İsrail Azərbaycanla hərbi-siyasi əməkdaşlığını daha da gücləndirəcək
İsraillə hərbi-siyasi sahədə münasibətlərimiz çox etibarlıdır
Ermənistanda anti-İsrail əhval-ruhiyyəsi getdikcə güclənir. Ermənilər İsraili “soyqırım”da ittiham etməyə başlayıblar. Sosial şəbəkələrin erməni seqmentində Təl-Əvivin əleyhinə paylaşımlar edilir. Bu ölkənin xüsusi xidmət orqanı olan MOSSAD isə İŞİD-lə müqayisə edilir. İsrail Azərbaycana dost ölkə kimi tanınır. Azərbaycanın silah tədarükündə İsrailin də payı var. Yəni bu ölkə Bakının silah aldığı əsas dövlətlərdən biridir. Qarabağda Azərbaycan Ordusunun əldə etdiyi uğurlarda İsraildən satın alınan “Harop” PUA-larının rolu az deyil. Ermənistanın İsraili hədəfə almasının səbəbi də budur. Şübhə yox ki, sosial şəbəkədə bu ittihamların tirajlanması Ermənistan siyasi dairələrinin sifarişi ilə həyata keçirilir.
Dağlıq Qarabağdakı terrorçu xuntanın rəhbəri Araik Arutyunyan da iddia edib ki, “Bakıya PUA-lar satan İsrail bu yolla ermənilərə qarşı soyqırımı dəstəkləyir və özü də soyqırımda iştirak edir”.
İsrailin qalmaqallı hüquq müdafiəçilərindən olan Elaya Yozef erməni təbliğatına uyaraq, “İsrail Azərbaycana hərbi texnika və silah satışını dayandırmalıdır, çünki bu silahlardan Ermənistana qarşı hərbi cinayətlərin törədilməsində istifadə olunur” deyib və aclıq aksiyasına başlayıb.
Daha sonra o, İsrail Ali Məhkəməsinə müraciət edib. İsrailin Ali Məhkəməsinin qərarı isə belə olub: “İsrailin Azərbaycana hərbi texnika və silah satması qanunidir, leqaldır və normaldır. Bu proses davam edə bilər”.
Məsələ ondadır ki, İsrail dövlətinin əsasını təşkil edən yəhudilər etnik təmizləməyə məruz qalmış millət kimi tanınır. Nasist Almaniyasının törətdiyi və tarixə “Holokost” kimi düşən qətliamı xatırlatmağa ehtiyac yoxdur.
Ermənistan isə əksinə, qaniçən faşist Qaregin Njdeni “qəhrəman” hesab edən, ona heykəl ucaldan dövlətdir. Xocalıda qətliam törədən, Azərbaycanın işğal olunmuş digər ərazilərində etnik təmizləmələr həyata keçirən, mülki əhalini hədəfə alan bir ölkənin İsraili “soyqırımda” ittiham etməsi həyasızlığın son həddidir.
Bir məqamı da vurğulayaq ki, separatçı Arutyunyanın məlum bəyanatı İranda çox populyar olub. İranın ən böyük informasiya agentliyi olan İRNA bu “bəyanat”a xüsusi yer verib.
Ermənistanın İsrailə cəbhə açmasını “Şərq”ə təhlil edən politoloq İlqar Vəlizadə hesab edir ki, Təl-Əviv mütləq Ermənistanın ittihamlarına cavab verəcək. Cavab isə odur ki, İsrail Azərbaycanla hərbi-siyasi əməkdaşlığını daha da gücləndirəcək:
“İsraildəki erməni səfiri Sumbatyan Təl-Əvivə etiraz olaraq geri çağırılıb. Belə çıxır ki, Ermənistanın uzun müddət ciddi-cəhdlə çalışaraq İsraildə açmağa nail olduğu səfirlik artıq işə yaramır, mənası qalmadı.
Erməni lobbisi bilsəydi, İsraildə səfirliyin açılmasına bu qədər pul sərf etməzdi, yəni boş yerə vəsait xərcləməzdi. İsrail rəhbərliyi və ölkə ictimaiyyəti Azərbaycanın strateji önəmini, etibarlı tərəfdaş olduğunu yaxşı bilir.
Şübhəsiz, İsraildə dəyərimizi bilməyən üç-beş adam var, amma ermənilərin əsassız ittihamından sonra onlar da həqiqətin fərqinə varacaqlar. Bəzən İsraildəki ermənipərəst ekspertlərlə mübahisəm düşür, həqiqətləri onların diqqətinə çatdırıram. Artıq yəhudi ekspertlər özləri də etiraf edir ki, nahaq yerə ermənilərə bel bağlayıb, düşməni müdafiə ediblər”.
İ.Vəlizadə vurğulayıb ki, İsrailin köklü dövlət maraqları, milli mənafeləri Azərbaycanla əməkdaşlıqdan keçir:
“Hərbi-siyasi sahədə münasibətlərimiz çox geniş və etibarlıdır. Ermənistanın addımları, çağırışları isə birbaşa İsrailin dövlət maraqlarına ziddir. Təl-Əviv bu addımları anti-İsrail mövqe kimi dəyərləndirir və bağışlamayacağını söyləyir. Bundan sonra heç kim İsrail-Ermənistan münasibətlərindən danışa bilməz. Vəziyyəti obyektiv təhlil etməyi bacaran istənilən şəxs iki ölkənin bir-birinə etimad göstərmədiyinin fərqindədir.
Ola bilər, erməni səfir Sumbatyan nə zamansa İsrailə qayıtsın, ancaq hansı üzlə siyasilərin və ölkə ictimaiyyətinin qarşısına çıxacaq, üzlərinə necə baxacaq, bəlli deyil”.