"Cəmiyyətdə əsl ziyalı sözünə böyük ehtiyac duyulur" - Firdovsiyyə Əhmədova (Müsahibə)

"Gənclər kütləvi şəkildə xaricə üz tutursa, məsələn, konkret magistratura təhsilini ölkədə deyil, xaricdə almaq istəyirsə, bu, artıq həyacan təbilidir"
"Arzumdur ki, Bakı şəhərində Cümhuriyyətlə bağlı xiyaban salınsın"


Tarix elmi üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova "Sherg.az" -a danışıb. Onunla cəmiyyəti narahat edən məsələlər ətrafında maraqlı söhbət apardıq.

"Sherg.az” həmin müsahibəni oxuculara təqdim edir:

Gənclər və ziyalılar arasındakı vəziyyətin xüsusi şəkildə idarə olunması çox mürəkkəb situasiyadır

-Bəzən iddia olunur ki, hazırda gənclərlə ziyalılar arasında bir uçurum var. Bu, doğru yanaşmadırmı?

-Hazırda bunu çoxları iddia edir, lakin mən belə düşünmürəm. Ziyalı təbəqəsi sadəcə efir, televiziya vasitəsi ilə deyil, auditoriyalarda, müxtəlif toplantılarda, gündəlik həyat tərzində də cəmiyyətin aparıcı qüvvəsi olan gənclərlə ünsiyyətdə olur. Ziyalılar və gənclər arasında görüşlər keçirilməsi ünsiyyətin tam səmimi və uğurlu qurulması üçün heç də vacib şərt deyil. Əsas odur ki, ziyalının mövqeyi, düşüncələri, onun əməlləri ilə üst-üstə düşsün və cəmiyyətin tərəqqisinə xidmət etsin. O zaman ziyalının düşüncələri gənclərə örnək olacaq. Hər hansı bir şüarla, tribunadan danışıb, bəyanatlar verməklə, gənclərin zehninə istədiyin fikri təlqin etmək mümkün deyil. Çünki gənc elə qüvvədir, özü qavrayıb düşünür, qərar verir. Bu, bütün zamanlarda belə olub.

Gəncliyin təbiəti onun düşüncəsini manipulyasiya etməyə imkan verir. Bu baxımdan bütün cəmiyyətlərdə aparıcı rol oynayan ziyalılar elə dəyərləri gənclərə aşılamalıdır ki, onlar konkret məqamlarda cəmiyyətin inkişafı üçün xidmət edə bilsin. Azərbaycan 25 ildən çoxdur müstəqildir. Qloballaşan, hadisələrin dinamik cərəyan etdiyi dünyada yaşayırıq. Təbii ki, cəmiyyətdə əsl ziyalı sözünə, məsləhətlərinə, tövsiyələrinə böyük ehtiyac duyulur.

Dünyada coğrafi sərhədlərdən öncə, texniki, informasiya sərhədləri aradan qalxdı. İndi gənclərin geniş sosial şəbəkələrdən, internetdən informasiya almaq imkanları yaşlı nəslə nisbətən daha asandır. Bu mənada gənclərin seçim etmək, müqayisə aparmaq imkanları da genişdir. Azərbaycan ziyalıları hansı düşüncədədir ?, onların tutduğu mövqe, reallaşdırdıqları əməl cəmiyyətə nə qədər faydalıdır ? kimi sualları gənclər ayırd edə bilir. Buna görə, gənclər və ziyalılar arasındakı vəziyyətin xüsusi şəkildə idarə olunması çox mürəkkəb situasiyadır.


Gənclər ziyalılarla ünsiyyətdə olmağı daha çox istəyirlər. Bunu təmin etməyin də müxtəlif formaları var. Təbii ki, sosial şəbəkələr bu baxımdan daha önəmli rol oynayır. Televiziya və vizual görüntülü media vasitəsilə bu ünsiyyəti daha effektiv təmin etmək olar. Telekanalların isə öz seçimidir, ucuz reytinq qazanmaq üçün daim əyləncəli verilişlərə üstünlük verirlər. Azərbaycan cəmiyyətinin vəziyyəti, torpaqlarımızın işğal altında olması, müharibə şəraitində, düşmənin ayıq və öz mövqeyindən geri çəkilmədiyi məqamda gənclərimiz hansı məsələdə düşünülmüş, planlaşdırılmış mövqe tutmalıdırlar? Bu suala cavab tapmaq üçün ziyalıların tövsiyələrinə böyük ehtiyac var. Tək televiziyalar və telekanallar Azərbaycan gəncliyinin baxışını formalaşdırmır. Effektiv ünsiyyəti təmin etmək üçün ən gözəl vasitə gəncliklə birlikdə işləmək, təmasda olmaqdır. Belə ayrıseçkilik edilməməlidir.

