Kriminal xəbərləri mətbuatdan yığışdıraq?

Ekspert və media təmsilçilərinin baxışları fərqlidir



Fevralın 16-da Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən "Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda "dəyirmi masa” keçirilib.

"Dəyirmi masa”da iştirak edən və ailə-məişət münaqişələri ilə bağlı bir sıra məsələlərə diqqət çəkən Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri eyni zamanda mətbuatda ailədaxili kriminal hadisələrin qabardılmasına da etiraz edib. "Tez-tez yazırlar ki, ər arvadının başını kəsdi, arvad ərini baltaladı və s. Ayıbdır, belə şey yazmaq olmaz. Axı bunu oxuyanları da nəzərə almaq lazımdır. Belə şeylər bütün dünyada var, tək bizdə deyil”.

Qeyd edək ki, bu iddiada olan tək Hicran Hüseynova deyil. Son illərdə zorakı hadisələrin, amansız qətllərin, dəhşətli qəzaların və intihar olaylarının Kütləvi İnformasiya Vasitələrində

(KİV) işıqlandırılması, hətta bəzi media orqanları tərəfindən həddindən artıq tirajlanması ciddi müzakirə mövzularından olub. Çox vaxt psixoloqlar və ictimaiyyət nümayəndələri kriminal xəbərlərin yayılmasında mətbuatı qınayır, mediada dərc olunan pis xəbərlərin cəmiyyətdəki aqressiyanı artırdığını bildirirlər. İddialara görə, cinayət hadisələrini mətbuatda yaymaq, kriminal verilişlərinin sayını artırmaq insanların psixikasına mənfi təsir edir. Yəni cinayət xəbəri özü növbəti cinayətə yol açır. Bu tendensiyanın isə artıq medianın reytinq qazanmaq məqsədinə xidmət etdiyi vurğulanır. Üstəlik, hadisələrin, sadəcə, görünən üzü xəbər obyekti olur, ancaq onun başvermə səbəbləri fonunda cəmiyyətə heç bir maarifləndirici mesaj ötürülmür.

Bəs, görəsən, media nümayəndələri və ekspertlər bu barədə nə düşünür? Kriminal xəbərlərin, cinayət hadisələrinin mətbuatda və televiziyada qabardılmasının cəmiyyətə psixoloji təsiri var?

APA TV-nin xəbər müdiri Cavid İsmayıl "Şərq”ə açıqlamasında ailə qətllərinin mediada necə işıqlandırılması mövzusunun uzun illərdir müzakirə olunduğunu, amma hələ də ortaq bir nəticəyə gəlinmədiyini deyib: "Etiraf edək ki, məsələyə birmənalı yanaşmaq mümkün deyil. Bir çox ölkələrdə sıravi, tanınmayan adamların ailələrində baş verən qətllər mediada işıqlandırılmır, yalnız məşhur ailələr bu xüsusda diqqət mərkəzinə gəlir. Azərbaycanda bu olayların gündəmə gəlməsinin əsas səbəbi odur ki, biz çox kiçik ölkəyik, bu səbəbdən informasiya məkanımız da kiçikdir. Lap tutaq ki, bir neçə sayt və qəzet bu haqda yazmadı, bu o demək deyil ki, digərləri də yazmayacaq. Belə olan halda da yazmayan KİV-lərin rəhbərləri kriminal müxbirləri danlayacaq ki, hamı yazdı, sən niyə yazmadın? Məncə, bununla bağlı ortaq qərar olmalıdır. Məsələn, Mətbuat Şurası KİV-ə bu hallarda necə davranmaqla bağlı müraciət edə bilər. Amma dövlət orqanlarının bu məsələdə jurnalistlərə nəyi necə yazmağı öyrətmək cəhdini qəbul etmirəm. Məncə, onların əsas işi bu cür qətllərə aparan səbəbləri aradan qaldırmaq olmalıdır”.

Sosioloq-jurnalist Lalə Mehralı isə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın iradının tamamilə haqlı olduğunu və hətta bu açıqlamanı çoxdandır ki, səbirsizliklə gözlədiyini vurğulayıb: "Bizim, sosial işçilərin, psixoloqların deməyi ilə bu məsələyə əncam çəkilmir, gərək dövlət səviyyəsində tədbir görülsün. Təəssüf ki, cinayət hadisələrinə həsr edilən proqramlara, bu barədə saytlarda, qəzetlərdə yazılanlara cəmiyyətin hər təbəqəsindən və hər yaş qrupundan oxucu, tamaşaçı tapılır. Hələ efirdə yayımlanan cinayət verilişlərini 7-dən 70-dək hamı maraqla gözləyir. Bu həftə kim-kimi qanına qəltan edib, kim kimin başını kəsib, kim kimin evini yarıb - hamısını 30 dəqiqədə öyrənmək mümkündür. Bunu psixoloqlar daha yaxşı izah edər, cinayət verilişlərinin ətraflı, hadisəni təsvir edərək verilməsi insanların, xüsusilə də əsəbləri zəif olan insanların psixologiyasına olduqca mənfi təsir edir. Bu verilişlər adətən axşam saatlarında, təxminən 23-24 radələrində yayımlanır. Bu vaxt uşaqların və yeniyetmələrin hamısı olmasa da, çoxusu oyaq olur. Düzdür, bəzən proqram başlayanda xüsusi xəbərdarlıq olunur ki, yaşı 18-dən aşağı olanlar baxmasın. Mən çox ailə tanıyıram ki, cinayət verilişinə 6-7 yaşlı uşağı ilə birlikdə oturub baxır. Uşaq küçədə, məktəbdə savaşdığı yoldaşından qisas almağı düşünürsə, bu veriliş onun üçün lap göydəndüşmə olur, necə tutmalı, necə bağlamalı, necə zərər verməli - hamısını öyrənir”.

