İtkin uşaq internet klubdan tapıldı

Əgər evdə heç bir münaqişə olmayıbsa, uşaq mütləq ona lazım olan və marağında olduğu işlərlə məşğul olacaq


Srağagün Bakıda 11 yaşlı uşaq itkin düşüb. Bu barədə sosial şəbəkələrdə də məlumatlar yayılıb. Paytaxtın Nərimanov rayonu Yanvar Nəsirov küçəsi, ev 4 ünvanında yaşayan 11 yaşlı Nəcəfi Ağamir evdən çıxıb və bir daha geri qayıtmayıb.

Nəcəfi Ağamirin anası Elnarə Məmmədova bildirib ki, oğlu əlaçı şagirdlərdən biri olub: "Dəcəlliyi-filan yox idi. Axırıncı dəfə evdə onu danladıq, bəlkə də küsüb gedib. Gedə biləcəyi hər yeri axtarmışıq, amma heç yerdə tapa bilmirik. Hüquq-mühafizə orqanlarına da müraciət etmişik. Srağagün günorta 14:00 radələrində evdən çıxıb, bir də gəlməyib”.
Dünən isə uşağın bütün günü internet klubda olduğu bəlli olub. Anası uşağın gecə dostugildə qaldığını bildirib.

Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadənin sözlərinə görə, valideyn nə qədər ki, uşağı ilə dost deyil, nə qədər ki, uşağın fikrinə münasibət bildirmir, onun dediyini dinləmir, nəticədə belə hallar yaşanacaq. Birlik sədri həmçinin bildirib ki, bu cür hallarda uşaqlar daha çox maraq dairəsi ətrafında olan işlərlə məşğul olur: 

"Valideynlərin diqqətsizliyi səbəbindən bu gün uşaqlar baxımsız şəraitdə olurlar. Baxımsız şəraitdə olduqlarına görə də, evdə internet yoxdursa və ya onlara qadağa qoyulubsa, uşaq həmişə istədiyinə can atmağa çalışacaq. Əli çatdığı da internet klub olacaq. Uşağın yoxa çıxması ilə bağlı ilk dəfə məlumat alanda münasibət bildirmişdim ki, uşaq mütləq internet klubların birindən çıxacaq. Əgər evdə heç bir münaqişə olmayıbsa, uşaq mütləq ona lazım olan və marağında olduğu işlərlə məşğul olacaq. Valideynlər belə hallarda diqqətli olmalıdırlar. Hər zaman çalışmalıdırlar ki, övladları ilə dostluq münasibəti qursunlar”.

Yeganə Bayramova