Ağır tərbiyə olunan uşaqlar daha çox cinayət törədir
Vəkil qeyd edib ki, əsas məsələlərdən biri uşaqların cinayəti hansı səbəbdən törətdiyini aydınlaşdırmaqdır
Azərbaycanda ağır cinayətə görə yetkinlik yaşına çatmayan şəxslərə verilən sərt cəzaların yüngülləşdirilməsi təklif edilir. Bununla bağlı UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvadin məlumat verib. O, törədilmiş ağır cinayətə görə, Azərbaycanda uşaqlar üçün tətbiq edilən maksimal həbs müddətinin 10 ildən 8 ilə endirilməsini təklif edib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə bildirib ki, törətdikləri ictimai təhlükəli əməllərə görə cinayət məsuliyyətinə cəlb edilən yetkinlik yaşına çatmayan şəxslərə münasibət, onların barəsində cinayət təqibinin həyata keçirilməsi, xüsusilə də bu şəxslər barəsində tətbiq edilən cəzaların, tərbiyəvi tədbirlərin növləri, cinayət mühakiməsinin aparılması qaydaları son illər dünyada olduğu kimi Azərbaycanda da olduqca aktuallıq qazanıb. Yetkinlik yaşına çatmayan şəxslərin cinayət mühakimə icraatı digər yaşlı şəxslərin işlərindən daha çətin və məsuliyyətlidir.
A.Səfixanlı hesab edir ki, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərə hüquqi qiymət verilməsi və həmin cinayətlərə görə məhkəmələr tərəfindən çıxarılan hökmlərlə təyin olunan cəzaların və həmin cəzaların çəkilməsi xüsusiyyətlərinin təhlili olduqca mühüm əhəmiyyət kəsb edir. Aparat rəhbərinin fikrincə, cinayət məsuliyyətinə cəlb edilən yetkinlik yaşına çatmayan şəxslərin tərbiyə olunmaları və cəmiyyətə geri qazandırılmaları olduqca vacib bir problemdir. Onun sözlərinə görə, təqsirin formasından asılı olmayaraq, ilk dəfə cinayət törətmiş yetkinlik yaşına çatmamış şəxslərə ağır cəzaların verilməsi cəzanın qarşısına qoyduğu məqsədlərə çatma baxımından effektiv sayıla bilməz.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda yaşı 14-18-dək olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə 467 cinayət törədilib. Ötən il cinayət törətmiş şəxslərin 477 nəfəri 14-18 yaşadək uşaqlar olub. Həmin uşaqların 233-nün cinayəti oğurluqla bağlı olub ki, bu da ötən illərlə müqayisədə çoxdur. 2016-cı ildə yetkinlik yaşına çatmayanlar tərəfindən 576 cinayət hadisəsi törədilib. Onlardan 80-i ağır və ya xüsusilə ağır, 405-i az ağır, 91-i böyük ictimai təhlükə törətməyən cinayət faktı olub.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən hüquq müdafiəçisi İradə Cavadova verilən təkliflərlə razılaşdığını bildirib. Vəkil qeyd edib ki, əsas məsələlərdən biri uşaqların cinayəti hansı səbəbdən törətdiyini aydınlaşdırmaqdır:
"Düşünürəm ki, yetkinlik yaşına çatmayanlarla bağlı cəzaların yüngülləşdirilməsi məqsədəuyğundur. Lakin bu məsələdə müəyyən profilaktik işlər görülməlidir. Məsələn, cinayətin nədən qaynaqlandığı dəqiq araşdırılmalıdır. Hansı uşaqların belə cinayətləri törətdiyi müəyyən olunmalıdır. Bilirsiz ki, ailədə problemlər yaşayan uşaqlar var. Yaxud da küçə uşaqları var, hansılar ki, valideyn himayəsindən məhrum olublar. Ümumiyyətlə, ağır tərbiyə olunan uşaqların sayı çoxdur. Onlar daha çox cinayət törədirlər. Onların psixoloji durumu vacib faktorlardan biridir. Hesab edirəm ki, onların saxlanma şəraiti, təhsili, cəmiyyətə inteqrasiya olunması istiqamətində xeyli işlər görülməlidir”.
Yeganə Bayramova