Deputat: “Böyük Qayıdış qarşıdakı illərdə daha da sürətlənəcək”

Tural Gəncəliyev: “Qarabağ və Şərqi Zəngəzurda 100 minə yaxın insan yaşayır”

“Azərbaycan Qarabağın bərpasını öz gücünə həyata keçirir”

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxışı zamanı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə xüsusi diqqət ayırıb. Dövlət başçısı qeyd edib ki, hazırda həmin ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır. Bu rəqəmin qısa müddətdə 100 mini keçəcəyi gözlənilir. Prezidentin vurğuladığı kimi, Azərbaycan cəmi beş il ərzində işğaldan azad edilmiş ərazilərin bərpası, zəruri infrastrukturun yaradılması və insanların doğma torpaqlarına qayıdışı istiqamətində mühüm nəticələr əldə edib. Hazırda 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub və “Böyük Qayıdış” prosesinin qarşıdakı illərdə daha da sürətlənəcəyi bildirilir.

Milli Məclisin deputatı Tural Gəncəliyev Sherg.az-a açıqlamasında hazırda Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin intensiv şəkildə davam etdirildiyini xatırladıb:

" Hazırda 100 minə yaxın insan Qarabağda və Şərqi Zəngəzurda yaşayır və regionun iqtisadi dirçəlişinə öz töhfəsini verir. Ümumiyyətlə, Azərbaycan bununla dünyaya bir nümunə göstərir. Qısa müddət ərzində dağıdılmış, yerlə-yeksan edilmiş şəhər və kəndlərimizi öz resurslarımız və imkanlarımız hesabına bərpa edir, müasir infrastruktur yaradır və insanlarımızın doğma, dədə-baba torpaqlarına qayıdışını təmin edirik. Bu istiqamətdə Azərbaycan dövlət büdcəsindən çox əhəmiyyətli vəsait ayrılıb. Dövlət başçımız da qeyd etdi ki, artıq 28 milyard manat vəsait bərpa-quruculuq işlərinə xərclənib. Bu, xüsusilə böyük infrastruktur layihələrini – tunelləri, körpüləri, yolları, viadukları və digər layihələri, eyni zamanda, yeni şəhərlərin salınmasını əhatə edir. Əminəm ki, növbəti illərdə Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış prosesinin daha da sürətləndiyinin şahidi olacağıq. Çünki indiyədək əsas resurslar və vəsait şəhər, kənd və qəsəbələrimizin bərpasına və quruculuğuna yönəldilib. Bundan sonra isə insanların doğma torpaqlarına daha sürətli şəkildə qayıdışının şahidi olacağıq”.

T. Gəncəliyevin sözlərinə görə, bu, dünya üçün də çox önəmli bir təcrübədir:

"Azərbaycan nə Avropa İttifaqıdır, nə də İkinci Dünya müharibəsindən sonra Amerikanın “Marşal planı” hesabına dirçələn Avropa ölkələrindən biridir. Azərbaycan bütün bu işləri öz gücünə, öz hesabına, öz resurslarına, xalqının potensialına və iqtisadi dayanıqlığına arxalanaraq həyata keçirir. Heç kimdən bu istiqamətdə yardım istəməmişik. Çünki bunun üçün öz resurslarımız kifayət qədərdir. Təbii ki, dost ölkələr də öz töhfələrini verirlər, lakin bu, daha çox simvolik xarakter daşıyır. Əsas və genişmiqyaslı bərpa-quruculuq işlərini Azərbaycan özü həyata keçirir. Bu, həm də torpaqlarımızın mənəvi və simvolik baxımdan bizim üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Zaman-zaman qeyd olunur ki, Ermənistanın 30 illik işğalı dövründə torpaqlarımız yerlə-yeksan edilib, demək olar ki, daşı daş üstündə qoyulmayıb. İşğalçı Ermənistan da bu torpaqların ona məxsus olmadığını anlayırdı. Şükürlər olsun ki, Azərbaycan Ordusu, Azərbaycan Prezidentinin liderliyi ilə torpaqlarımızı işğaldan azad etdi və xalqımıza qarşı tarixi ədalətsizliyə son qoyuldu. Bu gün isə biz həmin torpaqlara münasibətimizlə də fərqli yanaşma nümayiş etdiririk. Azərbaycan öz resurslarını ürəklə Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldir, bu yükü gələcək nəsillərin üzərinə qoymur. Necə ki, torpaqlarımızın işğaldan azad edilməsini gələcək nəsillərə buraxmadıq, bərpa və quruculuq işlərini də onların üzərinə saxlamırıq. Bütün bunları bu gün özümüz həyata keçiririk. Bu, xalqımızın torpağa olan sevgisinin, dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə verdiyi əhəmiyyətin göstəricisidir”.