Gəlir məğrur əsgərimiz...
"Lap az qalıb, Şuşam, dayan"
Hamının az qala lənətlə xatırlayacağı 2020-ci il. Az qala bütün bəşəriyyətin lənətlərlə, xəstəliklə xatırlayacağı 2020-ci il. Sən demə, 2020-ci il 30 ildən bəri Qarabağ adlı bir həsrətdən ürəyi qubar bağlamış xalqımın zəfər tarixinə qızıl hərflərlə yazılacaqmış. Həyatımızı dəyişən 27 sentyabr. Bizə qələbə sevincinin ilk şərbətini dadızdıran payız günü. Bir günün içində xalqım tarix yazan Sərkərdəsinin ətrafında yumruq kimi birləşdi. Bircə günün içində bütün Azərbaycan xalqı mübariz orduya çevrildi.
Hamı "Qarabağ Azərbaycanındır" dedi. İnamla, hünərlə dedi. Şanlı ordumuz xalqın inamından, cənab Ali Baş Komandanın hünərindən güc alaraq qələbələrə doğru addımladı. Vətən uğrunda Vətən müharibəsi. Bu, müqəddəs savaşdır. Bir günün içində düşüncələr dəyişdi. Nənələr nəvələrinə "Düşməni canavar kimi parçala" - dedi. Şəhid anaları - Burla xatunlar ağlamadı, "şəhidliyin mübarək, oğul" dedi. Yandı, acıdan-ağrıdan qovruldu, ancaq fəryad etmədi... Təki Vətən sağ olsun!
Bir günün içində Prezidentimiz sərkərdə oldu. Ulu babamız Xətainin, Nadir şahın nəsillərə miras qalmış qılıncına sarıldı. Misli görünməmiş zəfərlər qazandı. Əsrlərdən bəri ilk dəfə işğal olunmuş ərazilərimizi geri qaytardı. Düşmənin sinəsinə dağ çəkdi. Gözüyaşlı anaların göz yaşını sildi. Zaman-zaman parçalanan şimalından, cənubundan kəsilib qayçılanan torpaqlarımızı döyüşlə, zəfərlə geri döndərməyi bacardı. Siyasi əqidəsindən, milli mənsubiyyətindən, dünyagörüşündən asılı olmayaraq hər bir təmiz ürəkli Azərbaycan vətəndaşının Prezidenti. Vətənim gözəllikləri, təbii sərvətləri, mədəniyyəti, abidələri ilə həmişə düşmənin ürəyinə ox olub. Parçalansa da, şimala, cənuba paylansa da ürəklərdə bütöv yaşadı mənim Azərbaycanım. Bu məqamda babam şair Məstan Günərin "Azərbaycan" şeirindən kiçik bir parçanı xatırlatmaq istərdim.
Sığmır gördüyümüz xəritəsinə,
Bəs hansı xəritə onu əks edir?
Köksümdə ürəyim - Azərbaycanın
Əslinə düz gələn xəritəsidir...
Vətənim mənim! Torpağım mənim! Yaralarına məlhəm qoyulur deyəsən. İllərdir beynimizdə, qəlbimizdə yara bağlamış dərdlərimizin üstünə su səpilir. Mənfur düşmənin qanı töküldükcə şəhidlərimizin narahat ruhları təskinlik tapır. Sanki qanımız durulur, təmizlənir. Qarabağın büllur çeşmələrinin sərinliyi dolur içimizə.
Necə çəkmişik bu dərdi? Necə dözmüşük bu faciələrə?
1987-1989-cu ildən 250 min azərbaycanlı öz tarixi torpaqlarından qovuldu, didərgin salındı. Soydaşlarımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Daha sonra nələr oldu? Bir-birinin ardınca Kəlbəcər, Laçın, Qubadlı, ....Xankəndi, Şuşa. Dözə bildikcə dözdük. Mərdliyimizə sığınıb göz yaşlarımızı udduq, səbr etdik. Sülh istədik. Qan tökülməsin - dedik. Olmadı... 30 illik acı bir tarix yaşadıq. Ləyaqətimizi itirmədik. Öz yaralarımızı özümüz sarıdıq. Tarix boyu qəhrəmanlarımız düşmənə qan uddurub döyüş meydanlarında. Gah yıxılıb, gah qalxıb. Ancaq uşaq qatili olmayıb, şərəfsiz hərəkət etməyib. Ermənilərin törətdiyi vəhşiliklər isə XXI əsrin ən dəhşətli cinayətləridir.
Qüdrətli ordumuzun, tarix yazan Sərkərdəmizin müdrik siyasəti sayəsində yurduna-yuvasına dönmək, əlində silah öz müqəddəratını həll etmək Azərbaycan xalqının mənəvi haqqıdır. Tarix yazan, salnamə yaradan Prezident - cənab İlham Əliyev xalqın sual dolu baxışlarına nidalarla cavab verdi. Doğrudan da, ot kökü üstündə bitər - düz deyib atalar. Bu, ulu öndər Heydər Əliyevin bünövrəsini, təməlini qoyduğu dövlətçiliyin davamıdır. Bu, ulu öndərin ləyaqətinin, əxlaqına sədaqətinin, millətinə məhəbbətinin davamıdır. Hər bir azərbaycanlı kimi mənim də ürəyim qürurla döyünür. Xoşbəxtəm ki, bu zəfər tarixinin canlı şahidiyəm.
Cənab Prezident! Siz bizə "QARABAĞ AZƏRBAYCANdır" sözlərini inamla deməyin xoşbəxtliyini yaşatdınız! Şanlı Azərbaycan əsgərləri, siz qanınızla yazdınız sonuncu Qarabağnaməni. Sevinclə kədər, qələbə fərəhi ilə şəhid yanğısı bir-birinə qarışsa da, inamla irəliləyirik. Çünki işimiz haqq işidir. Çünki Şuşada zurna piləyib yallı gedənlərin layiqli cavabı verilir. Çünki Nəvainin, Natəvanın, Zakirin, Üzeyirin ruhları, nəhayət, rahatlıqla uyuyur. Və əlimizdə zəfər bayrağı, dilimizdə Azərbaycan kəlməsi, ürəyimizdə Vətən sevgisi, qanımızda türk qeyrəti Şuşaya doğru gedirik.
Vüsalına lap az qalıb,
Şuşam mənim, Şuşa qalam!
Azca qalıb, yollarını
Enim, qalxım dolam-dolam.
Azca qalıb sığallayım,
Azca qalıb qucaqlayım
Hər daşını, hər qayanı.
Cıdır düzün laləlimi?
Çəmənlərin süsənlimi?
Vaqifimin ruhu, oyan!
Lap az qalıb, Şuşam, dayan!!!
Tarix yazır sərkərdəmiz!
Gəlir məğrur əsgərimiz.
Möhkəm dayan, Şuşa qalam!
Azca qalıb yollarını
Enim, qalxım dolam-dolam...
Günər