Ona görə də vaxtaşırı hansısa yolda qazıntıların, ya da çökmə prosesinin şahidi oluruq
Yolların təmir edildiyinin, asfalt örtüyünün yeniləndiyinin tez-tez şahidi oluruq. Həmçinin tez-tez şahidlik etdiyimiz hallardan biri də yolların bu və ya digər səbəblərdən - gah su, gah kanalizasiya borularının partlaması, gah da qaz xətlərinin dəyişdirilməsi məqsədilə qazılmasıdır.
Əhalini də həmişə məhz bu narahat edir ki, yeni asfaltlanan, yenidən qurulan yollar az keçmiş niyə təkrar qazıq-qazıq edilir. Olmaz ki, yolu təmir etməzdən öncə, kommunikasiya xətlərinin yararlığı yoxlansın?
Qeyd edək ki, mövzunu gündəmə gətirən Binəqədi-Novxanı avtomobil yolunun 11 kilometrliyində baş verən çökmə hadisəsidir. Maraqlıdır ki, çökmə hadisəsi barədə "Azəravtoyol” ASC-nin məlumatında çökmə hadisəsinə su borusunun partlamasının səbəb olduğu bildirilir. Məlumatda qeyd edilir:
"çökməyə səbəb yolun əsaslı şəkildə yenidən qurulmasından öncə aidiyyətli qurum tərəfindən çəkilmiş yeni su borusunun (! - red.) partlamasıdır”. Yolun bərpası istiqamətində lazımi tədbirlərin həyata keçirildiyi vurğulanır. Bəs görəsən, su, kanalizasiya, qaz borularının məhz yollar yenidən qurulub üzəri asfaltlandıqdan sonra dəyişdirilməsi hələ çoxmu baş verəcək?
Məsələyə münasibət bildirən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və Yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov "Şərq”ə açıqlamasında bu cür hadisələrin əlaqədar qurumlar arasında koordinasiyanın olmamasından irəli gəldiyini bildirdi:
- Ümumi şəkildə onu deyə bilərəm ki, yollar bir neçə formada çəkilir. Yeni salınan yollar var, yenidən qurulan yollar var. Yeni yollar salınan zaman layihədə kommunikasiya xətlərinin sxemi də əlavə olunur. Bu zaman yeni kommunikasiya xətlərinin çəkilməsi prosesi aparılır. Amma cari təmir işləri çərçivəsində aparılan əsaslı təmir və yolların yenidən qurulması işləri zamanı kommunikasiya sisteminə baxılmır. Cari təmir işlərində əsasən yolun təhlükəsizliyinin təmini nəzərə alınır. Ona görə də kommunikasiya sistemlərinin işlək vəziyyətdə olub-olmamasına lazımi diqqət ayrılmır. Müasir şəhərsalmada yol infrastrukturuna vəhdət halında baxılmalıdır. Yol çəkilişi nəzərdə tutulursa, yolun altından keçəcək kommunikasiya sistemləri də layihədə əksini tapmalıdır. Dünyada bununla bağlı bir çox uğurlu təcrübələr mövcuddur.
Yolların altı ilə elə bir xüsusi drenaj sistemi tətbiq edilir ki, yol qazılmadan da, asfalt örtüyü qaldırılmadan da kommunikasiya xətləri təmir və bərpa edilir. Belə müasir layihələndirmələr mövcuddur və belə olduğu təqdirdə yolların tez-tez qazılması, su boruları, kanalizasiya xətləri, qaz kəmərlərinin təmiri, yaxud dəyişdirilməsi üçün yolun hansısa hissəsinin qazılması, avtomobillərin hərəkətinin məhdudlaşdırılması baş vermir. Əlbəttə, yol çəkilirsə, onun kommunikasiya xətlərinin hansı vəziyyətdə olduğu da yoxlanmalıdır. Bizdə bu işlər, təəssüf ki, nəzərə alınmır, əlaqədar qurumlar koordinasiyasız işləyir, ona görə də vaxtaşırı hansısa yolda qazıntıların, ya da çökmə prosesinin şahidi oluruq. Mən Novxanı-Binəqədi avtomobil yolundakı çökmənin konkret hansı səbəbdən baş verdiyini deyə bilmərəm, amma məlumat belə verilib ki, həmin ərazidə çəkilmiş yeni su borusu partlayıb. Bu necə yeni su borusudur ki, qısa zamanda partlayır. Deməli, hansısa işlər düzgün icra edilməyib.
Məlahət Rzayeva