Eyni aqibəti müasir dövrün ziyalıları da yaşaya bilər

- Bəzi gənclər tarixi şəxsiyyətlərimizin, böyük ədiblərimizin fotolarının üzərinə arzuolunmaz ifadələr yazaraq onu sosial şəbəkələrdə paylaşıb, həmin tanınmışlarımızı lağ obyektinə çevirirlər. Bunu necə dəyərləndirirsiniz?

-Belə hal bütün zamanlar üçün xarakterik olan vəziyyətdir. Tarixi şəxsiyyətlərimiz, xalq şairlərimiz, ziyalılarımız, Sovet dönəmində fəaliyyət göstərən dəyərli şəxslərlə bağlı belə mövqeyə bəzən rast gəlinir. Həmin gənclərin radikal yanaşma tərzi, millətçilik və vətənpərvərlik mövqeyindən üstündür. Bu zaman onlar birmənalı şəkildə tarixi şəxsiyyəti öz dövründən qoparıb, müasir düşüncə ilə qiymətləndirməyə çalışır. Nəticədə gənc ancaq mənfi nüansları axtarıb, tapır və bir hadisənin, yazının üzərində münasibətini formalaşdırır. Belə yanaşma ilə istənilən şəxsiyyətin, ideoloji çərçivədə fəaliyyət göstərən ziyalının işlərinə qiymət versək, bu, obyektiv olmaz. Ola bilər, qarşıya qərəz qoyulmayıb, lakin gənc ilk dəfə həmin şəxsiyyətin fəaliyyəti ilə tanış olur və bütün fəaliyyətindən xəbər tutmadan bir faktın üzərində münasibəti formalaşdırır. Sosial şəbəkəyə bunu yönəltdikdə isə əhatə dairəsi genişlənir.

Yalnız gənclər deyil, yaxşı təhsil almış, dərrakəsi yüksək olan şəxslər tərəfindən də belə hallara yol verilir. Konkret şəxsin fəaliyyəti ilə bağlı kimlər daha bilgilidirsə, onlar birmənalı yanaşma sərgiləyə bilər. Yüzlərlə statusun içərisində obyektiv mövqe ilə seçilən ədalətli yanaşma əvvəlki yazılan düşüncələrə də ciddi təsir göstərə bilər. Ona görə, biz dəqiqləşdirməliyik ki, ziyalıları tənqid edənlər qərəzli mövqe tutur, yoxsa bu, mənfi münasibəti bilgisizlikdən edir. Həqiqətdə isə yarım bilgi bilgisizlikdən daha təhlükəlidir.

Sovet dönəmində ziyalılarımız ideoloji çərçivə daxilində fəaliyyət göstərən şəxslər olub. Onlar imkanları daxilində bu və ya digər məsələdə millətin, xalqın mövqeyi ilə bağlı səy göstəriblər. Çox zaman bu ziyalıların həyatı bahasına başa gəlib, cəzalandırılması ilə nəticələnib. Amma bütövlüklə həmin ziyalıların fəaliyyətinin üzərindən xətt çəkmək cəmiyyətin sivil düşüncə tərzinə fayda gətirməyəcək. İstənilən məsələdə qərəzlə hərəkət etmək obyektiv nəticəyə gətirib, çıxarmayacaq. Bunu anlamasaq, gələcəkdə də eyni səhvləri etməli olacağıq. Gənclər düşünsün ki, mən bu gün obyektiv təhlil edə bilmirəmsə, gələcəyimi necə düzgün planlaşdıra bilərəm?

Bununla yanaşı indiki nəsil ziyalılar, xalqın, millətin müqəddəratı ilə bağlı qərar verən şəxslər qeyd etdiyimiz vəziyyətdən dərs çıxarmalıdır. Yəni biz öz fəaliyyətimizi elə qurmalıyıq ki, nə millətimizə, nə də vətənimizə xələl gəlsin. Əks təqdirdə eyni aqibəti müasir dövrün ziyalıları da yaşaya bilər. Məsuliyyəti dərk edərək, tək şəxsi həyatına cavabdeh olmadan, daha geniş anlamda xalqın, dövlətin taleyi ilə bağlı qərar qəbul etdikdə tarixdən bu dərsləri çıxarmaq lazımdır.

