Niyə region çimərliklərində xilasedicilər yoxdur? - FHN-dən açıqlama

Elsevər Həsənov:"Xəzər dənizinin sahilboyu ərazisi çox böyük olduğuna görə, hər bir sahil zolağını xilasetmə qüvvələri və texniki avadanlıqlarla təmin etmək mümkün deyil"


Qazax rayonu Dəmirçilər kənd sakinləri 2007-ci il təvəllüdlü Bayramov Nihad Mürşüd oğlu və 2009-cu il təvəllüdlü Bayramov Lətif Mürşüd oğlu kəndin ərazisində süni yaradılmış göldə boğulub.

Qardaşların cəsədləri göldən çıxarılaraq ailələrinə təhvil verilib.

Qeyd edək ki,bu ailə faciəsi rayonlardakı su hövzələri və kiçik çimərliklərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini önə çəkib.

Bölgələrdə bu istiqamətdə görülən tədbirlər barədə Sherg.az-a danışan Fövqəladə Hallah Nazirliyinin(FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə müdiri Elsevər Həsənov bu qurumun respublikanın müxtəlif rayonlarında axtarış, xilasetmə tədbirlərini həyata keçirdiyini deyib. Onun sözlərinə görə, adıçəkilən struktur çimərliklərdə, digər su hövzələrində təhlükəsizliyə nəzarəti və bədbəxt hadisələrdən qorunmanı təmin edir:

"Xidmətin 42 xilasetmə bölməsi var. Onların 25-i Bakı-Abşeron zonasının payına düşür, qalanı isə respublikanın rayonlarında fəaliyyət göstərir. Elə rayon var ki, bir neçə struktur bölmə var. Qış mövsümündən etibarən Bakı şəhərində 20-dən artıq orta məktəbdə, səhiyyə ocaqlarında və digər müəssisələrdə su hövzələrində riayət edilməli təhlükəsizlik qaydaları barədə maarifləndirmə tədbirləri həyata keçirmişik. Həmçinin bəzi bölgələrdə - Qazax, Beyləqan, Qusar və s. regionlarda bu cür tədbirlər davam etdirilib.

Suda boğulma kimi bədbəxt hadisələrin baş verməsinin qarşısını almaq üçün öncə valideynlər diqqətli olmalıdır. Təbliğat işləri əksərən kömək olur, insanların məlumatlandırılması baxımından effekt verir. Amma azyaşlılar nəzarətsiz qaldıqda, özbaşına şəkildə yaxınlıqda olan su hövzələrinə gedir, bədbəxt hadisə baş verdikdə isə heç kim xəbər tuta bilmir”.

Qazax rayonu ərazisinin çimərlik bölgəsi olmadığını diqqətə çatdıran ekspert bu rayonda xidmətin struktur bölməsi olmadığını söyləyib. O bildirib ki, Qazaxa ən yaxın olan bölmələri Mingəçevir şəhərində yerləşir: 

"Qazaxda baş verən hadisə ilə bağlı dərhal məlumat verildi və məlum oldu ki, sakinlərin köməkliyi ilə uşaqların cəsədləri sudan çıxarılıb.

Çimərlik əraziləri olan rayonlarda maarifləndirmə xarakterli tədbirlər, İcra Hakimiyyətləri ilə birlikdə müzakirələr təşkil olunur, orta məktəblərdə məlumat bukletləri paylanılır. Xüsusilə Bakı şəhəri ərazisinə insanlar axın etdiyinə görə, çimərliklərdə təhlükəsizlik və axtarış-xilasetmə tədbirləri gücləndirilib. Bütün bunlara baxmayaraq, Xəzər dənizinin sahilboyu ərazisi çox böyük olduğuna görə, hər bir sahil zolağını xilasetmə qüvvələri və texniki avadanlıqlarla təmin etmək mümkün deyil.

Rayonlarda müşavirə keçirdikdə kanal idarələrinin rəhbərlərini, hüquq-mühafizə orqanlarının əməkdaşlarını da dəvət etdik ki, bu məsələlərdə diqqətli olsunlar. Aidiyyatı qurumlara sahilboyu ərazilərə yerləşdirilməsi üçün qadağa işarələri, məlumatlandırıcı plakatlar verdik. Lakin çimərlik ərazilərində bədbəxt hadisələr yenə də baş verir"


E.Həsənovun fikrincə, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 aprel tarixli qərarında xüsusi qeyd olunub ki, 13 yaşına qədər olan uşaqlar çimərliklərdə yalnız böyüklərin, valideynlərin müşayiəti ilə çimə bilərlər: 

"Küləkli hava şəraitində suya girmək təhlükəli olduğundan qadağan edilir. Hər kəs çimərlik ərazilərinə, su hövzələrinə gedərkən təhlükəsizliyə nəzarət edən şəxslərin təlimatlarına əməl etməlidir. Qızmar günəş altında çox dayanmaq olmaz. Bu da ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Xilasedicilərin müəyyən fəaliyyət saatları var. Səhər saat 9-dan axşam saat 8-ə qədər çimərliklərdən istifadə etmək daha təhlükəsizdir. Təhlükəsizlik məqsədilə yerləşdirilmiş lövhələrin göstərişlərinə əməl etmək lazımdır. Sakinlərin çoxu həmin lövhələri sıradan çıxardır”.

Ayyət Əhməd