Çingiz 10 milyonluq xalqa oğul oldu

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi




Son illər cəmiyyətdə "bu Vətən ancaq kasıb balaları üçündür”, "cəbhədə ancaq kasıbın balası şəhid olur, varlının balası isə öz kefində-damağındadır” kimi yanlış rəylər formalaşıb. Ürəyi vətən eşqi ilə döyünən oğullar isə hesab edir ki, bizi vətəni qorumayanların qorxaqlığı ruhdan salmamalıdır, əksinə, vətən uğrunda son damla qanına qədər döyüşməyə hazır olan insanları özümüzə nümunə götürməli, onların yolunu davam etdirməliyik. Orxan Şaiq Gökyayın "Bu vətən kimin?” şeirində dediyi kimi:

Bu Vətən torpağın qara bağrında

Sıra dağlar kimi duranlarındır!

Bir tarix boyunca onun uğrunda

Özünü tarixə verənlərindir.

Bəli, bu Vətən torpaq uğrunda can verənlərin, qanı bu torpağa qarışan Şəhidlərindir. Bu Vətən Qarabağ uğruna öz silahına sarılıb, döyüşə atılan mərd oğullarındır. Bu Vətən həm də torpaq uğrunda əzizini itirməsinə rəğmən içini yandıran acıya sinə gərib, göz yaşlarını qəlbinə həbs edərək "Vətən sağ olsun!” deyən şəhid əmanətlərinindir.

Bu Vətən millətin qanındakı vətənpərvərlik ruhunu, döyüş əzmini bir gecənin içində vulkan tək püskürdən Mübarizin İbrahimovun, Mübarizin nəşini gətirmək üçün düşmən cinahına təkbaşına keçən Fərid Əhmədovun, "Aprel döyüşləri”nin saysız qəhrəmanlarınındır. Bu vətən cansız bədəni 39 gün düşmən əsirliyində qalan, 40-cı gün uğruna canından keçdiyi torpağına qovuşan Çingiz Qurbanovundur. Şübhəsiz ki, artıq Çingiz Qurbanov da bu ölkədə təqdimata ehtiyac olmadan adı anılan şəxsiyyətlərdəndir.

O Çingiz ki öz qəhrəmanlığı ilə bir göz qırpımında Azərbaycan gəncləri üçün əsl vətənpərvərlik nümunəsinə çevrildi. 22 yaşına qədər bir ailənin göz bəbəyi olan Çingiz dekabrın 29-dan sonra 10 milyonluq Azərbaycan xalqına oğul oldu. Şəhid əsgərimiz qəhrəmanlıq salnaməsi ilə dolu olan tariximizi öz qanı ilə yenilədi. Yeni bir tarix yazdı.

Mübariz İbrahimov adı bizim üçün qəhrəmanlıq simvolu olmaqdan əlavə müasir Azərbaycan tarixinin təkrar olunmayacaq vətənpərvərlik nümunəsi idi. Amma Çingiz öz hünəri ilə Mübariz
zirvəsinə yüksəlməyi bacardı. "Hamımız Mübarizik” devizinin heç də boğazdan yuxarı mübaliğədən ibarət olmadığını cümlə-aləmə sübut etdi.

Vətənpərvər olmaq üçün sadəcə Milli Qəhrəman Çingiz Qurbanov kimi olmaq yetər

Şübhəsiz ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində aparılan işlər çərçivəsində milli qəhrəmanlarımızın gənclər arasında təbliği, onların adlarının əbədiləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə, örnək kimi təqdim edir. Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsinə daxil olan belə insanların keçdiyi yol müasir dövrdə gənclərimizin mənəviyyatına güclü təsir göstərir.

Bu mənada Çingiz Qurbanovun qəhrəmanlığının cəmiyyətə və gənclərə ötürdüyü mesajlar maraqlıdır. İstənilən halda qəhrəmanlarımızın keçdiyi yol gənclərimizin mənəviyyatına müsbət təsir göstərir. Yurdumuzun bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələnlər qeyrət simvolumuz, mərdlik məktəbimizdir. Vətənpərvər olmaq üçün, sadəcə, Milli Qəhrəman Çingiz Qurbanov kimi olmaq yetər. Belə oğullar qanı ilə, canı ilə vətənə bağlı olur. Vətənpərvərlik, torpaq qeyrəti belə oğulların iliyinə hopur. Vətən də məhz belə qəhrəmanlara oğul deyir.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi bu gün dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqət çəkir. Humanist ideyalara xidmət edən təhsil sistemi, insani dəyərlərin böyük əhəmiyyət kəsb etməsi, vətəndaş tərbiyəsi, insan azadlığına və hüquqlarına hörmət, ətraf mühitə, vətənə, ailəyə məhəbbət, milli mədəniyyətin inkişafı, milli adət-ənənələrə hörmət və ehtiram tərbiyə məsələsinin əsasında durur. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində respublikamızın hər yerində lazımi işlər aparılır. Uşaqlarla vətəni qorumaq və sevməklə bağlı müxtəlif mövzularda söhbətlər edilir.