Gənclərimiz nəinki bilgi almağa meyllidir, hətta o bilgini paylaşaraq maarifçilik fəaliyyəti göstərməkdə də aktivdirlər

- Cəmiyyətdə daim müzakirə olunan mövzulardan biri də gənclərin kitab olan marağın az olmasıdır. Doğrudanmı indiki gənclik kitabdan uzaq düşüb və bu, belədirsə, səbəbini nəylə izah edərdiniz?

-Azərbaycan gəncliyi bilgilənməyə laqeyd deyil. Mən də sosial şəbəkələrdən istifadə edirəm və gəncləri də izləyirəm. Müşahidələrimə görə, deyə bilərəm ki, gənclərimiz nəinki bilgi almağa meyllidir, hətta o bilgini paylaşaraq maarifçilik fəaliyyəti göstərməkdə də aktivdirlər. Sosial şəbəkələrdə yayılan məlumatlar içərisində çoxlu elektron kitablar, məqalələr də yer alr. İstifadəçilər maraqlı materialları paylaşır və öz dostlarına oxumağı tövsiyə edir. Amma mən yaşlı nəslin nümayəndələri arasında belə nümunələrə rast gəlmirəm. Ona görə, bu gün kitabı tək klassik formada oxumağın informasiya mənbəyi olduğunu demək düzgün olmaz. Kitabları alıb oxumaq da lazımdır, lakin texnologiyanın inkişafı sayəsində ağırlıq elektron kitablara düşüb. Maddi baxımdan da bu kitablar sərfəli olduğundan gənclər elektron kitablara üstünlük verir.

Məsələnin digər tərəfi budur ki, yazılan kitablar, yerləşdirilən informasiyalar nə dərəcədə etibarlı və mötəbərdir. Yenə də gəncləri qınamaq olmur. İnternetdə, vikipediada yerləşdirilən məlumatların dəzəliş edilmək imkanları olduğuna görə, mütəxəssislər, bu sahə ilə məşğul olan şəxslər bir qədər laqeyd yanaşır.

Məsləhətdir ki, gənclər bir informasiyanı bir neçə mənbə ilə müqayisə edərək gündəmə gətirsinlər. Şəxsiyyətlərimizlə bağlı bir müəllifin kitabını deyil, bir neçə fərqli müəlliflərin kitablarını oxuyub, dəqiqləşdirmək olar. İnsanın məsuliyyəti o zaman artır ki, aldığı bilgini paylaşır və başqalarını maarifləndirir. Demək, bütün informasiyaları dəqiqləşdirib, sonra sosial şəbəkədə paylaşmaq lazımdır.

Belə məqamlarda da gənclərin ziyalı məsləhətinə, onların təcrübələrinə ehtiyacı var. Dediyim kimi, gənclər ziyalılarla ünsiyyətə çox meyllidirlər. Arzu edərdim ki, ziyalılarımız da gənclərlə ünsiyyətə daha çox vaxt ayırsınlar, öz biliklərini və təcrübələrini gənc nəsildən əsirgəməsinlər. Düzdür, vaxt çox qiymətlidir və ziyalılarımızın da işləri var. Lakin gənclərlə ünsiyyət məsələsi Azərbaycan dövlətçiliyi, cəmiyyətin gələcəyi baxımından da mühüm məsələdir. Ona görə, gənclikdən onun arzuladığı ünsiyyət imkanını əsirgəmək lazım deyil.

Gənclər kütləvi şəkildə xaricə üz tutursa, məsələn, konkret magistratura təhsilini ölkədə deyil, xaricdə almaq istəyirsə, bu, artıq həyəcan təbilidir

-Gəncliyin formalaşmasında ən mühüm məsələ təhsildir. Bir ziyalı kimi, Azərbaycan təhsilinin hazırkı mənzərəsini necə qiymətləndirirsiniz?

