Millətimiz yenidən doğulur

"Evimdə nə qədər istəsələr, yaşaya bilərlər"

Qəbələ sakini Gəncədə raket zərbəsindən evi dağılanlara yardım əlini uzatdı

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun cəbhədəki qələbələri xalqımızı yumruq kimi birləşdirib. Ermənistanın mülki əhalini hədəf alan raket hücumları da, tələfatın, dağıntıların olması belə xalqın iradəsini zəiflətmir, əksinə, daha da gücləndirir və qələbə əzmini artırır. Azərbaycan ordusunun əks-hücum əməliyyatları apardığı bu günlərdə biz vətəndaşlarımızın həmrəylik nümayiş etdirməsinin dəfələrlə şahidi olmuşuq.

İstər orduya ianələr baxımından, istərsə də ayrı-ayrı şəxslərin ehtiyacı olanlara yardım etməsi baxımından xalqımız əsl vətəndaşlıq nümunəsi göstərir. Qəbələ rayonunun Bum qəsəbəsinin 54 yaşlı sakini İlqar Umarov sosial şəbəkə vasitəsilə Gəncə əhalisinə müraciət edərək şəxsi mənzilini zərərçəkənlərin istifadəsinə verəcəyini  bildirib. İlqar Umarovun özüylə əlaqə saxlayıb fikirlərini öyrəndik. İ.Umarov qeyd etdi ki, 1992-94-cü illər Qarabağ müharibəsində də ordumuza, o zaman zərər çəkmiş əhaliyə bacardığı qədər yardım edib: 

- Bu barədə danışmaq yaxşı düşməz. Döyüşən orduya yardım etmək, qaçqına, köçkünə kömək etmək borcumuzdu. O vaxt iş adamıydım, kömək edirdim. İndi faktiki qazanc yerim yoxdu. Oğlanlarım taksi fəaliyyəti ilə məşğuldu. Buna baxmayaraq yenə kənarda qalmaq istəmədim və qəsəbəmizin 15 nəfər sakini ilə bir araya gəlib əsgərlərə yardım kampaniyası təşkil etmək təşəbbüsü qaldırdıq. Buna yardım demək də olmaz. Əsgərlərimizin hər şeyi var, kənardan yardıma ehtiyacları yoxdur. Amma biz bir vətəndaş kimi üzərimizə düşəni etməyə çalışırıq. Nəylə olsa da ordumuza kömək etmək, onların yanında olduğumuzu göstərmək istəyirik. Hansı ailədə ki bir oğul övladı vardı, indi cəbhədədi və ailənin qazanc gətirəni yoxdur, həmin ailələrə dəstək oluruq, 35-40 manatlıq ərzaq payı veririk. Bizim Bum qəsəbəsindən 78 nəfər cəbhəyə gedib, hazırda döyüş bölgəsindədilər. 1 şəhidimiz var. Bu təşəbbüsü ona görə qaldırdıq ki, imkanı olub tərpənməyənlər bəlkə örnək götürsün. Biz qəsəbə sakinləri bu yardımları öz kiçik imkanlarımız hesabına edirik. Biz bunu edə biliriksə, gəliri olanlar, deməli, daha çox yardım göstərə bilər. 

İ.Umarov Bum qəsəbəsindəki mənzilini ermənilərin Gəncəyə raket zərbəsi nəticəsində evsiz-eşiksiz qalmış vətəndaşlarımıza təhvil verməyə hazır olduğunu dedi: 

- O ev mənim şəxsi əmlakımdı. 4-5 ailə orada rahatca yerləşə bilər. Bunu sosial şəbəkədə paylaşdım ki, kim istəyirsə, rahat şəkildə, heç nədən çəkinmədən gəlsin Qəbələyə, Bum qəsəbəsinə, mən evimi onlara peşkəş edirəm, ürəkləri istəyən qədər qalsınlar, yaşasınlar. Belə dar gündə də xalqımıza kömək etməyəcəyiksə, kiməsə əl uzatmayacağıqsa, hansı günə lazımıq?! 

İ.Umarov yaxın günlərdə əsgərlərimizə tibbi ləvazimat, isti paltar, sovqat aparacaqlarını bildirdi: 

- Bir mağaza ilə danışmışıq, tibbi ləvazimat verəcək. Sumqayıtdakı “İntertekstil” şirkətindən isə əsgərlər üçün isti geyimlər, papaq almağı düşünürük.