Ekspert nazirlə razılaşmır: "Rayonlarımızı bir-bir deyil, bütövlükdə azad edəcəyik"





"Dağlıq Qarabağı bütövlükdə azad edəcəyik və buna heç kim qadağa qoya bilməz”.

Bunu Sherg.az-a xarici işlər naziri Elmar Məmmədyarovun "Heç şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik" fikrinə münasibət bildirərkən hərbi ekspert Üzeyir Cəfərov deyib. 

Ekspert nazirin bu bəyanatı ilə razılaşmadığını ifadə edib:

"Bu fikri cənab nazir Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasında beynəlxalq təşkilatların iştirakı ilə bağlı danışanda səsləndirib. Uzun müddətdir ki, Cocuq Mərcanlı kəndi düşmən mühasirəsində idi. Ötən ilin aprel ayında ordumuzun ortaya qoyduğu nəticədən sonra isə sakinlərimiz rahat şəkildə kəndə köçürülür. Beynəlxalq təşkilatlar Azərbaycan gözləmək fikrində olmadığını anlamalıdır. Lakin E. Məmmədyarov deyir ki, bu birgünlük proses deyil. Artıq 20 ildən çox vaxt keçib və Azərbaycanın haqq işi ən yüksək səviyyədə tanınıb. BMT təhlükəsizlik Şurasının qətnamələri tam ərazi bütövlüyümüzü bərpa etməyimizə təminat verir. Buna baxmayaraq sənədlərdə yazılmayıb ki, ermənilər Qarabağ ərazisindən nə zaman çıxacaq. Bəlkə 50 il çıxmayacaqlar. Biz bir rayonu azad edib, bir neçə il gözləmək fikrində də deyilik.

Müəyyən mənada anlayıram ki, Azərbaycanın xarici siyasət idarəsinin başçısı o mənada deyib ki, düşmən lazımi nəticə çıxarmasa, Azərbaycan gərəkli addımları atacaq. Amma bir-bir azad etmək məsələsini Qarabağ müharibəsinin iştirakçısı kimi qəbul etmirəm. Azərbaycan dövlətinin kifayət qədər gücü və nüfuzu var, silahlı qüvvələrin hazırlığı da yüksək səviyyədədir. Biz düşməni qısa bir müddətdə yerində oturda bilərik”.

Ü. Cəfərov əlavə edib ki, Dağlıq Qarabağın işğaldan azad olunmasında Azərbaycanın mövqeyi qətidir. Hazırda ermənipərəst siyasətçilər və bəzi xarici qüvvələr Azərbaycanı bundan çəkindirməyə çalışır:

"Elə bu ərəfədə ermənilərə can yandıran rusiyalı politoloqun mətbuatda dərc olunan məqaləsini oxudum. Qeyd olunur ki, guya bu Qafqazı və yaxın şərqi yaxından tanıyır. O sayıqlamalarında Azərbaycan diplomatiyasının uğursuzluğa düçar olduğunu, heç kimin Azərbaycana Dağlıq Qarabağla bağlı addım atmağa imkan verməyəcəyini yazıb. Təbii ki belə dezinformasiyalar hesablanmış addımlardır. Bunlara cavab olaraq prezident İlham Əliyev ötən gün çıxışlarında bəyan edib ki, Azərbaycan nəyin bahasına olursa, olsun öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək və heç bir halda Dağlıq Qarabağın müstəqil dövlət statusu almasına, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına beynəlxalq təşkilatların cəlb olunması məsələsinə münasibət bildirərkən, "İşğal olmuş rayonları bir-bir azad edəcəyik” –deyə bəyanat səsləndirib.

 Aysel,
Ayyət