Məmur xalq üçün işləməlidir, xalqın yanında olmalıdır
Prezidentin xəbərdarlığı ciddi mesajdır, vəzifədə olanlar bunun fərqinə varmalıdır
Azərbaycan Prezidenti İlham Əliyev məmurlara növbəti dəfə xəbərdarlıq edib. Ölkə başçısı ötən gün konfransda bildirib ki, məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır.
Dövlət başçısı çıxışında diqqətə çatdırıb ki, insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür: "Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, özünü təvazökar aparmalıdır.
Özü də, ailə üzvləri də nümunə olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir.
"Prezidentin sözləri məmurlara mesajdır”
Prezidentin çıxışına münasibət bildirən millət vəkili Fəzail İbrahimli deyib ki, məmurların tənqid olunması insanlarda təəccüb doğurmamalıdır: "Bəzən ölkədə Prezidentin məmurları tənqid etməsi təəccüblə qarşılanır. Ancaq, belə olmamalıdır. Bu, dünya praktikasında qəbul olunmuş haldır. Əgər iş varsa, orada qüsur olur. Komanda varsa, ona irad da bildirilməlidir. Burada Prezident öz komandasından səmimi olmağı, xalqa xidmət etməyi tələb edir. Ölkə başçısı komandasında olan məmurlara bununla mesaj verir. Bu, həddindən artıq özündən razı olan, arxayın olan, atdığı addımların, əməllərin görünmədiyini düşünən, yaxud görünüb əhəmiyyət verilmədiyini düşünən məmurlara qarşı mesajdır. Prezident deyir ki, yerinizi, həddinizi bilin, səmimi olun, xalqa xidmət edin və göstərilən etimadı doğruldun”. Deputat deyib ki, bu gün çətin, beynəlxalq hüququn beynəlxalq gücə təslim olduğu bir dövrdə yaşayırıq: "Dünya yeni hüquq normalarının, prinsiplərinin müəyyən edilmə ərəfəsindədir. Ona görə də Azərbaycandakı komanda vahid, monolit, olduqca güclü olmalıdır. Bunun üçün ilk növbədə komanda üzvləri xalqa xidmət etməli, ruhunu duymalıdır. Qəbullarına gələn insanlara münasibətdə ədalətli olmalıdırlar”.
"Azərbaycanda çox önəmli struktur və kadr islahatları aparılacaq”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, belə görüşlərin keçirilməsi sahibkarlar və konfransda olan hökumət məmurları üçün böyük əhəmiyyət kəsb edir:
"Çünki cənab Prezident orda birbaşa onlara göstərişlər verdi. Hətta iclasda Prezident kənd təsərrüfatı ilə əlaqədar konkret nə qədər torpaq sahəsi verilməsinə, hansı rayonlarda su təsərrüfatının yenidən çəkiləcəyinə çox ciddi toxundu. Göstərişlər verdi, bildirdi ki, deyilən bütün məsələlər nəzarətdədir. Bu məsələlər vaxtlı-vaxtında yoxlanılacaq. Prezident İlham Əliyev konkret olaraq bu məsələlərə şəxsən özü müdaxilə etdi”. Deputat bildirib ki, Prezidentin növbəti dəfə məmurlara xəbərdarlıq etməsi önəmli məsələlərdən biri idi: "Cənab Prezident konfransda məmur-xalq münasibətinə də ciddi toxundu. Bildirdi ki, məmur xalq üçün işləməli, xalqın yanında olmalıdır. Bu məsələ də çox ciddidir. Belə bir konfransların keçirilməsi Azərbaycan üçün, ümumiyyətlə iqtisadiyyat üçün əhəmiyyətlidir ki, orada bəzi məsələlər həll olur. Nazirlər sahibkarla görüşür, sahibkarlar lazım olanda öz məsələlərini qaldıraraq onların həllinə çalışırlar. Ona görə bu konfransların əhəmiyyəti böyükdür”.
V.Əhmədov vurğulayıb ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ixrac yönümlü məhsulun artırılmasıdır: "Cənab Prezident "strateji yol xəritəsi”ni təsdiq edib. Bu, çox əhatəli böyük bir proqramdır. Bu xəritə ilə əlaqədar olaraq Azərbaycanda onun həyata keçirilməsi üçün çox ciddi islahatlar start götürüb. Biz gözləyirik ki, artıq Azərbaycanda struktur və kadr islahatları həyata keçirilsin. Çünki proqram ağırdır. Yəqin ki, cənab Prezident müəyyən islahatlar aparacaq. Həmçinin, kadr islahatlarına start verəcək. Azərbaycana əlavə vəsaitin, yəni dolların gəlməsi üçün ixrac yönümlü məhsulların sayı artırılmalıdır. Bu da ən ciddi və önəmli məsələlərdən biridir. Yerli icra hakimiyyəti orqanları, nazirlər və sahibkarlar bunu anlamalıdır”.
"Prezidentin fəaliyyəti məmurlar üçün nümunədir”
YAP siyasi şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, Azərbaycan Prezidentinin fəaliyyəti, iş prinsipi hər bir məmur üçün bir nümunədir:
"Ölkə başçısının söylədiyi kimi, bütün məmurların, vəzifə sahiblərinin, hakimiyyəti təmsil edən insanların əsas vəzifəsi xalqın qulluğunda durmaq, onların yaxşı yaşaması üçün öz töhfələrini uğurla yerinə yetirməkdən ibarətdir. Dövlət başçısı iradlarını ünvanlı olaraq söyləyib. Prezident çox yaxşı bilir ki, dövlət qurumlarında işlər hansı şəkildə reallaşdırılır, həyata keçirilir. Burada məqsəd onların nəticə götürməsidir”. Baş redaktorun sözlərinə görə, məmurlar dövlət başçısının iş prinsipindən bir proqram kimi istifadə edib, öz fəaliyyət dairəsini vicdanla, yüksək səviyyədə təşkil etməlidirlər: "Cənab Prezident ictimaiyyət nümayəndələri ilə görüşdə hər zaman onların problemləri ilə yaxından maraqlanır, fikirlərinə böyük önəm verir. Bu baxımdan ölkə başçısı hər zaman qeyd edir ki, məmurlar xalqın xidmətçilərdir. Məmur qüsurlu hallara yol verməməyə çalışmalıdır. Düzdür, iş olan yerdə müəyyən nöqsanlar olur. Amma qüsurlar bilərək və bilməyərəkdən ola bilər. Ümumiyyətlə, Prezident İlham Əliyevin məmurlarla bağlı söylədiyi irad və tövsiyələr ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və buna böyük dəyər verilir”.
İsmayıl