“Hər dəfə banklara izah edirik ki...”

Rüfət Aslanlı: “...İnsanların üzərinə getməklə onlardan heç nə ala bilməyəcəksiz”



Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirə olunub. Dəyişiklik haqqında komitənin sədri, deputat Ziyad Səmədzadə məlumat verib.

İclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, qanunun mahiyyəti ödəmə qabiliyyətini itirmiş bankların problemlərinin həll edilməsi üçün qanuni bazanın yaradılmasıdır: "Problemlərin həlli yolları qanunda müəyyən edilməlidir. İndi cəmi iki qayda var. Bunlardan birincisi, səhmdarların əlavə vəsait qoymasıdır. İkincisi isə, sistem əhəmiyyətli banklara dövlət tərəfindən dəstəyin verilməsidir. Lakin burada da kifayət qədər məqbul alətlər yox idi. Ona görə yeni alətlər təklif etmişik. Birincisi, bankın öhdəliklərini könüllü restrukturizasiyasıdır.

Bu, bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların məcmusudur”.

Qanun layihəsinin üzərində 1 il iş gedib

R.Aslanlı vurğulayıb ki, qanun layihəsi bankların geniş rezolyusiyasını nəzərdə tutur: "Rezolyusiya ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, təxirə salınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə bu qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılmasıdır. Həmçinin digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülüməsi, körpü bankın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktiv və öhdəliklərini körpü banka köçürülməsi və körpü bankın investora satılması üzrə həyata keçirilən tədbirlər, habelə ödəmə qabiliyyətini itirmiş bankın ləğv edilməsidir. Qanun layihəsinin üzərində 1 il iş gedib. Rezolyusiya müəyyən məsələyə yeni həll tapmaq deməkdir. Rezolyusiya artıq könüllü deyil, icbari sağlamlaşdırmanı nəzərdə tutur. Bunun üçün bir neçə vasitəsi var. Bank səhmdarlarının, idarə edilməsində iştirak etmiş inzibatçıların, rəhbərlərin depozitlərinin icbari qaydada kapitala tranformasiya edilməsi, səhmlərin icbari satılması bazardan kənardan əlavə kapitalın cəlb olunması və aktiv, öhdəliklərin birlikdə, yaxud ayrılıqda digər investorlara satılmaqla banka əlavə maliyyə tapılması nəzərdə tutulur. Bütövlükdə digər banka satılması kimi alətlər var. Körpü bankı vasitəsilə aktiv və öhdəliklərini tənzimlənməsi vasitələri var. Körpü bankı tənzimləyici tərəfindən qısa müddətə yaradılır. Əlavə kapital səhmdar tələbi yoxdur. Palata körpü bankın təsisçisi və yeganə səhmdarı hesab olunur. Bundan başqa, sistem əhəmiyyətli bankların sağlamlaşdırılması prosedurlarının yeni təkliflərlə təkmilləşdirilməsini daha təfərrüatla təklif etmişik. Dəyişiklik sistem əhəmiyyətli bankların sağlamlaşdırılması tədbirləri üçün daha geniş alətlər nəzərdə tutur. Bu gün nəzərdə tutulub ki, aktiv və öhdəlikləri birlikdə satılmalıdır. Bu isə bəzən lazımsız olur. Dünyada tətbiq olunan yeni alətlər təkliflərdə əks olunub”.

"Borcları birdəfəlik bağışlamaq olmaz”

"Azərbaycanda ötən il istehlak kreditlərinin real azalması 2 milyard 350 milyon manat təşkil edib, 4,2 mlrd. manat istehlak kreditlərinin 1,2 milyard manatı restruktrizasiya olunub” - deyən Palata rəsmisi qeyd edib ki, vəziyyəti tənzimləmək lazımdır: "Borcları birdəfəlik bağışlamaq olmaz, çünki həmin kreditlərdə insanların əmanətləri var. Kreditlərin qaytarılması depozitlərin qaytarılmasının yeganə mənbəyidir. 2016-cı ildə istehlak kreditləri 20 faiz azalıb. Bu, nominal azalmadır. Real azalma isə daha çoxdur. Çünki xarici valyutada istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılmasından əvvəl portfelin yarısı xarici valyutada olub. Real azalma 2,35 mlrd. manat təşkil edib və 4,2 mlrd. manatlıq istehlak kredit portfelinin 1,2 mlrd. manatı restruktrizasiya olunub. Bu, könüllü aparılıb. Hər dəfə banklara izah edirik ki, insanların üzərinə getməklə onlardan heç nə ala bilməyəcəksiz. Hər bir bank ictimai etimad və nüfuza əsaslanmalıdır, etimad bərpa olunmalıdır”.

Daha banklar müştəriləri aldada bilməyəcəklər

R.Aslanlı onu da bildirib ki, bankların müştəriləri aldatmaması məqsədi ilə kredit müqavilələrinin şərtləri yenilənib: "Hətta, Palata banklardan tələb edir ki, müqavilə şərtləri 12 şriftdən aşağı belə, yazılmasın ki, müştəri müqavilənin şərtlərini rahat oxuya bilsin. Bundan əlavə, müqavilədə kreditin faizi və digər əsas məsələlərin xüsusi seçilən şriftlərlə yazılmasını tələb edirik. Bununla yanaşı, son dövrlərdə dollarla verilən kreditlərin ekvivalentə uyğun verilməsi öz əksini tapıb. Burada maliyyə savadsızlığı ciddi problem yaradır. Düzdür, maliyyə savadsızlığı təkcə bizdə deyil. Hətta, dünyanın inkişaf etmiş ölkələrində də mövcuddur. Amma hansı banklar müştəriyə köhnə qaydada kredit verərsə, bununla bağlı bizə məlumat versin, biz onlar barəsində ciddi tədbir görəcəyik”.

Azərbaycan iqtisadiyyatına ən çox ziyanı banklar vurub

"Banklar haqqında” qanuna edilən dəyişiklik çox böyük dəyişiklikdir. Çox təəssüflər olsun ki, yenə də biz bu qanunu tələm-tələsik müzakirəyə çıxarmışıq. Şöbə bu məsələ ilə bağlı bizə məlumat verməliydi və biz analiz aparmalıydıq. Amma indi biz məcbur olub, internetdə bununlabağlı məlumatlar əldə etmişik”.

Bu sözləri isə müzakirələr zamanı millət vəkili Vahid Əhmədov deyib. Komitə üzvü bildirib ki, "Banklar haqqında” qanun müasir tələblərə cavab verən bir qanundur: "Amma indi cənab Prezidentin qeyd etdiyi kimi, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən çox ziyanı banklar vurub. Bu, hazırda da davam edir. Bu gün bir sıra məsələlər var ki, müəyyən suallar doğurur. Birincisi, Mülki Məcəlləyə dəyişiklik zamanı audit komissiyasının yaradılmasını təklif edirik. Azərbaycanda Audit və Auditlər Palatası var. Banklara əlavə bu yükün verilməsi nə ilə əlaqədardır? Biz İnzibati Prosessual Məcəllədə dəyişiklik edirik. 92.1-ci maddədə göstəririk ki, məhkəmə bu qərarları ləğv edə bilməz. Niyə? Məhkəmədən yuxarı instansiya yoxdur. Belə çıxır ki, əgər məhkəmə bu qərarı ləğv edə bilməzsə, demək, Maliyyə Bazarlarına Nəzarət Palatasının statusu məhkəmədən böyükdür. Bu nə qədər qanuna uyğundur? Buna aydınlıq gətirmək lazımdır. Bir də müvəqqəti inzibatçı ilə məsələdə fikirlərimi bildirmək istəyirəm. Biz inzibatçıya 1 ilə yaxın vaxt veririk. Əvvəl 9 ay, əgər bu vaxt çatmasa, Maliyyə Bazarlarına Nəzarət Palatası bu müddəti 3 ay artıra bilər. Bir il çox böyük müddətdir. Yəni banklarda 1 il müddətində müəyyən əməliyyatlar aparmaq üçün bu, çox böyük müddətdir. Niyə 1 il? Bu bir il haradan götürülüb?”.

"Körpü bankların yaradılması əlavə bir səlahiyyətin mənimsənilməsidir”

Millət vəkili söyləyib ki, körpü bankların yaradılması müəyyən qədər sual doğuran məsələdir: "Məgər körpü banklar yaradılmasaydı, o banklarda restuviksassiya aparmaq mümkün deyildi? "Banklar haqqında” qanunda həmin o maddələr var. O maddələrə baxa bilərsiniz. Körpü banklar yaradılmadan da bu işləri aparmaq mümkündür. Hesab edirəm ki, körpü bankların yaradılması əlavə bir səlahiyyətin mənimsənilməsidir. Buna aydınlıqlar gətirmək lazımdır. Bu gün "Banklar haqqında” qanun mane olur ki, banklar öhdəliklərini restuviksassiya etsinlər. Banklar istənilən vaxt restuviksassiya edə bilərlər. Alıcılarının və satıcılarının bütün müqavilələrinə baxa bilərlər. Burada heç bir problem yoxdur. Ümumi götürdükdə isə deyə bilərəm ki, "Banklar haqqında” qanunu müsbət qiymətləndirirəm. Bu bankların sağlamlaşdırılması üçün atılan addımlardan biridir. Mən fikir verirəm, bu qanun beynəlxalq maliyyə qurumları ilə işlənmiş qanundur. Ona görə də bunu qəbul etmək olar”.

"Rüfət müəllim, sizə də mən "paçka” ilə məktublar göndərmişəm”

"Maliyyə Bazarlarına Nəzarət Palatası artıq bir ildir ki, fəaliyyət göstərir. Palata fəaliyyətə başlayan zaman bankların diaqnostikasını aparıb. Bu diaqnostika nəticəsində banklarda yaranmış vəziyyətlə geniş tanış olub. Keçən müddət ərzində 42 bankdan 10-a yaxını bağlanıb. Hazırda Azərbaycanda 31-32 bank fəaliyyət göstərir. 10 bankın bağlanması Azərbaycanın bank sistemində müəyyən problemlər yaradıb” - deyən deputat vurğulayıb ki, bankların bağlanması düzgün deyil: "Bu, Azərbaycan iqtisadiyyatına və vətəndaşlarına çox ziyan vurur. Mən bu müddət ərzində görmədim ki, hansısa bankların səhmdarları yığışsınlar və müəyyən birləşmə mexanizmləri həyata keçirsinlər. Bankların bağlanmasındansa, birləşib fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Gəlin, 15-20 iri bank saxlayaq ki, sektorda problem olmasın. Çox təəssüf ki, bankların birləşdirilməsi ilə bağlı konkret iş görülmür. Əvəzində bankları bağlayırıq, insanlara deyirik ki, gedin problemlərinizi banklarla həll edin. Rüfət müəllim, sizə də mən "paçka” ilə məktublar göndərmişəm. Mən minlərlə insandan depozitlərini banklardan götürə bilməməsinə görə müraciət almışam. Bankların əksəriyyətləri ilə də söhbətlər etmişəm. Xahiş etmişəm ki, insanlara depozitlərin, kreditlərin ödənilməsinə köməklik göstərsinlər. Mən təklif edirəm ki, bankların sağlamlaşdırılması zamanı onların birləşdirilməsinə müəyyən meyillər artırılsın”.

"Deyirlər ki, 65 yaşından yuxarı insan kredit götürə bilməz. Niyə?”

V.Əhmədov qeyd edib ki, o və həmkarları dəfələrlə məsələ qaldırıblar ki, vaxtı keçmiş kreditlərin məsələsini həll etmək lazımdır: "Artıq bu rəqəm 1,5 milyard manata yaxınlaşıb. Vəsait artmaq üzrə də davam edir. Bu gün Azərbaycanda bank sistemi fəaliyyətsizdir, kredit vermir. Bunun da müəyyən hissəsini Maliyyə Bazarlarına Nəzarət Palatasının üstünə atırlar. Deyirlər ki, 65 yaşından yuxarı insan kredit götürə bilməz. Niyə? Bu hansı qanunda yazılıb? Bəlkə o adamın 1000 manata ehtiyacı var. Niyə kredit götürə bilmir? Banklar deyirlər ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının xüsusi tapşırığıdır”.

"Bu gün Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına yetərincə inteqrasiya olunub və ölkədə müəyyən mənada bir liberal iqtisadi sistem formalaşdırılıb. Amma bununla belə, biz proterksionizmə də üstünlük verməyə başlamışıq. Yəni, iqtisadiyyat üzərində dövlət inzibati nəzarəti gücləndiririk”.

Bu sözləri isə müzakirələr zamanı millət vəkili Şəmsəddin Hacıyev deyib.

Onun sözlərinə görə, iqtisadiyyata inzibati nəzarət yaxşı şeydir, amma bunun müəyyən həddi olmalıdır: "Biz elə etməliyik ki, banklar ölkənin iqtisadi fəallığında və inkişafında yaxından iştirak edə bilsinlər. Ölkə iqtisadiyyatının geriləməsində bank sektorunun ciddi rolu olub. Bu geriliyi aradan qaldırmaq və onların iqtisadiyyatın inkişafındakı rolunu artırmaq üçün də ciddi qanunvericilik bazası yaradılmalıdır”.

"Bank rəhbərləri deyirlər ki, onlara sərbəst əl-qol açmaq üçün imkan yaradılmır”

Ş.Hacıyev söyləyib ki, hansı bank rəhbəri ilə qeyri-rəsmi şəraitdə söhbət edirsənsə, hamısı bank sektoruna şəraitin yaradılmamasından narazılıq edir: "Deyirlər ki, bizə sərbəst əl-qol açmaq üçün imkan yaradılmır. Yüzlərlə arqument gətirirlər. Düzdür, bunların əksəriyyəti subyektiv fikirlərdir. Amma biz qanunverici orqan olaraq elə şərait yaratmalıyıq ki, onlar bizə hansısa irad tuta bilməsinlər. Banklara sərbəstlik vermək əvəzinə, biz inzibati nəzarəti sərtləşdirə-sərtləşdirə gedirik. Bax, indi belə bir vəziyyət yaranıb”. Ş.Hacıyev həmçinin, sahibkarlara verilən kreditlərə kreditin faizi üçün müəyyən möhlət verilməsini təklif edib: "Sahibkarlığa Milli Yardım Fondu sahibkarlara münasib faizlə kredit versə də, sahibkara kredit verilən gündən faiz tutulur və bu da müəyyən problemlər yaradır. Hesab edirəm ki, heç olmasa, onlara ən azından bir il möhlət verilməlidir və ondan sonra kreditdən faiz tutulsun. Yoxsa, sahibkar iş qurmadan başlayır kredit faizi ödəməyə ki, bu da məqsədəuyğun deyil. Ona görə də müəyyən müddət möhlət verilməlidir və dünya praktikasında da belə hallar var. Bu praktikadan istifadə edib, yararlanmalıyıq”.

Müzakirələrdən sonra qanuna dəyişiklik parlamentin plenar iclasına tövsiyə olunub.

Anar Bayramoğlu