Etiraz etməkdən, xəbərdarlıq etməkdən başqa əlimizdən heç nə gəlmir

“Hətta bizə dost deyən, münaqişənin həllində vasitəçi olan həmsədr dövlətlərin təmsilçiləri belə Dağlıq Qarabağda qanunsuz formada fəaliyyət göstərirlər”



Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyi işğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi fəaliyyətlə bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, ATƏT-ə üzv olan ölkələr Dağlıq Qarabağda hüquqi və fiziki şəxslərin qanunsuz fəaliyyətinin qarşısını almaq üçün bir sıra öhdəliklər nümayiş etdirirlər. Ancaq təəssüflər olsun ki, ABŞ hökuməti Qarabağla bağlı öhdəliklərini yerinə yetirmir:

"Biz Amerika hökumətini bu kimi fəaliyyətlərin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq”. Xatırladaq ki, indiyə qədər ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağ və ətraf rayonlara müxtəlif xarici ölkələrin vətəndaşları qanunsuz səfərlər edərək öz biznes fəaliyyətlərini həyata keçiriblər. Azərbaycan tərəfi hər dəfə bu cür qanunsuz hərəkətlərə hüquq çərçivəsində etirazını bildirib və ölkənin ərazi bütövlüyünə hörmət göstərməyənlərə xəbərdarlıq edib. Hətta Qarabağa qanunsuz səfər edən onlarla şəxsin adı Xarici İşlər Nazirliyinin "qara siyahısına” salınıb. Lakin buna baxmayaraq, ermənilərə dəstək verən qüvvələr öz məkirli niyyətlərindən vaz keçməyiblər. ATƏT-in bəyanatı ilə bağlı "Şərq”ə açıqlama verən millət vəkili Elman Məmmədov deyib ki, xəbərdarlıqlara rəğmən bəzi xarici ölkə vətəndaşları Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edirlər. Bu isə Azərbaycan dövləti ilə münasibətlərin korlanmasına səbəb olur: "Hökumət hər dəfə bu məsələni qaldırır, bəyanatlar verir, narazılığını ifadə edir, torpaqlarımıza qanunsuz səfər edən şəxsləri arzuolunmaz adamlar kimi "qara siyahıya” salır. Amma görünən odur ki, bunun o qədər əhəmiyyəti olmur. Əslində rəsmi Bakının bu məsələdə görə biləcəyi çox iş yoxdur. Çünki işğal olunmuş ərazilər bizim nəzarətimizdə deyil. Gücümüz yalnız ona çatır ki, qanunları kobud şəkildə pozan ölkələri beynəlxalq hüquqa söykənərək ədalətə dəvət edək. İndiki şəraitdə etiraz bildirməkdən, xəbərdarlıq etməkdən başqa əlimizdən heç nə gəlmir. Düzdür, Azərbaycanın sərt narazılığından sonra qanunsuz əməllərindən çəkinənlər olur. Amma əksəriyyət israrla qeyri-qanuni hərəkətlərini davam etdirir. Hətta bizə dost deyən, münaqişənin həllində vasitəçi olan həmsədr dövlətlərin təmsilçiləri belə Dağlıq Qarabağda qanunsuz formada fəaliyyət göstərirlər. Etiraz bildirdikdə isə iddia edirlər ki, guya həmin şəxs və ya təşkilat onların mövqeyini əks etdirmir”. Deputatın fikrincə, ABŞ-ın bu məsələdə mövqeyinə baxmaq üçün yaxın tarixə nəzər salmaq lazımdır: "1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər bütün dünyanın gözü qarşısında Xocalı şəhərini yer üzündən sildilər, əhaliyə qarşı soyqırım törətdilər. Bunun müqabilində Amerika dövləti Azərbaycanın əleyhinə 907-ci düzəlişi etdi. Rəsmi Vaşinqton hər il müxtəlif bəhanələrlə Dağlıq Qarabağdakı tanınmamış qondarma rejimə maliyyə yardımı ayırır. Hazırda ABŞ-ın bir neçə ştatında separatçı rejimin nümayəndəlikləri fəaliyyət göstərir. Yaxud da Ermənistan səfirliklərində qondarma respublikanın bayrağı asılır. Bütün bunlar dünyaya hüquq və demokratiya dərsi keçən, Azərbaycana boğazdan yuxarı "sizin ərazi bütövlüyünüzü tanıyırıq” deyən bir ölkənin faktiki addımlarıdır”. E.Məmmədov bəyan edib ki, əgər torpaqlarımızı işğaldan azad edərək nəzarəti ələ keçirsək, o zaman Qarabağa kimin gəlib-gəlməyəcəyini biz müəyyən edəcəyik.

İsmayıl