Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunun Bereket kəndində yaşayan anadangəlmə görmə məhdudiyyətli Kemal və Süheyla Köse bacı-qardaşları yarım əsrdən artıqdır həyatlarını birlikdə davam etdirirlər.
74 yaşlı Kemal kənddə heyvanlara qulluq edir, odun doğrayır, soba yandırır və bağda işləyir. Kəndi və yolları əzbər bilən Kemal 17 kilometr məsafədə yerləşən rayon mərkəzinə belə piyada gedə bilir. 56 yaşlı Süheyla isə yemək və çörək bişirir, ev işlərini görür, bağdan məhsul toplayır və süd sağır.


Uşaqlıqdan təhsil almaq arzusunda olan Süheyla bu istəyini 36 yaşında reallaşdırmaq üçün təhsilə başlayıb. O, orta məktəb və liseyi bitirdikdən sonra universitetə qəbul olub və 50 yaşında Atatürk Universitetinin Açıq Təhsil fakültəsinin İctimaiyyətlə əlaqələr və tanıtım ixtisasından məzun olub.
Qızının diplom aldığını görmək istəyən atası Latif Köse isə onun məzuniyyətindən əvvəl vəfat edib. Süheyla diplomunu aldıqdan sonra atasının məzarını ziyarət edərək diplomunu özü ilə aparıb.
Süheyla ailələrə əlilliyi olan uşaqların təhsilinə dəstək verməyi tövsiyə edib. O, həyatın mübarizəyə dəyər olduğunu vurğulayaraq, “Bir çiçəyin qoxusu, pişiyi qucaqlamaq, heyvana toxunmaq belə həyata bağlanmaq üçün səbəbdir” deyib.