Vətəndaşın şikayətinə baxan yoxdur
Ətri sevməyən insan yoxdur. Bakıda hər keyfiyyətdə və qiymətdə ətir tapmaq mümkündür. Hazırda müştəri bolluğu baxımdan "İdeal”, "Sabina” kimi mağazalar şəbəkəsi bazarın əsas mərkəzi sayılır. Düzdür, bu mağazalarda təklif olunan qiymətlər ölkədəki orta əmək haqqına, əksəriyyətin yaşayış səviyyəsinə, gəlirlərinə uyğun deyil. Amma bir çoxları yolunu bu şəbəkələrdən salır. Lakin görünən odur ki, bəzən yüksək qiymət heç də keyfiyyət demək deyil.
Bu günlərdə Kəmalə Salayeva adlı müştəri "İdeal” mağazası ilə bağlı şikayətini bildirib. Müştərinin sözlərinə görə, "İdeal” mağazası adı kimi ideal olmayan ətirlər satır. 469 manat dəyərində aldığı ətrin iyinin qalıcı olmadığını deyən xanım müştəri "İdeal” mağazalar şəbəkəsinin satdığı ətirlərin orijinal olmadığını bildirib: "Fevralın 13-də "İdeal”ın "Gənclik Mall”dakı filialından 10 faiz endirimlə 469 manata "Roja” parfümü aldım. Evdə açıb vuranda ətrin iyinin qalıcı olmadığını hiss etdim. Elə bil su vurdum. Bu ətirdən mütəmadi istifadə etdiyim üçün orijinal olmadığını düşündüm. Onu mağazaya aparıb başqa ətir ilə dəyişdirilməsini və ya pulumu geri qaytarmalarını xahiş etdim. Mənə heç nə edə bilməyəcəklərini dedilər. Ətri mağazada qoydum və onlardan cavab gözləyəcəyimi bildirdim. Dəfələrlə mağaza ilə, menecer ilə əlaqə saxlasam da, nəticə olmadı. Hər dəfə müxtəlif bəhanələr gətirirlər, incidirlər”.
Məsələ ilə bağlı "İdeal” aarfümeriya və kosmetika mağazaları şəbəkəsindən bildirilib ki, qeyd edilən şikayət araşdırılıb. Məhsul istifadə edilib, qalıcılığı ilə problem yoxdur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da "İdeal”dan çoxlu sayda şikayətlər gəldiyini dedi. Birlik sədrinin sözlərinə görə, ətrin baha olması o demək deyil ki, o, saxta ola bilməz:
"Müştəri bilməlidir ki, ən brend mağazalarda belə saxta mallar satılır, o cümlədən "İdeal”da. Nazirlər Kabinetinin qərarına görə parfümeriya malları dəyişdirilməyən və geri qaytarılmayan mallar siyahısındadır. İdeal mağazası ətri geri götürməməkdə haqlıdır. Ölkədə baha ətirlərin də saxtaları var. Biznes qurmaq üçün yaradılmış şəraitdən istifadə edirlər və əhalini aldadırlar. Çünki ölkədə normal istehlakçı siyasəti yoxdur. Yalnız biznes qurmağın qoruma siyasəti var. Onun da nəticəsi sonda belə hadisələrin yaşanmasına səbəb olur”.
Yeganə Bayramova