Deputatdan şairə CAVAB: "Çox primitiv bir qaqaş yanaşmasıdır"
Fazil Mustafa:"Kiminsə kənddən gəlməsinin Bakının mədəni səviyyəsinin aşağı düşməsinə təsir göstərdiyini söyləmək olmaz"
Bu günlərdə gənc şair Şəhriyar del Gerani öz feysbuk səhifəsində Bakıya axın olan rayon və kənd camaatının paytaxtda mədəni mühiti pozmaları ilə bağlı mübahisə doğuracaq bir status paylaşıb.
Həmin paylaşımı olduğu kimi təqdim edirik :
" İyul da gəlsə idi rayon adamları çıxıb gedər idilər öz küçələrinə tüpürməyə. Çərlədik tamam. Mən Bakıda cəmi bu iki ayı rahat ola bilirəm:
1. İyul
2. Avqust.
O vaxtlar ki, Bakıda qoyun hesabına oxuyan, kirayələrdə toyuq-cücə hesabına qalan, imtahanları dana, yumurta hesabına keçən tələbələr, tikintilərdə tapşırıqla fəhlə işləyən rayon adamları çıxıb gedirlər aidiyyatları üzrə məkanlara. Vəssəlam! Başqa heç vədə. İlahi, adam nə qədər yerə tüpürər, adam nə qədər eskalatorda, avtobusda ayaq tapdalayar, adam ictimai nəqliyyatlarda nə qədər iy verib iylənər, adam nə qədər metroda şit-şit, uca səslə gülünüb qurtarmış zarafatlar edər, adam nə qədər piyada keçidlərində sürücülərin əsəbləri ilən oynayar, adam nə qədər ona-buna sataşar, adam nə qədər ətrafa zərər verməyə aludə, vərdişkar olar? Bu boyda ölkədə bircə nəfəsliyimiz var, onu da zəbt eyləyib nəfəsimizi kəsirlər. Birtəhər dişini-dişinə sıxıb yola gedirsən. Amma başa düşürəm mənim kimi bəy, axundzadə, zadəgan nəslinin nümayəndələri, oyuncaqları kitablar olmuş kəslər, ümumiyyətlə şəhər elitası, aristokrat təbəqə nələr çəkir bunların əlindən".
Əlbəttə, bu düşüncə sosial şəbəkə istifadəçiləri və eləcə də ictimaiyyət nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Kimi rayon cammatının paytaxtda mədəniyyəti korrupsialaşdırdığını iddia edərək şairin qənaətini dəstəkləyir, kimi isə bu yanaşmaya narazılığını ifadə edir. Və bildirir ki, Azərbaycanın dünənki, bugünkü tarixinə, cəmiyyətinə, ədəbi mühitinə nəzər saldıqda ölkəmizdə ən işıqlı, aydın şəxsiyyət kimi tanınaların, böyük ziyalı adını qazananların əksəriyyəti məhz rayonlarda dünyaya göz açıb.
Məsələn, millət vəkili Fazil Mustafa da bu yanaşmaya etiraz edənlər sırasındadır. O, Sherg.az-a söyləyib ki, yazıçıların obrazlarla həyatın sosial problemlərini təhlil etməsi normal qarşılanmalıdır. Bəzən ifrata varılsa belə , xoşumuza gəlməsə belə bunu yaradıcı yanaşma kimi qəbul etmək olar. Amma adıçəkilən şairin düşüncələrində yaradıcı yanaşmadan daha çox primitiv bir qaqaş yanaşması var:
"Biz şəhərliyik, gəlmələr olmasa idi, daha böyük intellektual uğurlar əldə edə bilərdik" yanaşması doğru deyil. İndiki məqamda Azərbaycanda gəlmə və yaxud da yerli problemi artıq siyasi şərtlər üzündən çoxdan pozulub. Demoqrafiq vəziyyət xeyli dəyişib. Konkret olaraq bakılı ya qeyri-bakılı anlayışı gündəmdən çıxıb. Çünki müəyyən yerdəyişmələr oldu. Çoxsaylı insanlar Qərbi Azərbaycandan , Qarabağdan köçüb Bakıda məskunlaşmalı oldu. Onlar bu şəhərin ayrılmaz insanlarıdır və şəhər mühitinə adaptasiya olunublar. Ona görə də bu cür yanaşma tamamilə sağlam olmayan bir mühakimədir. Yenə söyləyirəm ki, burada primitiv bir qaqaş mühakiməsindən söhbət gedə bilər. Kiminsə kənddən gəlməsinin Bakının mədəni səviyyəsinin aşağı düşməsinə təsir göstərdiyini söyləmək olmaz. İndi kimsə kitab mağazasını bir restorana, kafeyə çevirirsə, bu, artıq düzgün olmayan siyasətin nəticəsidir ki, mədəniyyət və iaşənin paylaşımı doğru getmir.