Lalə xanımın sözlərinə görə, sosial problemləri olan, ailə nəvazişindən uzaq, sosial aləmdən dəstək görməyən uşaqlar bu gördüklərini sosial aləmə qarşı yönəldə, başqaları üzərində tətbiq edə bilər. Cinayət törədən şəxslərlə bağlı süjetin efirə getməsi və cinayətkarın hadisəni necə törətməsi və tutulmaması üçün hansı vasitələrə əl atmasını açıq-aydın izah etməsi cinayətə meyilli olan tamaşaçıda fikir formalaşdıra bilər: "Bu verilişlərə baxan təcrübəsiz və potensial cinayətkarlar artıq öyrənmiş olur ki, cinayət zamanı hansı səhvləri buraxmaq olmaz, üstü açılmaması üçün necə etmək lazımdır və s. Hesab edirəm ki, belə verilişlər kriminogen vəziyyəti daha da ağırlaşdırır. Televiziyalar belə verilişlərin yerinə, vətənpərvərlik, savad, zəhmətkeşlik təbliğ edən proqramlar versələr, cəmiyyət üçün faydalı olar. Bu kimi verilişlərin hazırlanması dayandırılsa və sadəcə xəbər proqramlarının içində kiçik informasiya kimi verilsə, cəmiyyətin cinayət barədə də düşüncəsi az olar”.

Kriminal hadisələrin, ailədaxili cinayətlərin sovet dönəmində də olduğunu vurğulayan psixoloq Azad İsazadənin sözlərinə görə, o dönəmlərdə hakimiyyət bu cür xəbərləri gizlətsə də, paralel olaraq kriminogen vəziyyəti nəzarətdə saxlayır, bu cür hadisələrə qarşı mübarizə aparırdı: "Sovet dövründə birmənalı şəkildə bu hadisələr gizlədilirdi. Çalışırdılar ki, belə halları azaltsınlar, səbəbləri araşdırsınlar. Ancaq söhbət ondan getmir ki, həmin quruluş insanları sevirdi, yox, sadəcə olaraq cəmiyyətdə hay-küy, qalmaqal yaranmasını istəmirdi. Yəni heç kim sovet cəmiyyətində işindən, həyatından narazı qalaraq özünə qəsd etməsin”.

Psixoloq hesab edir ki, kriminal xəbərləri mediadan gizlətməklə onların qarşısını almaq mümkün deyil: "Əlbəttə, düşünmək olar ki, bu cür xəbərlərin geniş şəkildə işıqlandırılması, medianın diqqətində olması ailə münaqişələrinin və digər kriminal zorakılıqların sayının artmasına müəyyən qədər təsir edir. Ancaq birmənalı olaraq iddia edə bilmərik ki, medianın təsiri müsbətdir, yoxsa mənfi?”.

İstənilən halda medianın bu cür xəbərlərə həssas olmasını vacib hesab edən A.İsazadənin sözlərinə görə, səbəblər aradan qaldırılmadığı təqdirdə cəmiyyətdəki bu cür hadisələrin qarşısını almaq mümkün olmayacaq: "Medianın baş verən hansısa bir cinayətlə bağlı ictimaiyyəti məlumatlandırmasında elə bir ciddi problem yoxdur. Sadəcə, bunun verilmə qaydaları üzərində işləmək lazımdır. Onu da peşəkarlar etməlidir. Fikrimcə, bu məsələdə ümumi fikrə gəlmək lazımdır. O cümlədən media üçün təlimatlar hazırlanmalıdır. Yəni nəyi demək olar, ya olmaz, nəyi göstərmək olar, nəyi olmaz. Ancaq ümumiyyətlə, heç nə göstərməmək, heç nə deməmək doğru deyil. Çünki qətllər barədə məlumatlar onsuz da camaat arasında yayılır. İndi internet əsridir və sosial şəbəkələrin gözündən heç nə qaçmır. Deməli, biz bu prosesi sadəcə nəzarət altına götürməliyik”.

Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov isə medianın işinin məlumatı, xəbəri işıqlandırmaqdan ibarət olduğunu deyib: "Biz bu xəbərləri dərc etməsək, həmin ər arvadının başını kəsməyəcək? Bilirsiz, hər bir məsələyə irad bildirmək olar, lakin gərək irad bildirdiyin sahəni yaxşı biləsən”. Jurnalistika etikası baxımından bu tipli kriminal xəbərlərin dərcində heç bir qəbahət olmadığını vurğulayan həmkarımız mətbuatda bu tərzdə olan xəbərlərin bir o qədər də çox olmadığını düşünür: "Bütün dünyada "3-cü səhifə xəbəri” adlanan kriminal xəbərlər var və heç bir ölkənin parlamentində də bu müzakirə olunmur. Parlament həmin hadisələri minimuma endirə, qarşısını alan qanunlar çıxara bilər. Ancaq mətbuat bu kimi halların qarşısını almaq üçün mükəlləf deyil. Ona görə də təklif edirəm ki, gəlin hər kəs öz işini görsün - müəllim təhsil versin, həkim şəfa, deputat qanun çıxarsın, biz jurnalistlər də məlumatları ictimaiyyətə çatdıraq”.

Davamı olacaq...

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb