Düşmənin gözü qorxub...

Ermənistan işğal olunmuş torpaqlarımızı boşaltsaydı, Azərbaycan bu qədər silahlanmazdı




Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutu dünya silah bazarında son illərdə həyata keçirilən müqavilələrlə bağlı hesabat yayımlayıb.
Hesabata əsasən, 2012-2016-cı illərdə Azərbaycan Ermənistana nisbətən 20 dəfə daha çox silah alıb. Qeyd olunur ki, hər il Rusiyada istehsal olunan silahların 4 faizinə Bakı sahib olur. Ən çox silah satan ölkələr isə ABŞ və Rusiyadır.

Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutunun hazırladığı hesabatların bir o qədər də dəqiq olmadığını vurğulayan ehtiyatda olan polkovnik-leytenant, hərbçi-ekspert Üzeyir Cəfərovun sözlərinə görə, adətən ölkələr əldə etdikləri silah-sursat və hərbi texnikanı məxfi qrif altında saxlayırlar. Sahib olduğu hərbi texnikanın beynəlxalq ictimaiyyətə açıqlanması həmin ölkənin təhlükəsizliyi ilə bağlı müəyyən problemlər yarada bilər. Amma müqayisə baxımından hərbçi-ekspert sözügedən statistikanın təqdirəlayiq olduğunu deyib. Onun sözlərinə görə, Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan təbii olaraq, bir az da məcburiyyət qarşısında ordusunun silahlanmasına böyük miqdarda vəsait ayırır: 

"İndi ordumuz düşmən üzərində əzici hərbi üstünlüyə malikdir və bunu sadəcə Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutunun hesabatı yox, bir sıra nüfuzlu beynəlxalq qurumlar da təsdiq edir. Doğrudan da bu gün ordumuz ən yeni tanklar, zirehli maşınlar, artilleriya qurğuları və digərləri ilə təchiz olunub.

Belarusiyanın hərbi sənaye kompleksi güclü olduğu üçün Azərbaycan onlardan silah alır. İsraildən isə modern silahlar, Rusiya isə sovetin varisi olaraq silah-sursat istehsalında hər zaman ön sıralarda dayanıb. Bir sözlə, Qarabağda müdafiə sistemi təşkil edilib, hərbi sursat anbarları və hərbi texnika üçün saxlama yerləri yaradılıb. Bu sistemlər münaqişə baş verdiyi halda döyüş hazırlığı vəziyyətinə gətirilə və ekipajlarla təmin edilə bilər”.

Azərbaycanın onlardan qat-qat artıq silahlanmasından Ermənistanın bizə qarşı istifadə etmə ehtimalına gəldikdə isə Ü.Cəfərov deyib ki, Azərbaycanı bu addımı atmağa vadar edən məhz Ermənistan tərəfi olub. Əgər ermənilər beynəlxalq prinsiplərə uyğun olaraq işğal olunmuş ərazilərimizi tərk etsəydilər, biz silah-sursata sərf olunan vəsaitlərin böyük bir hissəsini sosialyönümlü sahələrə yönəldə bilərdik:

"Amma Ermənistan özünün təcavüzkar siyasətindən geri çəkilmək istəmir. Çox güman ki, sözügedən statistika Ermənistanı narahat edəcək və onlar bununla bağlı müəyyən açıqlamalar yayacaqlar. Amma erməni tərəfin reaksiyası bizim üçün maraqlı deyil. Bunu özləri də yaxşı bilir. Sadəcə hay-küy qaldırmaqla dilənçilik missiyalarını yerinə yetirəcəklər. Havadarlarına bir növ mesaj ötürəcəklər ki, Azərbaycan ordusunun hərbi gücü bizdən 20 dəfə çoxdur, bizə kömək edin”.

Şəymən