"I Pyotrdan bu yana Rusiya qonşu dövlətlərə təzyiq üsulunu seçib" - Açıqlama





"Azərbaycan Rusiyanın mövqeyində dəyişikliklərin baş verəcəyinə ümid bəsləyirdi. Amma bu məsələdə irəliləyiş yoxdur”.

Bunu Sherg.az-a xarici işlər naziri Elmar Məmmədyarovun  "Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilmərəm" iddiasını şərh edən politoloq Elçin Mirzəbəyli deyib. 

O bildirib ki, əvvəlki görüşlərin nəticələri də belə olub, lakin diplomatik çərçivədə müəyyən etik normaları nəzərə alaraq, bu amil dilə gətirilmirdi: "

 Rəsmi Moskvanın siyasətində dəyişiklik olmaması onun maraqlarından qaynaqlanır. Münaqişəni yaradan Rusiyadır və bu dövlət münaqişədə tərəfdir. Rusiyanın Azərbaycan ərazilərinin işğalı prosesindəki iştirakını təsdiqləyən təkzib olunmaz faktları kənara qoysaq belə, Rusiyanın Ermənistandakı hərbi bazasının mövcudluğu, işğalçı dövlətlə hərbi müstəvidə əməkdaşlıqları, onu silahlarla əvəzsiz təmin edib, sərhədinin təhlükəsizliyinin qoruması artıq Rusiyanı birmənalı şəkildə tərəfə çevirir. Bu aspektdən Kreml ənənəvi siyasətə söykənir. Çünki I Pyotrdan bu yana Rusiyanın siyasətində ciddi dəyişiklik baş verməyib və həmişə qonşu dövlətlərə təzyiq üsulunu seçib. Rusiya ədalətli, prinsipial mövqe sərgiləməyib, yalnız münaqişələr vasitəsilə özünün nüfuz dairəsini genişləndirməyə çalışıb. Bu Rusiyanın ənənəvi siyasətidir və bu heç zaman dəyişməyəcək”.

E. Mirzəbəyli hesab edir ki,  90-cı illərdə baş verən proseslər nəticəsində Rusiyada müəyyən demokratik meyllər güclənsə də, bu, onun siyasətində heç nəyi dəyişmədi. Son nəticədə Rusiya yenə də ənənəvi görüntüsünü aldı, mahiyyət etibarilə bu gün də həmişəki siyasətini davam etdirir:

"Buna görə Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın hər hansı pozitiv rol oynayacağına əvvəldən də inanmırdım, bu gün də inanmıram. Rusiyanın münasibətinin dəyişməsi üçün dövlətin özü dəyişməlidir. İndiki şəraitdə E. Məmmədyarovun dilə gətirdiyi fikir reallığı əks etdirir. Əslində bu həm də sübut edir ki, Rusiyanın aprel döyüşlərindən sonra nümayiş etdirdiyi mövqe heç də münaqişənin həllinə yönəlməyib. Əslində yaranmış situasiyanı dondurmağa xidmət edib. Putin məğlub olmağa doğru gedən Ermənistanı daha da qorumağa çalışıb. Hazırda isə yaranmış situasiyadan istifadə edərək mövcud status-kvonun saxlanmasına cəhd göstərir. Çünki münaqişənin başqa yolla həlli barədə Rusiyanın hər hansı formada alternativi yoxdur”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında rusiyalı həmkarı Sergey Lavrovla görüşündən narazı qaldığını ifadə edib. Nazir bildirib ki, Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilməz.

 Ayyət