Son iki gün ərzində Bakıda 8 nəfərin sahibsiz itlərin hücumuna məruz qalması ciddi narahatçılığa səbəb oldu. Redaksiya olan müraciətlərdən də məlum olur ki, paytaxtda sahibsiz heyvanlar vətəndaşlar üçün real təhlükəyə çevrilib. Rəsmi məlumatlardan da bəlli olur ki, son 1 ay ərzində paytaxtda it dişləmələri ilə bağlı müraciətlərin sayı da artıb.
İtlərin vətəndaşlara hücumu ilə bağlı rəsmi müraciətlərə isə Bakı Şəhər İcra hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi baxır. Həmin idarənin əməkdaşı Lent.az-a açıqlamasında bildirib ki, sahibsiz heyvanlara qarşı mübarizə humanist prinsiplərlə həyata keçirilir:
"İdarənin işçiləri səhər saat 7-dən axşama kimi ərazilərdə reydlər keçirirlər. 12 rayon ərazisinə nəzarət edirik. Sahibsiz itlərlə bağlı şikayətləri olan vətəndaşlar zəng vurub ünvanı söyləyirlər. Həmin gün şikayətə baxmaq mümkün olmayanda uzağı 2-3 gün ərzində şikayətin icrası təmin edilir”.
İdarə rəsmisi deyib ki, ümumiyyətlə, Bakı ərazisində sahibsiz itlərin sayı çoxdur: "Hansı ərazi üzrə sahibsiz itlərin çoxluq təşkil etdiyini demək olmur. Şikayətlərlə bağlı ərazilərə baxış olanda və ya reydlər zamanı bizim əməkdaşlar itləri götürürlər. Bu tutulan heyvanlar Balaxanıda saxlanılır. İdarənin əməkdaşları küçə reydləri zamanı yalnız xəstə heyvanları öldürürlər. İt sakini dişləyirsə, həmin it tutulur və quduz olub-olmadığının təsdiqlənməsi üçün baytar müayinəsinə aparılır”.
İdarənin əməkdaşı əlavə edib ki, sahibsiz itlərlə bağlı şikayətlər ötən illə müqayisədə bu il də eynidir və çoxalma müşahidə olunmayıb.
Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova Lent.az-a açıqlamasında bildirib ki, havaların isinməsi ilə bağlı olaraq heyvan dişləmələrinin sayı da çoxalır.
R.İsmayılovanın sözlərinə görə, hər il 17 minə yaxın heyvan dişləməsi baş verir ki, bunun da 92 % -ni it dişləməsi təşkil edir: " 1-2 %-ni pişik dişləməsini, yerdə qalanını isə digər dişləmələr təşkil edir.
Bu ilin yanvar və fevral aylarında heyvan dişləmələri ilə bağlı aparılan statistikaya nəzər salsaq, deyə bilərəm ki, ötən illə müqayisədə bu il it dişləməsi elə də çoxluq təşkil etmir. Dişləmələr olsa da bu il hələ ki xəstələnmə faktları qeydə alınmayıb”.
İt dişləmələri ilə bağlı müraciətlərin hələ çoxalacağını qeyd edən R.İsmayılova deyib ki, insanların burda ən diqqət etməli olduğu şey dərhal vaksinasiya üçün müraciət etməkdir: "İnsanlar bilməlidir ki, heyvan dişləməsi zamanı həmin gün vaksinasiya etdirməlidir. Vaksinasiya olmasa, xəstələnmə halları da ola bilər”.
Şöbə müdirinin sözlərinə görə, ölkədə insanlar arasında quduzluq nadir hallarda olur : "Heyvan dişləməsi zamanı həkimə vaxtında müraciət edilməyəndə quduz ola bilərsiniz. Elə adamlar olur ki onlar özləri vaksinasiyadan imtina edirlər. Ancaq quduzluq xəstəliyi müalicə olunmur və 100 faiz ölümlə nəticələnir. İnsanda xəstəliyin əlamətləri bu infeksiyaya yoluxduqdan 2 gündən 3 aya qədər, nadir hallarda isə bir ilə müşahidə edilə bilər. Quduzluq xəstəliyinin hidrofobiya və aerofobiya (sudan və havadan qorxma əlamətləri), psixo-nevrotik, udqunma aktının pozulması, hallüsinasiya, yüksək hərarət, dişlənmiş yerdə ağrının olması, hipersolevasiya kimi əlamətləri var. Buna görə də hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəkləmə və ya cırmaqlanma baş veribsə, dərhal həkimə müraciət etmək və antirabik vaksini vaxtında vurdurmaq lazımdır. Quduzluq xəstəliyindən yeganə qorunmaq yolu antirabik vaksinin və immunoqlobulinin vaxtında vurulmasıdır”.
R.İsmayılova qeyd edib ki, mərkəzi xəstəxanalar eləcə də ərazi üzrə poliklinikalarda antirabik kabinetlər var və vaksinləri orda vurdurmaq olar: " Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə ( Semaşkada) bu cür kabinet var. Gecə növbəsində isə tibb müəssisələrinin cərrahiyyə şöbəsində vaksinlərin vurulması icra olunur”.