Azərbaycan muğamını dünyada tanıdan Xalq artisti Alim Qasımovun hind xanımla görüntüləri böyük müzakirəyə səbəb olub. İnternetdə yayılan görüntülərdə hindli sənətçi xanımla Alim Qasımov ifa təqdim edirlər. Hind sənətçisi hind musiqi ladlarına uyğun şəkildə muğam improvizələri edir.
Azərbaycanın Xalq artisti də onun ifasına qarşılıq verərək hind musiqisi ilə Azərbaycan muğamını improvizə edərək sintez şəklində ifası ilə ətrafda olanların marağına səbəb olub. Hərçənd Alim Qasımovun hind xanımla improvizəsi heç də sosial mediada birmənalı qarşılanmayıb. Bu görüntülər müzakirələrə səbəb olub.
Bu barədə Xalq artisti Alim Qasımov "Şərq”ə eksklüziv açıqlama verdi:
"Əvvəla mən onu qeyd edim ki, bu görüntülər illər öncə çəkilib. Biz Səmərqənddə festivalda iştirak edirdik. Bir çox ölkələrdən bu festivala tanınmış sənətçilər dəvət olunmuşdu. Otelin foyesində bir neçə ölkənin musiqiçiləri bir arada oturub musiqi polemikası aparırdıq, həm də necə deyərlər, hərə öz milli musiqisini zümzümə edirdi. Hind sənətçisinin adı yadımda deyil, amma hind boğazlarını təqdim etdi. Mən də Azərbaycan muğamının imkanlarından istifadə edib improvizə etdim. Bu, səhnə üçün nəzərdə tutulmamış bir təqdimat idi. Birdəki loru dildə desək, sənətçilər bir arada zarafat edərək "mırt” vurduq. Mən əcnəbilərə klassik muğam tərzində musiqimizi təqdim edirəm. Amma bu şəkildə olan ifalara maraq daha böyük olur. Bilirsiz, bu həm də ruhla bağlı olan məsələdi. Mən ürəyimin süzgəcindən keçən və həmin anda ruh halımın tələb etdiyi tərzdə musiqi ifa edirəm. Muğam fəlsəfi musiqidi. Ona görə də muğam fəlsəfəsini dərk edənlər başa düşə bilər ki, mənim ruhum o an o tərzdə ifaya ehtiyac duyurdu.
Əcnəbilər bu şəkildə musiqiyə, ifaya daha çox maraq göstərirlər. Mən illərdi Azərbaycan muğamını hiss etdiyim, ruhumun mənə diktə etdiyi tərzdə xarici ölkələrdə təbliğ edirəm. Klassik tərzdə yetərincə çox güclü xanəndələrimiz var. Onlar da xarici ölkələrə qastrol səfərləri edir, muğamımızı təbliğ edirlər. Mənim isə muğama yanaşmam da, ifa tərzim də bir qədər fərqli olb. Zaman-zaman Azərbaycanda buna birmənalı yanaşma olmayıb. Amma bircə onu bilirəm ki, bu günə qədər xarici ölkələrdə muğamı sevdirməyə az da olsa nail olmuşamsa, buna çox sevinirəm. O görüntülər də səhnədə deyil, istirahət edərkən, əylənərkən musiqiçilər arasında olan bir zarafat idi. Bunu bu qədər ciddiləşdirmək mənə elə gəlir ki, dar təfəkkürlü insanların yanaşması ola bilər”.
Tahirə