Nəşinin qaytarılmasından bir gün sonra Çingiz Qurbanova Azərbaycan Milli Qəhrəmanı adının verilməsi isə gənclərin milli ruha köklənməsi nöqteyi-nəzərindən təqdirəlayiqdir.

Çingiz Qurbanov erməni təxribatının qarşısını alarkən qəhrəmanlıq göstərərək şəhid olub

Qeyd edək ki, Çingiz Qurbanov 1994-cü ildə Qusarın Həzrə kəndində anadan olub. O, məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetindən 2016-cı ildə məzun olub. 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Düşmən tərəfi döyüş toqquşması zamanı canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Çingiz Qurbanov erməni təxribatının qarşısını alarkən qəhrəmanlıq göstərərək şəhid olub. Düşmən düz 39 gün bütün beynəlxalq normaları pozaraq Azərbaycan ordusunun şəhid olmuş əsgəri Çingiz Qurbanovun cəsədini qaytarmaqdan imtina etdi. Nəhayət, Ç.Qurbanovun nəşi fevralın 5-də geri qaytarılıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub. Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Şəhidlə vida mərasimi fevralın 6-da səhər saat 09:30-da Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilib. Şəhid Çingiz Qurbanov fevralın 6-da böyük izdihamla Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Çingiz Qurbanov son nəfəsinə qədər vuruşub

Dəfndən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev Çingiz Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidenti fevralın 9-da Milli Qəhrəmanın ailə üzvlərini qəbul edib. Dövlət başçısı bildirib ki, Ç.Qurbanov düşmənlə üzbəüz qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərib: "Təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalsa da, geri çəkilmədi, qorxmadı. Çingiz Qurbanov son nəfəsinə qədər vuruşub, bir neçə işğalçını məhv edib, şəhidlik zirvəsinə ucalıb. Biz Çingiz Qurbanovla fəxr edirik. Bütün Azərbaycan Çingiz Qurbanovla fəxr edir. Bu, bir daha göstərir ki, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgəri var. Çingiz Qurbanov böyük vətənpərvərlik, rəşadətlik göstərib”. Ölkə başçısı Çingiz Qurbanov kimi qəhrəman övladı Azərbaycana bəxş etdikləri üçün Qusar rayon sakinlərinə hörmətini ifadə edib.

Prezident İlham Əliyev həmçinin Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinin Bakı şəhəri Xətai rayonunda 3 otaqlı evlə təmin edilməsi barədə göstəriş verib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov isə şəhidin adının şəhərin mərkəzi küçələrindən birinə verilməsi barədə sərəncam imzalayıb. İcra hakimiyyəti tərəfindən onun oxuduğu Həzrə kənd məktəbinə Çingiz Qurbanovun adının verilməsi üçün Nazirlər Kabineti qarşısında məsələ də qaldırıb.

Deyirsiz, çox qürurluyam. Əlbəttə, Çingiz kimi oğlu olan necə olmalıdır?!

Çingizin atası Salman Qurbanov dekabrın 28-i saat 21 radələrində oğlunun zəng vurub, hamıyla danışdığını deyib. Sən demə, bu, şəhidin ailəsi ilə son vidalaşması imiş. Amma hardan bilsinlər ki, o gündən sonra bir də Çingizlərinin səsini eşitməyəcək, üzünü görməyəcəklər. Dekabrın 28-dən sonra ailəsi bir daha Çingizlə ünsiyyət qura bilmədilər, əvəzində isə cəmisi 1 gün sonra onun elədiklərinin səs-sorağından bütün Azərbaycan xəbər tutdu, xalq öz şəhidini bağrına basdı: "Sonuncu dəfə avqust ayında anası ilə andiçməsinə getmişdik. Elə son gördüyümüz də o oldu. Görüşümüz müddətində ancaq gələcək dərslərindən danışırdı. Planlarını cızırdı, arzularını deyirdi. "Konspektlərimdən muğayat olun” - deyib, gülürdü. Baxın, bütün şəkillərində gülür. Elə bir şəkli yoxdu əlimizdə ki, gülməsin, gülümsəməsin. Gülə-gülə getdi oğlum, həm də alqışlarla. Hamı alqışladı balamı, son mənzilinə gedəndə. Hamı, bütün Qusar, Həzrə, hər yerdən gələnlər. Mən necə ağlaya, kövrələ bilərdim bu alqışların arasında. Deyirsiz, çox qürurluyam. Əlbəttə, Çingiz kimi oğlu olan necə olmalıdır?! Mən oğlumla qürur duyuram. Onun bu cür qəhrəmanlıqla şəhid olması mənim ürəyimi dağa döndərdi. Onun dəfninə minlərlə adam gəlmişdi. Qusarda heç vaxt belə qələbəlik olmamışdı. Məni oğul itkisindən çox, ermənilərin vəhşiliyi ağrıtdı. Onun meyiti gələnə kimi nə yediyimizi bildik, nə içdiyimizi. İndi çox rahatam, çox. O ağır günlərdə dövlət də yanımızda durdu. Prezident məsələni diqqətində saxladı. Çingiz nəinki Həzrənin, bütün ölkənin başını uca elədi. Bax, balkonumuza. Azərbaycanın bayrağını asmışam. O bayraq həmişə orada duracaq. Nə qədər mən sağam. Nə qədər bu ailə burada yaşayır”.

... Heç bir təbliğat aparılmasa belə gənclik özü hər şeyi görür

Millət vəkili, akademik Nizami Cəfərov da Çingiz Qurbanovun qəhrəmanlığının təbliğ olunması istiqamətində kifayət qədər addımlar atıldığını düşünür. Onun sözlərinə görə, Çingizin nəşinin qaytarılması istiqamətində dövlət və ictimaiyyət səviyyəsində atılan addımlar və nəhayət buna nail olunması, onun cənazəsinin Bakıya fəxri qarovullarla gətirilməsi, Müdafiə Nazirliyinin Təhsil Tədris Mərkəzində vida mərasiminin keçirilməsi, izdihamlı dəfn mərasimi, ailəsinin ölkə başçısı tərəfindən qəbul olunması, Çingiz Qurbanova "Milli Qəhrəman” adının verilməsi və ən nəhayət, ailəsinin evlə təmin olunması kimi atılan addımların özü bizim üçün çox böyük bir materialdır: "Sadəcə, bu məlumatları əldə etmək və mənimsəmək lazımdır. O zaman Çingiz Qurbanovun necə bir igid olduğu ortaya çıxacaq. Amma biz bununla kifayətlənməməliyik. Çingiz Qurbanovun yazdığı qəhrəmanlıq dastanının gələcək nəsillərə aşılanması üçün qələm adamları onun haqqında şeirlər, romanlar yazmalı, onun həyatı hər kəsə örnək kimi göstərilməlidir. Çingiz Qurbanovun şəhidliyi bizim şanlı tariximizin həm yeni bir qəhrəmanlıq səhifəsidir. Onun qəhrəmanlığının yüksək səviyyədə qiymətləndirilməsi və adına layiq şəkildə dəfn olunması dövlətin və xalqın öz şəhidinə münasibətinin göstəricisidir”. N.Cəfərovun qənaətincə, Çingizin qəhrəmanlığı kitablara, filmlərə salınmasa, bu istiqamətdə xüsusi bir təbliğat aparılmasa belə, gənclik özü hər şeyi görür.

Öz qanından, canından keçən şəhidlərimizin hər biri bizim üçün doğmadır

Xalq şairi Sabir Rüstəmxanlı isə gənclərə örnək qəhrəmanların fərdlərə bölünməsinin tərəfdarı olmadığını deyib. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan, işğal altında qalan torpaqlarımızın azadlığı naminə öz qanından, canından keçən şəhidlərimizin hər biri bizim üçün doğmadır. Onların qəhrəmanlıqları müqayisə olunmayacaq dərəcədə vəhdət təşkil edir: "Amal eyni olanda atılan addımın kəmiyyəti bir əhəmiyyət daşımır. Qarabağ uğrunda mübarizə aparan hər bir Vətən övladının həyatı gənclərin milli mənlik şüurunun inkişafı və onlarda vətənpərvərlik duyğularının formalaşması üçün ən mühüm vasitədir. Hansısa bir şəhidin qəhrəmanlığını qabardıb, digərlərinin mübarizəsini arxa plana atmağın heç vaxt tərəfdarı olmamışam. Çingiz də digər şəhidlərimizlə birlikdə bizim üçün ən yüksək zirvədədir. Müharibə dövrünü görməyən gənclərin vətənpərvərlik ruhunda böyüdülməsində onun qəhrəmanlığının böyük rolu olduğunu söyləyib.

Şəymən Bayramova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür