Jurnalistika fakültəsinə marağın artması təbii qarşılanmalıdır

Vüqar Zifəroğlu: “Medianın öz üzərində dövlət qayğısını hiss etməsi, təbii ki, müsbət haldır”Azər Həsrət: “Jurnalistikaya gəlmək, bu ixtisası seçmək hələ jurnalist olmaq demək deyil. Jurnalistika ilk növbədə istedad, bacarıq tələb edən ixtisasdır”
Mətbuata dövlət qayğısının nəzərə çarpacaq dərəcədə artması gəncləri jurnalist ixtisasına həvəsləndirir. Son bir-iki ildə bu maraq kifayət qədər hiss olunacaq səviyyədədir. 5-6 il əvvəl abituriyent qəbul imtahanında topladığı balın arzuladığı ixtisasa çatmadığını biləndə, belə demək mümkünsə, "əlacsızlıqdan” jurnalistika fakültəsini seçirdi. Son illərdə isə ixtisas seçimi prosesində fərqli mənzərə yaşanır. Orta məktəbi bitirmiş məzun qəbul imtahanları başlamamış jurnalistika üzrə qabiliyyət imtahanlarına hazırlaşır.
İxtisas seçimində jurnalistikaya namizəd sayının artması da bunu təsdiq edir. Bu onu göstərir ki, deməli, jurnalistikaya maraq həqiqətən də artıb. Əlbəttə ki, jurnalistikaya müsbət mənada axında son illər ümumilikdə mediaya dövlət qayğısının artması dayanır. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuatın inkişafını şərtləndirən sərəncamlar imzalayıb, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə iki yaşayış binası artıq istifadəyə verilib və ehtiyacı olan jurnalistlər mənzillərlə təmin edilib. Digər tərəfdən media - xüsusən internet mediası dünyanı əhatəsinə alıb. Bu da gənclərdə mediaya marağın artmasına təsir edir.
Mövzu ilə bağlı həmsöhbətlərimiz Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və Əməkdar jurnalist Azər Həsrət oldu.
- Vüqar müəllim, son 1-2 ildə jurnalist ixtisasına marağın artdığı hiss olunacaq dərəcədədirmi? Siz bunu müşahidə edirsinizmi?
- Bəli, hiss olunacaq dərəcədədir. Bunu istər bakalavr, istərsə də magistratura pilləsinə qəbul olunmaq üçün imtahanda iştirak edənlərin sayındakı artımda da müşahidə etmək mümkündür. Təsəvvür edin ki, bu il elə magistratura pilləsinə sənəd verənlərin sayı, keçən illə müqayisədə demək olar ki, iki dəfə artıq oldu. Jurnalistika həmişə dəbdə olan və dinamik bir peşədir. Bu səbəbdən peşəmizə belə marağın olması və getdikcə də artması, əslində təbiidir.
- Sizcə, bu, nəylə bağlıdır? Marağın, həvəsin artmasında mətbuata, ümumilikdə KİV-ə dövlət qayğısı, Azərbaycanda söz azadlığı, müxtəlif fikirlilik, ifadə sərbəstliyinin möhkəmlənməsinin nə dərəcədə rolu vardır?
- İnformasiya əsrində yaşayırıq. İnformasiyasız gündəlik həyatımızı təsəvvür edə bilmirik. Jurnalistika informasiya ilə cəmiyyət arasında rabitə yaradan, körpü təşkil edən ictimai-siyasi institutdur. Bu anlamda ona olan marağın artması da təbii qarşılanmalıdır. Şübhəsiz ki, jurnalistikamızın inkişafına dövlət qayğısı da marağın, həvəsin artmasına təsirini göstərir. Bütün bu məqamlar ölkəmizdə media azadlığının möhkəmlənməsinə və eləcə də jurnalistikanın öz fəlsəfəsindən irəli gələrək bilgiləndirmək və maarifləndirmək funksiyalarını daha sərbəst və rahat şəkildə həyata keçirməsinə təkan verən əsas elementlərdir. Medianın öz üzərində dövlət qayğısını hiss etməsi, təbii ki, müsbət haldır.
- Jurnalistikaya marağın artması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərə əlavə imkanlar yarada bilərmi? Məsələn, gənclər arasında media körpüsü yaratmaq baxımından.