-Azərbaycan təhsil sistemi gənclərlə ziyalıların, müəllimlərin, alimlərin ünsiyyətinin ən geniş meydanıdır. Bu müstəvidə gənclərlə işləmək üçün geniş imkanlar var. Gəncin şəxsiyyət kimi yetişdirilməsi, cəmiyyət üçün faydalı məqamları bir məsələdir, ona peşəkar təhsil verə bilmək isə bir başqa məsələdir. Peşəkar təhsil üçün birmənalı olaraq istər orta, istərsə də ali məktəblərdə çağdaş tələblərə cavab verən müəllimlərin, tədris prosesinin olması vacibdir. Azərbaycan gənc dövlətdir, ona əsrlərlə oturuşmuş imkanlara, güclü maddi texniki bazaya cavab verən gənclərin yetişdirilməsi lazımdır. Yüksək səviyyədə təhsil verən ali məktəblərin olması təhsil ənənəsi formalaşmış dövlətlərdə də vacibdir. Lakin gənclər kütləvi şəkildə xaricə üz tutursa, məsələn, konkret magistratura təhsilini ölkədə deyil, xaricdə almaq istəyirsə, bu, artıq həyəcan təbilidir. Demək, artıq tədris sistemində islahatları aparmaq sürətləndirmək lazımdır. Beləliklə, Azərbaycan gənci tələb olunan təhsili almaq üçün xaricə üz tutmağa can atmasın. Hazırda belə situasiya gücləndiyindən təhsil sahəsində ciddi işlərə ehtiyac var.

Bundan başqa, elə peşə sahələrinə ehtiyacımız var ki, onların üzərində hələ də iş aparılır. Yeni ixtisaslara yiyələnmək baxımından tədris sistemi gücləndirilməlidir. Əks təqdirdə gənclərimizin xaricə üz tutması cəmiyyətdə dəyərlər sisteminin dəyişməsinə də təsir edəcək. Bu, Azərbaycanda gənclər arasında formalaşan mühitin təbəqələşməsi deməkdir. Bütün cəmiyyətlərdə belə xarakterik xüsusiyyət var. Tələbənin təhsil aldığı mühit onun dünya görüşünə, dəyərlərinə təsirsiz qalmır. Gənc öz ölkəsinə qayıtdıqda həmin dəyərlərin daşıyıcısı kimi qayıdır. Nəticədə müxtəlif mədəniyyətlərin daşıyıcıları olan bir mühit yaranır. Bu mühit rəqabət yaradır. Ona görə, gənclər zamanında daha yüksək təhsil verən müəssisələrə üstünlük verirlər. Tələbələrimizin kütləvi şəkildə xaricdə təhsil almasına bəraət qazandırmamalıyıq. Çalışmalıyıq ki, təhsil müəssisələrimizi gənclərin üz tutduğu xarici məktəblərin, universitetlərin səviyyəsinə yüksəldək.

Müasir gənclik öz milli kimliyini, mədəniyyətini aşağı hesab edirsə, onların təhsil səviyyəsinə, mədəniyyət və dünyagörüşünə şübhə ilə yanaşıram

Belə yanaşma var ki, Qərb mədəniyyəti və təhsilini mənimsəmiş gənclər Azərbaycan tarixinə, dövlətçiliyimizə və mədəniyyətimizə qarşı fərqli mövqe sərgiləyir. Bu, doğrudurmu?

Bu məsələnin ən gözəl nümunəsi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dönəmi ilə müqayisədir. 99 il əvvəl ilk müstəqil AXC-i quran şəxslər əksəriyyəti Avropa təhsilli ziyalılar idi. Azərbaycan milli ideologiyasını formalaşdıran şəxslər də Avropa təhsilli gənclər olub. Bu gün xaricdə təhsil alan gənclərimizə öyrətmək lazımdır ki, sizdən əvvəlki nəsil, Avropanın daha yüksək universitetlərində təhsil almışdı. Amma onlar öz vətənlərinə qayıdıb, fəaliyyət göstərirdilər. Hətta paytaxtda deyil, ölkənin hansı bölgəsindən Fransa, İngiltərə, Amerika, Almaniya kimi iri dövlətlərə getmişdilərsə, qayıdıb, öz kəndlərində, qəzalarında insanlara fayda verməyə çalışırdılar. Həmin ziyalılarımız həkim, hüquqşünas, müəllim kimi fəaliyyət göstərib, insanlara milli oyanış hislərini təlqin edirdilər. Ən yüksək nümunə kimi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və s. Avropa təhsili almış, siyasi və milli kimliyin formalaşmasında rol oynamış şəxsləri göstərmək olar. Onlar üçrəngli bayrağımızda əksini tapan müasirləşmək yolu seçmişdilər. Bu baxımdan müasir gənclik öz milli kimliyini, mədəniyyətini aşağı hesab edirsə, onların təhsil səviyyəsinə, mədəniyyət və dünyagörüşünə şübhə ilə yanaşıram. Çünki dərin dünya görüşü, elmi, mədəniyyəti olan şəxs keçmişinə, tarixinə geridəqalmışlıq kimi baxa bilməz.

