Onlar bələdiyyələrin hüquqlarından istifadə etməsinə imkan vermir
Azərbaycanda iki bələdiyyə sədri cərimələnib. Cari ilin iyul və avqust ayları ərzində Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının birgə keçirdiyi tədbirlər zamanı paytaxtın Yasamal, Xətai, Səbail, Binəqədi, Sabunçu, Qaradağ, Xəzər rayonları, eləcə də respublikanın Abşeron rayonu və Sumqayıt şəhəri ərazilərində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması hallarına görə 30 protokol tərtib edilib, 10-dan artıq istirahət mərkəzinin rəhbərləri, iki bələdiyyə sədri və fiziki şəxslər inzibati məsuliyyətə cəlb ediliblər.
Ümumilikdə isə ilin əvvəlindən bugünədək məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə 488 nəfər inzibati məsuliyyətə cəlb edilib, həmin şəxslərə ümumilikdə 79.610 manatdan artıq cərimələr tətbiq olunub. Hazırda göstərilən istiqamətlərdə tədbirlər davam etdirilir.
Bəs tətbiq edilən cəzalar bələdiyyə sahəsindəki işlərin müsbət olaraq təkmilləşməsində rol oynaya bilərmi?
Ölkəmizdə bələdiyyələrin verilən səlahiyyətlərdən istifadə edə bilməyən bir qurum olduğunu deyən Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı hansısa rayonda neqativ hallar baş verən zaman bələdiyyələrin deyil, icra hakimiyyətlərinin cavabdeh olduğunu vurğulayıb:
"Hamı bilir ki, Azərbaycanda qeyri-rəsmi olaraq söz haqqı icra başçılarınındı, bələdiyyələr bilavasitə icra hakimiyyətinin bir əlavəsinə çevrilir. Əgər biz doğrudan da nəyəsə nail olmaq istəyiriksə, söz haqqı olan icra başçılarından nələrisə tələb etməliyik. Ölkəmizdə bələdiyyələr 1999-cu ildə yaranıb, lakin onlara hələ də tələb olunan status verilməyib. Müəyyən hüquqlar var ki, həm icra başçılarına, həm də bələdiyyələrə verilir və icra başçıları bələdiyyələrin həmin hüquqlardan istifadə etməsinə imkan vermir. Bu baxımdan düşünürəm ki, problemin həlli üçün bələdiyyələrə böyük səlahiyyətlər verilməlidi və icra başçıları həmin səlahiyyətlərə müdaxilə etməli deyil.
Cərimə edilən bələdiyyə sədrləri ola bilsin ki, indiki icra başçısının vaxtında seçilməyib və yeni gələn icra başçısı həmin 2 nəfər bələdiyyə sədrinə ögey münasibət bəsləyir.
Buna görə də onlar bu cür təzyiqlərə məruz qalırlar və ya cərimələnirlər. Təbii ki, baş verən hadisə araşdırılmalı və məsul şəxslər cəzalanmalıdır. Azərbaycanda yalnız cərimələnən yox, haqqında cinayət işi qaldırılmış çoxlu sayda bələdiyyə sədrləri var. Bu isə dünya praktikasında müsbət təcrübə qazanmış bələdiyyələrin hələ də Azərbaycanda düzgün qurulmadığını göstərir”.
Yeganə Bayramova