- Müasir dövrdə media həm də özünü tanıtmaq üçün bir imkandır. Bu gün müasir jurnalistika mədəniyyətlərarası dialoqun qurulmasından tutmuş, beynəlxalq münasibətlərin tənzimlənməsinə qədər bir çox istiqamətlərə ciddi şəkildə öz təsirini göstərir. Müasir dövrdə media həm də ən təhlükəli müharibə növü olan - İnformasiya savaşının başlıca və ən effektiv silahıdır. Təəccüblü deyil ki, bu gün "informasiya ekologiyası”, "informasiya çirkliliyi” kimi ifadələrlə artıq daha tez-tez qarşılaşmalı oluruq. Bu baxımdan şübhəsiz ki, həqiqətlərimizin, doğrularımızın dünyaya çatdırılmasında jurnalistikanın önəmli rolu var.
- Jurnalist ixtisasına qabiliyyət imtahanları barədə fikirləriniz maraqlıdır. Sizcə, çatışmayan cəhətlər varmı? Sizin hansı təklifləriniz var? Nələrin dəyişməsini istərdiniz?
- İstər bakalavr, istərsə də magistr pillələri üzrə qəbul zamanı qabiliyyət imtahanının keçirilməsi müsbət haldır və bildiyiniz kimi, qəbul imtahanında esse-yazı müsabiqəsinin təşkil edilməsi təklifi həm də bizim qocaman müəllimlərimiz tərəfindən irəli sürülmüşdü. Qəbul prosesi ilə bağlı Jurnalistika fakültəsi olaraq bəzi təkliflərimiz olub ki, onları Dövlət İmtahan Mərkəzinə təqdim etmişik. Prosesin daha da təkmil xarakter alması üçün DİM-in əməkdaşları da, bizlər də şübhəsiz ki, çalışırıq. İnanıram ki, yaxın gələcəkdə bu əməkdaşlıq daha intensiv və məhsuldar xarakter alacaq.
- Jurnalist ixtisasının tədrisində hansı müasir metodlardan istifadə oluna bilər? Klassik tədris metodları ilə müasirləri bir araya gətirmək mümkündürmü?
- Burada söhbət yalnız tədrisin müasir metodlarla təşkilindən getməməlidir, həm də peşənin müasir tələblərinə cavab verə biləcək səviyyədə ixtisas fənlərini tədris edə bilməkdən gedir. Yuxarıda qeyd etdim: Jurnalistika dinamik və daim inkişafda olan bir sahədir. Təbii ki, onun tədrisi zamanı da bütün bu yeniliklərdən bəhrələnmək lazımdır. İxtisas fənlərinin tədrisi zamanı birmənalı şəkildə interaktivliyə istinad edilməlidir. Çalışmalıyıq ki, bu dinamika, yeniliklər tədrisdə də tətbiq edilsin və bundan tələbələrimiz faydalansın. Biz tələbələrimizi müasir media işçisi olaraq hazırlamalıyıq ki, onlar ciddi rəqabət şəraitində özlərinə layiqli yer tuta bilsinlər. Eyni zamanda tədris vəsaitlərinin də müasir tələblərə uyğun şəkildə hazırlanmasına ciddi fikir vermək lazımdır. Bu gün ənənəvi media öz yerini interaktiv, rəqəmsal mediaya verir. Bütün bu dəyişikliklər dərslikləri, dərs vəsaitlərini, tədris proqramlarını daim yeniləməyi tələb olaraq qarşımıza qoyur. Fakültənin son Elmi Şurasında da bu məsələni müzakirə etmişik. Tədris proqramlarının, mühazirə mətnlərinin yenilənməsinə ciddi əhəmiyyət verilməlidir. Bu, tələb kimi bütün müəllimlərimizin qarşısında qoyulub.
