Özümüzdə əkinə yararlı kifayət qədər torpaq var

Dağıstanda təsərrüfatla məşğul olmaq bizə yox, Rusiyaya xeyir verər



Dağıstan Prezidenti Ramazan Abdulatipov Dağıstanın kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün azərbaycanlı sahibkarlara icarə əsasında torpaq verməyə hazır olduğunu bəyan edib.

Azərbaycanlı sahibkarların Dərbənddə torpaq icarəyə götürərək kənd təsərrüfatı məhsulları yetişdirmək imkanı olduğunu vurğulayan R.Abdulatipov bu üsulun kənd təsərrüfatı məhsullarının Azərbaycanda istehsal olunaraq Rusiyaya göndərilməsindən daha məqsədəuyğun olacağını bildirib.

Bu təklifin Azərbaycan sahibkarları və iqtisadiyyatı üçün nə dərəcədə əhəmiyyətli olduğuna gəldikdə isə mövzunu "Şərq”ə şərh edən iqtisadçı-ekspert Qalib Toğrulun qənaətincə, məsələyə alternativ bir imkan kimi baxmaq lazımdır: "Ancaq bir şeyi də nəzərə alaq ki, Dağıstanda azərbaycanlı sahibkarlar tərəfindən torpaqların icarəyə götürülərək istifadə olunması artıq ölkəmizdən investisiya axını deməkdir. Eyni zamanda, yeni iş yerləri yaradılması, dövlət büdcəsinin vergilərin ödənilməsinin və digər ödənişlərin və xərclərin, sadə şəkildə desək, artıq Rusiya ərazisinə köçürülməsidir, azərbaycanlı sahibkarların Rusiya iqtisadiyyatına töhfəsidir”.

Ölkəmizdə kifayət qədər əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaqlar olduğunu vurğulayan iqtisadçının sözlərinə görə, sadəcə, kənd təsərrüfatı sahəsində dövlət siyasəti təkmilləşdirilməli, kənd təsərrüfatı sahəsində 1999-cu ildən bəri həyata keçirilən güzəşt (torpaq vergisindən başqa digər vergilərdən azadolma) və sonradan tətbiq olunan subsidiya siyasətinə yenidən baxılmalıdır: "Güzəştlər ləğv edilməli, subsidiya ünvanlı olmalıdır. Münbit sahibkarlıq mühiti formalaşdırılmalı, icra strukturlarının və digər dövlət qurumlarının əsassız müdaxilələrinə son qoyulmalı, gübrə təchizatı, toxumçuluq, texniki təchizat, maliyyə əlçatanlığı sahəsindəki problemlərin həllini dövlət öz üzərinə götürməlidir. Yalnız bütün bunlardan - ölkəmizdə kənd təsərrüfatı sahəsində əhəmiyyətli irəliləyiş əldə olunandan sonra qardaş Dağıstanın təklifinə baxmaq olar”.

Şəymən