Bunun doğru aparılmaması isə mədəniyyət və ədəbiyyat sferasında doğru istiqamətləndirmənin olmamasından qaynaqlanır. Məsələyə rayondan gələn adamın buradakı fəaliyyəti və görüntüsünün əlaməti deyil. Bu, onsuz da ümümi xarakterdə ifadə olunan bayağılıqıdır. Ona qalsa yerli mühitin yaratdığı da böyük sənət əsəri deyil. Məsələn, meyxana hansısa böyük bir sənətin nümunəsi deyil. Bu bir eqzotikadır. Bu mənada hər kəs bir-birinin eqzotik məhsuluna səbrlə yanaşmalıdır. Ona görə də istər yazarların, istərsə də siyasətçilərin aşağılayıcı üslubda təhlil aparması faydalı deyil".
Hər hansı bir yaradıcı adamın naqolay fikirlərinə yol verilməsinin tərəfdarı olduğunu söyləyən parlamentari diqqətə çatdırıb ki, istedadlı adamların ərköyünlüyünə dözmək lazımdır. Çünki cəmiyyəti istedadlı adamlar önə çəkə bilir. Həqiqətləri onlar söyləyə bilir:
"Amma şairin söylədikləri həqiqət deyil. Bu, aşağılamaqdar, təhqirdir. Hesab edirəm ki, bir az primitiv mühakimənin gəldiyi nəticədir. Daha fərqli bir şeylər tapa bilərdi . Məsələn, bu cür mədəni mühitin müəyən dərəcədə zəifləməsi, mədəni əlaqələrin cılızlaşmasının daha fərqli formada təsvirni verə bilsəydi, daha faydalı olardı. Bunu ailə institutu və təhsil sistemi ilə əlaqələndirsəydi bu, daha ağlabatan və yararlı olardı. O baxımdan da bu cür mühakimə sağlam və faydalı mühakimə sayıla bilməz. Onunla da barışmalıyıq ki, istedadlı, savadlı və yaradıcı insanlarımız cəmiyyətə daha çox sağlam tənqidlə fayda verə biləcək bir istiqamət götürməlidir".
Sovet dönəmində rayon və kəndlərdən paytaxta təşrif buyuranlara davranışla bağlı kitabçaların paylaşmasına dair iddialara gəlincə, deputat bunun boş və mənasız söhbət olduğunu söyləyib:
"Söhbət ondan gedir ki, o vaxtlar Bakı bir rus və ya erməni şəhəri idi. Millət vəkili Ağacan Abiyevin bir xatirəsini dinləşmişdim: "1959-cü ildə Bakıda yarış keçiriləndə Ermənistan yığmasının tərkibi tamamilə ermənilərdən ibarət idi. Azərbaycan yığmasının isə tərkibində 12 nəfər vardı və onlardan cəmi 2-i azərbaycanlı olub. Digər ikisi rus, 8 -i isə erməni olub". İndi biz bu şəhəri azərbaycanlı şəhərinə çevirmişik.
Ola bilər ki, milli kompanentlərimizdə hansısa natamamlıq olsun. Müəyyən məsələlər bizi qane etməyə bilər. Bunu biz də tənqid edirik. Amma bütöv lükdə axı biz özümüzük. Özümüzdən imtina etmək kimi bir "lüks"umuz yoxdur. Allah bizi bu millətin təmilçisi kimi yaradıb. Bu mənada yanaşma konteksi budur. Nə davranış qaydası qoyula bilər ki ? Davranış qaydası odur ki, rus dilini bilmədən irəliləmək olmurdu. İnsanlarımızın da də xeyli hissəsi bu dili qısa müddətdə öyrənə bildi. Onda bir çox azərbaycanlılar rus dilində ruslardan da yaxşı əsərlər ortaya qoya bilərdilər. Bu, millətin xaraktersizliyi və bacarıqsızlığı ilə bağlı məsələ deyil. Millətin potensialından doğru istifadə etməməklə bağlı problemlər var idi. O problem bu gün də mövcuddur. Çünki idmançıya verdiyimiz pulu alimə, müəllimə verə bilmiriksə, doğru istiqaməti müəyyən etməkdə çətinliklərlə üzləşəcəyik".
Hazırladı: Ayyət ƏHMƏD