Əməkdar jurnalist, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət də xüsusilə bu il jurnalist ixtisası seçimi edənlərin sayında artım olduğunu dedi:
- Məsələn, ali məktəblərə ötənilki qəbul imtahanlarında şəxsən məndə bir narahatlıq yaranmışdı. Çünki jurnalistika ixtisasını seçənlərin sayında azalma müşahidə etmişdim. Amma bu il, ali məktəblərə qəbul olunanlar arasında jurnalistika ixtisasını seçənlərin sayına baxdım və narahatlığım aradan qalxdı. Rəqəmlərdə ciddi dəyişiklik gördüm. Xüsusən də, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini seçənlər çoxluq təşkil edir. Bu da əlbəttə, bizi sevindirir. Doğrudur, digər ali təhsil müəssisələrində də jurnalistika fakültələri fəaliyyət göstərir. Amma həmişə, ilk nəzərə gələn məhz BDU olur. Çünki BDU məbəd timsalındadır. Və BDU-nun jurnalistika fakültəsini seçənlərin sayındakı artım məni sevindirir. Bunun bir səbəbi də başqa ali təhsil müəssisələrində jurnalistika fakültələrinin ləğv edilməsi və əsas diqqətin BDU-ya yönəlməsi oldu. Elə ali təhsil ocaqları var, indi də orada jurnalistika fakültəsi fəaliyyət göstərir. Amma bir neçə il əvvəl olduğu kimi deyil. Bir ara, necə deyərlər, "hər yerindən duran” jurnalistika fakültəsi açmışdı. Yaxşı mənada, saf-çürük etmələr, BDU-nun jurnalistika fakültəsinə tələbə qəbulunda özünü göstərdi. Abituriyentlərin jurnalist ixtisası seçimində məhz BDU-ya üstünlük vermələri də müşahidə edildi.
Səbəblərə gəlincə, bunlar bir deyil, bir neçədir. Təbii ki, son illər mediaya, kütləvi informasiya vasitələrinə dövlət qayğısının nəzərə çarpacaq dərəcədə artması bu səbəblər sırasında başlıca yerlərdən birini tutur. Ümumilikdə mediaya dövlət qayğısının artması həvəsləndirici amil kimi mütləqdir. Amma təbii ki, biz jurnalistikaya marağın artmasını yalnız maddi maraqla bağlaya bilmərik. Maddi marağın üzərində dayanmaq doğru olmaz. Jurnalistika həmişə cəlbedici ixtisas olub. Sadəcə, elə bir dövr oldu ki, mətbuatda büdrəmələr yaşandı. Uzun illər mətbuatda çalışmış insanlar bədbinliyə qapıldılar ki, əməkləri qiymətləndirilmir və sairə. Ölkənin inkişafı, iqtisadi sahədə irəliləmələr, zamanla, dövrlə ayaqlaşma, bir sıra müasir ixtisasların cəmiyyətdə özünə yer eləməsi, bəzi klassik ixtisasların müəyyən qədər arxa plana keçməsinə səbəb ola bildi. Bu tendensiyaların fonunda jurnalistikaya da marağın bir qədər azaldığı müşahidə edildi. Ancaq son illərdə, mətbuatın, medianın yenidən hadisələrin mərkəzində yer alması, "informasiya əsri” ifadəsinin sadəcə, bir söz deyil, həqiqi mahiyyət daşıdığının təsdiqini tapması jurnalistikanı da yenidən maraq dairəsinə qaytardı. Hazırda dünyada informasiya ötürməkdən, məlumat paylaşmaq qədər ikinci bir praktik iş təsəvvürə gətirmək olmur. Bu da jurnalistikaya marağın artmasına əhəmiyyətli dərəcədə təsir edir. Digər bir səbəb, maddi təminatdan qaynaqlanır. Düşünün ki, ali məktəbə qəbul imtahanlarında uğurlu nəticə əldə etmiş abituriyentin ailəsində hansı universitetin, eləcə də ixtisasın seçilməsi müzakirə predmeti olur. Ağıllı valideyn övladına gələcəyi olan ixtisasları seçməyi tövsiyə edir. Normal halda, insan təkcə ali təhsil almağı deyil, təhsilini bitirdikdən sonra bu ixtisasla harada, necə işləyəcəyini və təbii ki, gəlirini də düşünür. Son illərdə mediaya dövlət qayğısı, mediaya dövlət büdcəsindən ayırmalar, cənab Prezidentin göstərişi ilə jurnalistlər üçün yaşayış binasının inşa olunması və jurnalistlərin mənzillərlə pulsuz təmin edilməsi, mənzillərin jurnalistlərə faktiki hədiyyə edilməsi, bu ixtisasın nüfuzunun xeyli artmasını şərtləndirən əsas amildir. Belə vəziyyət jurnalistliyə istər-istəməz maraq oyadır və stimul yaradır. Amma mən əlbəttə ki, bununla jurnalistikaya böyük axın olacağını və bu ixtisası seçənlərin hamısının da jurnalist olacağını söyləyə bilmərəm. Jurnalistika hər şeydən əvvəl istedad məsələsidir. Jurnalistikaya gəlmək, bu ixtisası seçmək hələ jurnalist olmaq demək deyil. Jurnalistika ilk növbədə istedad, bacarıq tələb edən ixtisasdır. Jurnalistlik də, şairlik kimidir. Təbin varsa, içindən yazmaq gəlirsə, jurnalist olacaqsan. Yoxsa, illərlə mətbuatda, elektron mediada işləyənlər var ki, jurnalist kimi hələ də özlərini təsdiq edə bilməyiblər. Yəni, dövlət qayğısı əlavə və çox təsirli stimulverici amildir, amma istedad yoxdursa, jurnalist kimi yetişmək mümkün deyil.
