdir və hesab edirəm ki, ötəngünkü müşavirədə ölkə başçısının bu istiqamətdə verdiyi tapşırıqlar qəlbində vətən həsrəti, sevgisi olan hər bir Azərbaycan vətəndaşında kövrək hisslər yaradır”. Deputat əlavə edib ki, Prezidentin Cocuq Mərcanlı kəndinin bərpasına ilkin olaraq 4 milyon ayırması vətəndaşlarımızın qəlbində o torpaqlara qayıdış hissinin yenidən təzələnməsi, ümidlərin
yenidən doğulmasıdır: "Arzu edirəm ki, Cocuq Mərcanlı 20 faiz işğal olunmuş ərazilərimizə böyük qayıdışın ilk və uğurlu addımlarından olsun. Azərbaycan Prezidentinin rəhbərliyi ilə tezliklə yeni-yeni işğaldan azad olunan ərazilərimiz var ki, onlarla bağlı fərmanların verilməsinin şahidi olacağıq”.
"Azərbaycan bütün dünyaya erməni vəhşiliklərini nümayiş etdirəcək”
Politoloq Arzu Nağıyev də bildirib ki, dünya ictimaiyyəti ermənilərin orada hansı vandalizmlər törətdiklərini görməlidir:
"Ermənilərin işğal olunmuş ərazilərimizə beynəlxalq təşkilatların nümayəndələrini buraxmamalarının səbəbi onların vandalizm və saxtakarlıqlarının dünyaya daha çox yayılmasından qorxmaqlarından irəli gəlir. Ötən ilin aprel ayında baş verən döyüşlər zamanı Tərtərdə, Ağcabədidə, Ağdamda ermənilər tərəfindən bir çox vətəndaş obyektləri və mənzilləri dağıdılıb. Azərbaycan dövləti onların hamısının bərpasını təmin etdi. Cənab Prezident ailə üzvləri ilə birlikdə bərpa işlərinin necə yekunlaşması ilə bağlı həmin ərazilərdə oldu.
Aprel hadisələri vaxtı Azərbaycan Xarici İşlər Nazirliyi və digər diplomatik kanalların xətti ilə ölkəmizdə olan hərbi attaşelər, eyni zamanda səfirliklərin nümayəndələri həmin ərazilərdə oldular və ermənilər tərəfindən törədilən vəhşilikləri öz gözləri ilə gördülər. Bundan sonra ermənilərdə onların vandalizmlə məşğul olduqlarının dünyaya yayılması qorxusu yarandı. Son zamanlar Ermənistan tərəfdən işğal olunmuş ərazilərimizdə mədəniyyət, tarixi abidələr, infrastrukturun dağıdılması haqqında film və şəkillər bütün dünyada yayımlanır. Ermənilər işğalda olan torpaqlarımızda saxtakarlıqla öz izlərini qoymaq istəyirlər. Ona görə çalışırlar ki, beynəlxalq təşkilatların nümayəndələri orada iştirak etməsinlər. Ancaq Azərbaycan bütün dünyaya erməni vəhşiliklərini nümayiş etdirəcək”.
İsmayıl