Polkovnik həbs olundu, orduda biabırçılıqlar ortaya çıxdı

Valideynlər böyük rüşvətin müqabilində övladlarını Ermənistan ordusundan gizlədiblər

Qarabağ müharibəsindəki biabırçı darmadağından sonra günahı gah Hindistanın, gah da Rusiyanın üstünə atan Ermənistan, nəhayət ki, məğlubiyyətlərinin səbəbini anlamağa başlayıb. 

Ermənistan mediasının yaydığı məlumata görə, Milli Təhlükəsizlik Xidməti Ermənistan Silahlı Qüvvələrinin polkovnikini saxlayıb.
Polkovnik rüşvət müqabilində əsgərləri bir hərbi hissədən digərinə, eləcə də ön cəbhədən arxa cəbhəyə keçirməkdə ittiham olunub. 
Qeyd olunub ki, polkovnik valideynlərin xahişi ilə 2 000-2 500 dollar müqabilində əsgərləri onların seçdikləri arxa cəbhədəki hərbi hissəyə yerləşdirirdi.
Bundan başqa, o, müharibə dövründə fərarilik hallarını ört-basdır etməkdə də ittiham olunub.
Nəzarət altına alınan polkovniklə yanaşı daha 10 nəfər saxlanılıb.

Qeyd edək ki, Ermənistan ordusunda baş verən rüsvayçı vəziyyət və həbslər ilk deyil.

Mövzunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ilə müzakirə etməyə çalışdıq. O,  "Şərq"ə açıqlamasında bildirib ki, indi Ermənistanda kapitulyasiyadır, məğlubiyyət yaşanır. Onlar məğlubiyyətin səbəbini biri-birlərinin və ya hansısa prosesin üstünə atmağa çalışırlar:

"Orada sözügedən polkovnikin pul alıb əsgərləri arxa cəbhəyə köçürməsindən də böyük cinayətlər baş verib, daha doğrusu, onların üstü açılıb. 
Deməli, orada Patron Davo var. İndi bəlli olub ki, o, Rusiyadan Zenit raket kompleksi almaq adı ilə gedib həmin raketə oxşar silahın İordaniya istehsalı olanını alıb. Qiymətdə isə 2 dəfəyə qədər fərq var. Pulun qalanını da öz cibinə qoyub. Hətta deyilir ki, pulun yarısını da Tonoyana verib. 
Əslində, bu, o millətin mənəviyyatının, daxili aləminin çürüdüyünün göstəricisidir. 

O deyilən polkovnik bir nəfərdir. Amma görün buna oğlunu arxa cəbhədə gizlətmək üçün nə qədər valideyn rüşvət verib. Yəni bu, ordudan yayınmanın geniş olduğunu, ordunun gücü ilə bağlı ermənilərdə milli ruhla əlaqədar deyilənlərin sadəcə mif olduğunun göstəricisidir. 

Biz həmişə Ermənistandan danışarkən onların təhtəlşüurunda Azərbaycan parametrini nəzərə almalıyıq. Onlar rəsmi olaraq çıxıb necə yalan danışsalar da, yaxşı bilirdilər ki, onların qonşusu Azərbaycandır. Onlar Azərbaycanın torpağını işğal ediblər və biz nə vaxtsa öz torpağımızı işğaldan azad edəcəyik. Ona görə də belə düşüncələrlə yaşayan, həmin reallıqların təsiri altında olan ermənilər istər-istəməz çalışırdı ki, öz oğlunu hərbidən yayındırsın".

Ağarza Elçinoğlu