Deputat da təsdiqlədi: "Şəhidlər və onların ailələri arasında fərq qoyulmamalıdır"




"Prezident İlham Əliyev heç bir şəhid arasında fərq qoymamaq, şəhid və əsgər ailələrinə diqqət, qayğı göstərmək, yaralılarımıza, qazilərimizə yardımları ilə bütün məmurlara nümunədir”.

Bunu Sherg.az-a şəhidlər və şəhid ailələri arasında ayrıseçkilik yaradılması hallarını tənqid edərkən millət vəkili Elman Məmmədov deyib. 

Deputat bildirib ki, dövlətin başçısı bu həssas məsələdə əlindən gələni edirsə, məmurlar da bundan ibrət götürməlidirlər:

"Məlumat üçün deyim ki, aprel ayının 3-də Pirallahıda, Lələtəpədə ilk şəhid olmuş Xocalı sakininin yas mərasimində iştirak etdik. Şəhidimizin anım mərasimində Xocalı Şəhər İcra Hakimiyyəti, Pirallahı İcra Hakimiyyəti, Dağlıq Qarabağın Azərbaycanlı İcması, Müdafiə Nazirliyi də iştirak edirdilər. Orada ehsan verildi və şəhidimizin ruhuna dualar oxundu. Elə bu gün də ötən il Talış istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman əsgərimizin Raquf Orucovun anım mərasimi keçirildi. Millət vəkilləri Bəxtiyar Əliyev və Bəxtiyar Sadıqovla birlikdə şəhidimizin anım mərasimində olduq. Təbii ki, orada Sumqayıt şəhəri və Ağdam Rayonunun İcra Hakimiyyətlərinin nümayəndələri də var idi. Müdafiə Nazirliyindən səlahiyyətlilər iştirak edirdi. Bütün bunlar sübut edir ki, şəhid ailələri dövlətimizin qayğısındadır. Onların sosial təminatları, mənzil-məişət şəraitinin yaxşılaşdırılır. Bütün bunlar mənə çox xoş təsir bağışlayır”.

Bütün şəhidlərin diqqətdə saxlanmalı, şəhid ailələrinə bətabər şəkildə qayğı göstərilməli olduğunu söyləyən E.Məmmədov vurğulayıb ki, şəhid ailələrinə diqqət, şəhidlərə qayğı məsələsində ayrıseçkilik olmamalıdır:

"Kimsə bir az qohum, yaxınlar cəhətdən şanslıdırsa, aktiv təbliğat aparırsa, haqqını tələb edirsə, onlara bir az artıq qayğı göstərib, sadə, öz halında yaşayan şəhid ailələrini isə diqqətdən kənarda qoymaq olmaz. Çünki bu nümunəni bizə cənab prezidentimiz göstərir. Bu nümunədə biz ondan bəhrələnib, özümüzü o cür aparmalıyıq. Heç bir rayonda, heç bir təşkilatda şəhidlər arasında fərq olmamalıdır. Şəhidlər müqəddəsdir, onların hər biri üçün, ailələri üçün dövlət əlindən gələni edir. Məmurlar da saymazlıq etməməli, məsuliyyətsizliyə və səhlənkarlığa yol verməməlidirlər. Nümunə, ibrət yeri cənab Prezidentin addımlarıdır. Təbii ki, biz deputatlar, digər dövlət qulluqçuları, məmurlar, tanınmış şəxslər, səlahiyyətlilər də bundan bəhrələnib, özümüzü bu cür aparmalıyıq”.

Qeyd edək ki. son günlər bəzi aprel şəhidləri ilə bağlı kitabların yazılıb, filmlərin çəkilməsi, hər hansı bir tanınmış qohum-əqrəbası olmayan şəhidlərimiz haqnda hər hansı bir məqalənin belə hazırlanmaması sosial şəbəkələrdə müzakirələr səbəb olub. Şəbəkə istifadəçiləri şəhidlər və onların ailələrinə göstərilən diqqət və qayğının bərabər şəkildə aparılmalı olduğunu iddia edirlər. 

Ayyət Əhməd