Biz bu gün 99 il əvvəlki dövlətçilik tariximizlə çağdaş avropaya çıxırıq. Avropada məhz bu şanlı tariximizə görə, bizə etimad və hörmətlə yanaşırlar. Bəli, müsəlman Şərqində, türk aləmində ilk dəfə olaraq, cümhuriyyət, demokratik dövlət quran, vətəndaş cəmiyyəti institutları, Avropa tipli parlament, azad mətbuat, universitet, mədəniyyət yaratmaq baxımından ilkə imza atan məhz Azərbaycan xalqı olub. Biz demokratik dövlət qurmaq əzmində olan, onu həyata keçirən Avropa təhsilli sivil şəxsiyyətlərimizlə nəinki fəxr etməli, həm də onların təbliğatını gücləndirməliyik.

Avropa mədəniyyətinə meyl edən gənclərimizin, tariximizə, mədəniyyətimizə neqativ yanaşmalarına rast gəlməsəm də, qeyd etməliyəm ki, bunlar gənclərin özlərinin həmin cəmiyyətdə təqdim olunmasına mane olan faktlardır. Əgər o gənclər öz tarixlərini yaxşı bilib, insanlara düzgün təlqin edə bilsələr, bu, onlara özlərinin qazanacağı etimaddan öncə hörmət qazandıracaq.

Buna rəğmən arzu edirəm ki, gənclərimiz tək milli mədəniyyətimizə, tariximizə sığınaraq deyil, öz fəaliyyətləri ilə özlərini təqdim etsinlər. Onların simasında da gələcək nəsillər və indiki çağdaş Avropa bizim xalqımızı düzgün tanısın, layiqli təqdim etsin.

Arzumdur ki, Bakı şəhərində Cümhuriyyətlə bağlı xiyaban salınsın

-Azərbaycan Xalq Cümhuriyyətindən söz düşmüşkən bilirik ki, gələn il AXC-nin 100 illiyidir. Bununla bağlı hansısa təklifləriniz varmı?

Yüzillik tarix böyük yuvarlaq rəqəmdir və keçilmiş yola nəzər salmaq deməkdir. Sırf həmin dövrün tarixinin təqdim olunması, yubileyi ilə bağlı görülməli işlər çoxdur. Bu işlərin də hər birinin yükünü çəkəcək dairələr var. Elmi tədqiqat sahəsindən söhbət gedirsə, Cümhuriyyət tarixinin daha dərindən araşdırılması həyata keçirilməlidir. Ümumi baxış var - indiyə qədər çoxlu sənədlər çap olunub, monoqrafiyalar yazılıb. Amma konkret məsələlərlə daha dərindən tədqiqat aparmaq, araşdırma hazırlamaq elmi-tədqiqat sahəsi ilə məşğul olan insanların üzərinə düşür.

Elə məsələlər var ki, dövlət səviyyəsində həll edilməlidir. Məsələn, arzumdur ki, Bakı şəhərində Cümhuriyyətlə bağlı xiyaban salınsın. Bu xiyabanda istər xaricdən gətirilmiş şəxsiyyətlərin məzarları, istərsə də müxtəlif abidələr yerləşdirilsin. Xiyabanda muzey də ola bilər və Cümhuriyyət muzeyimizin bünövrəsi qoyulsa, bu, möhtəşəm hadisə olar. Gürcüstanda 1-ci Gürcüstan Cümhuriyyəti adı ilə xiyaban varsa, niyə Bakıda bu olmasın? Bu, Azərbaycan xalqının nümunəsində müsəlman dünyasının örnəyidir. Azərbaycana gələn çoxsaylı turistlər xarici qonaqlar Cümhuriyyət xiyabanını ziyarət etdikdə tamam fərqli ovqatla buradan ayrılacaq. Xarici qonaqlarımız da bilməlidir ki, belə bir dövlətçilik ənənəsi olan xalqın yurduna gəliblər.

Çox istərdim ki, xaricdə yaşamış mühacirlərimizin şəxsi arxivləri ilə bağlı məsələ ciddi nəzarətə götürülsün. Son illər xaricə gedən ziyalılarımızın çoxu mühacir ailələri ilə əlaqə qurub, həmin o arxiv sənədlərini hədiyyə alıblar. Həmin sənədləri ölkəmizə gətirən şəxslər də rəsmi şəkildə onu muzeyə təqdim etsinlər. Hələ də mühacirətdə olan insanların taleyi ilə bağlı külli miqdarda tədqiqat işləri aparılmalıdır. Şəxsi arxivlərin Azərbaycan dövlət arxivinə təhvil verilməsi ciddi həyata keçirilməlidir. Bu, bizim xaricdə olan əvəzolunmaz sərvətimizdir. Lakin nəsillər artıq dünyasını dəyişir və o arxivlərin aqibəti sual altında qalır, itib-batır.

Təbliğat məsələsinə gəlincə, beynəlxalq konfransların, iclasların keçirilməsi demək olar start götürüb. Prezident İlham Əliyevin 100 illiyin qeyd olunması ilə bağlı fərmanı 1 il əvvəldən verildi. Ona görə, 100 illik tədbirlərə də son dərəcədə ciddi və məsuliyyətli hazırlaşmaq lazımdır. 1917-ci ildə Azərbaycan muxtariyyəti hərəkatına başlandı və bu o qədər şəffaf həyata keçirildi ki, nəticədə 1 il sonra AXC yarandı. Prosesin içərisində olduğum üçün işlərin deyə bilərəm ki, həmin hadisələrlə bağlı da elmi tədbirlərə başlanılıb. Azərbaycan alimləri bu mövzularda xaricdə keçirilən konfranslarda iştirak edirlər.

Bütün bunlarla bərabər, istərdim ki, ölkə başçısının 100 illiklə bağlı verdiyi sənədlə bağlı müvafiq qurumlar yubatmadan tədbirlər planını işləyib, açıqlasınlar. Beləliklə, konkret işlərin görülməsinə start verilsin.

Düşmən Azərbaycanın çox stabil vaxtında, diqqət cəbhə bölgəsindən başqa istiqamətə yönəldiyi məqamda qəfil hücuma keçib torpaqları işğal edə bilər

Tarixən olduğu kimi, son günlər də mənfur düşmənlərimiz cəbhədə davamlı olaraq təxribatlara əl atır. Hətta bütün beynəlxalq konvensiyaların normalarını pozaraq yaşayış məntəqələrinə, mülki vətəndaşlara atəş açırlar. Belə bir dönəmdə münaqişənin həllinə necə nail ola bilərik?

- Bu artıq 30 il tarixi olan münaqişədir. Ermənilərin Azərbaycana təcavüzü məsələsi də artıq xroniki prosesə çevrilib. Ancaq xüsusilə son günlər düşmənin cəbhədə aktivləşməsini müharibəyə hazırlıq yaxud sülhdən çəkindirmə kimi qiymətləndirmək düzgün deyil. Hazırda Azərbaycan torpaqları ermənilərin işğalı altındadır və indiki situasiyada Azərbaycanın hərbi potensialının güclənməsi, regionda önəminin artması Ermənistanla müqayisədə dövlətimizin gücünü təsdiq edən şərtdir. Bunu düşmən başa düşür. Onun əlində olan yeganə imkan isə cəbhə xəttində təxribat törətməkdir. Bununla düşmən özünün gücünü, eyni zamanda geri çəkilməmək niyyətini ortaya qoymaq istəyir.

Biz tarixçi olduğumuza görə, deyə bilərik ki, son 100-150 ilin təcrübəsində ermənilər kütləvi qırğı törədəcəkləri vaxtda öncədən geniş təbliğat kampaniyasına başlayırlar. Onlar özlərinin təcavüzə məruz qaldığını irəli sürür, yazıq görkəmi yaratmağa başlayırlar. Düşmən Azərbaycanın çox stabil vaxtında, diqqət cəbhə bölgəsindən başqa istiqamətə yönəldiyi məqamda yenə qəfil hücuma keçib torpaqları işğal edə bilər. Belə ənənə erməni təcavüz tarixində rast gəlinəndir.

Ermənilərin addımları irimiqyaslı əməliyyata başlamaq mesajı, sülh prosesinə nail olmaq deyil. Bu sadəcə mövqe nümayişi kimi qiymətləndirilməlidir. Arxasında isə Rusiyanın geopolitikası dayanır. Rusiya-Ermənistan hərbi əməkdaşlığı indiki vəziyyətdə Azərbaycanı hərbi əməllərdən çəkindirmək, təxribatlarla, atəşkəsi pozmaqla, sülhü ləngitmək və niyyətdə olan məsələlərin yerinə yetirilməsi mahiyyəti daşıyır. Amma bu əməkdaşlığın arxasında hər hansı iri hücum əməliyyatının dayanması mesajı yoxdur.

Hazırladı: Aysel ASLAN