- Jurnalistika ixtisasına qabiliyyət imtahanları ilə bağlı fikirlərinizi bilmək maraqlıdır...
- Hesab edirəm ki, qabiliyyət imtahanlarında abituriyentləri çox da sıxmaq lazım deyil. Orta məktəbi bitirmiş gəncdən yüksək səviyyədə yazı gözləmək doğru deyil. Nəyə diqqət edilməlidir; cümlələrin düzgün qurulmasına, fikir ardıcıllığına, ifadələrin doğru seçilməsinə. Baxmaq lazımdır ki, abituriyent fikrini çatdıra bilibmi? Çünki jurnalistikada fikri çatdırmaq əsas şərtdir. Görürsən, birisi hansısa mövzuya bir səhifəlik yazı həsr edib, amma fikir dağınıqdır, başı-ayağı bilinmir. Amma bir başqası eyni mövzunu 3-4 cümlə ilə dolğun əhatə edib. Jurnalistikanın texniki tərəfləri də var. Burda tənbəlliyə yer yoxdur, geniş mütaliəyə malik olmalısan. Təəssüf ki, bizim gənclər çox az mütaliə edir, kitablarla dost deyillər. Bu da yazıların səviyyəsində özünü göstərir. Esse-yazılarda zəngin ifadələr işlədə bilmirlər. Bəlkə də məlumatlıdırlar, amma mütaliə sarıdan zəifdirlər. Jurnalistika fakültəsinin müəllimlərinin üzərinə böyük iş düşür. Onlar bu uşaqlarla işləməlidir. Elə işləməlidirlər ki, onlar ali məktəbi "hazır məhsul” kimi bitirsinlər. Yoxsa, təcrübəyə getdikləri redaksiyalarda "bu uşağa 4 il ərzində heç nə öyrədilməyib” tənəsi eşidiləcək.
- Digər ali təhsil müəssisələrində jurnalistika fakültələrinin fəaliyyətindən danışdınız. Səhv etmirəmsə, Dillər Universitetində də jurnalistika fakültəsi var, hətta bu yaxınlarda beynəlxalq jurnalistika ixtisasının öyrədiləcəyi də deyilirdi.
- Bildiyim qədər, universitetin rektoru, professor Kamal Abdulla beynəlxalq jurnalistika sahəsində kadrlar yetişdirilməsi təklifi ilə çıxış edib. Məncə, bu çox gözəl təklifdir. Bizim xarici dil bilən jurnalistlərə hədsiz ehtiyacımız var. Zarafatyana da olsa, deyim, jurnalistlərə mənzillər veriləndə, heyrətləndirəcək sayda jurnalist gördüm. Amma beynəlxalq tədbirlərdə jurnalistlərimiz gözə dəymirlər, sağa-sola baxıram, dil bilən jurnalist də tapılmır. Ona görə də Dillər Universitetinin bu təklifi mütləq dəyərləndirilməlidir. Və xarici dil bilən ixtisaslı jurnalistlər hazırlanmalıdır.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb