- Layihənin həyata keçirilməsi üçün Avanda Açaryan küçəsində yerləşən torpaq sahəsi şirkətə 25 il müddətinə əvəzsiz olaraq verilib
İrəvanda “Yuventus” futbol klubunun filialı açılıb. Açılış mərasimində UEFA-nın nümayəndəsi də iştirak edib.
Sherg.az xəbər verir ki, İtaliya klubunun futbol akademiyasının İrəvanda açılması ilə bağlı qərarı Ermənistan hökuməti hələ 2024-cü ilin avqustunda qəbul edib. Layihənin dəyəri 3 milyon dollar qiymətləndirilib və investisiyaları “Next Gen Sports LLC” şirkəti öz üzərinə götürüb.
Layihənin həyata keçirilməsi üçün şirkətə Avanın Açaryan küçəsində yerləşən torpaq sahəsi 25 il müddətinə əvəzsiz olaraq verilib. Layihə həmçinin əsas stadionun yaxınlığında ehtiyat meydançasının da daxil olduğu “Razdan” idman kompleksinin özəlləşdirilməsini nəzərdə tutur.
Təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan jurnalistlərə açıqlamasında bildirib ki, uşaq və yeniyetmələr arasında futbol təhsilinin inkişafı Ermənistanda bu idman növünün inkişafının ən mühüm təminatlarından biridir.
Nazirin sözlərinə görə, Ermənistan beynəlxalq təcrübəyə çıxış əldə etməlidir və bu baxımdan dünyanın aparıcı klublarının akademiyalarının açılması zəruri strategiyadır. O qeyd edib ki, proqramın sosial istiqaməti də var: bu, istedadlı uşaqların ödənişsiz təhsil almasına imkan verəcək.
Paytaxt meri Tiqran Avinyan isə akademiyanın açılmasının futbolla maraqlanan erməni uşaqları üçün geniş imkanlar yaradacağını bildirib.
O, bunu keyfiyyətcə yeni Ermənistan millisinin formalaşdırılması istiqamətində yaxşı başlanğıc adlandırıb.