İdarəetmədə dəyişiklik labüd idi

Prezidentin islahatlarının effektiv nəticəsini görəcəyik



Azərbaycanda demokratik dövlət quruculuğu kursunun əsasını ulu öndər Heydər Əliyev qoyub. Bu prosesi Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı həm ölkənin daxili tarixi təkamül dinamikasını, həm də dünya təcrübəsini nəzərə alaraq davamlı islahatlar həyata keçirir. Həmin prosesin davamı kimi dövlət başçısı İlham Əliyevin yanvarın 14-də imzaladığı dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı Fərmanı ciddi əhəmiyyət daşıyır. Azərbaycan öz qarşısına daim irəliləyiş məqsədini qoyan dövlətdir. Azərbaycan üçün təkmilləşmənin sonu yoxdur. Bu səbəbdən ölkə rəhbəri idarəetmə sahəsində yeni islahatların həyata keçirilməsi zərurətini də ifadə edib. Ekspertlər həmin Fərmandan irəli gələn vəzifələri həm dövlət quruculuğu kursunun inkişaf etdirilməsi çərçivəsində, həm bütövlükdə idarəetmədə aparılan islahatların Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında oynadığı rol kontekstində analiz edirlər.

Aparılan islahatları "Şərq”ə dəyərləndirən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, dövlət başçısı zaman-zaman idarəetmə ilə bağlı müxtəlif fərmanlar verib. Çalışıb ki, idarəetmə daha effektli olsun:

 "Cənab Prezident yanvarın 11-də keçirdiyi müşavirədə çox mühüm açıqlamalar verdi. Dövlət rəhbəri bildirdi ki, indiki idarəetmə sistemi köhnəlib və dəyişikliklər zəruridir. Əslində biz bunun əlamətlərini 2016-cı ildə konstitusiyada edilən dəyişikliklərdə görmüşdük. Həmin dəyişikliklərdə əsas məqam dövlət idarəçiliyinin və inzibati aparatın təkmilləşdirilməsi ilə bağlı idi. Sonrakı dövrdə mühüm qərarlar qəbul olundu, Strateji Yol Xəritəsi hazırlandı, dövlət proqramları tətbiq edildi, yeni təsisatlar yarandı. Bütün bunlar ciddi dəyişikliyin anonsu idi. Ancaq cənab Prezident daha genişmiqyaslı struktur dəyişikliyini 11 yanvar iclasında bəyan etdi. Elə müşavirənin ertəsi günündən etibarən ciddi struktur islahatlarının şahidi olduq”.

Ekspertin sözlərinə görə, dövlət aparatı xeyli dərəcədə şişmişdi, bunu qeyd etmək lazımdır: 

"Bir sıra hallarda strukturlar bir-birini təkrar edir, paralellik yaranırdı. Təkrarçılığın aradan qaldırılması üçün islahatlar zəruri idi. Həm də optimallaşma lazımdır ki, idarəetmə sistemi daha yaxşı olsun. Ayrı-ayrı səmərəsiz qurumların ləğv edilməsi və ya birləşdirilməsi prosesi artıq başlayıb. Şübhəsiz, islahatlar davam edəcək, çünki ehtiyac duyulmayan strukturlar hələ qalmaqdadır. Dövlət büdcəsini bu yüklərdən xilas etmək lazımdır. Bilirsiz, keçid dövründə idarəetmə aparatının genişlənməsi müəyyən qədər zəruri olur. Amma zamanla bu zərurət aradan qalxır və dövlət qurumları oturuşur. Belə təqdirdə lazımsız strukturlar da meydana çıxır və ləğv olunmaları gündəmə gəlir”.

Ə.Nuriyev bildirib ki, dövlət aparatının şişməsi yeni bürokratiya yaradır:

 "Bürokratiya isə qeyri-şəffaflıq yaradır və korrupsiyaya meydan verir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların fəlsəfəsi də bu cür problemlərin qarşısını almaqdır. Yaxşı idarəetmə büdcə vəsaitlərinə qənaətə gətirib çıxaracaq və vətəndaşların rifahı daha da yaxşılaşacaq”.

İsmayıl