Trampdan “super zəka” texnologiyalarına dəstək

ABŞ Prezidenti Donald Tramp “super zəka” texnologiyalarını dəstəklədiyini və bu texnologiyalara sahib olmaqla yanaşı, onlardan gəlir əldə etmək istəyən bir sıra ABŞ ştatları ilə əməkdaşlıq edəcəyini bildirib.

Sherg.az xəbər verir ki, bu barədə Tramp sosial media hesabında paylaşım edib.

ABŞ lideri “super zəka” texnologiyalarına sahib olan və onlardan iqtisadi fayda əldə etmək istəyən bir çox ştatla işləyəcəyini vurğulayıb.

Tramp bu texnologiyaların “qızıl” dəyərində olduğunu qeyd edərək bildirib:

“Yalnız ağılsız bir administrasiya (super zəkanın) gətirdiyi sərvətdən imtina edər”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 30-da “süni intellekt” (AI) əvəzinə “super zəka” (SI) terminindən istifadəni nəzərdə tutan prezident fərmanını imzalayıb.

Ağ Evin yaydığı məlumat vərəqinə əsasən, fərman bütün nazirlik və qurumların rəsmi yazışmalarda, ictimaiyyətə açıqlamalarda, siyasət sənədlərində və hüquqi xarakter daşımayan digər sənədlərdə “super zəka” və “SI” terminlərindən istifadə etməsini məcburi edir.