"Prezidentin İran səfərində Qarabağ problemi müzakirə olunacaq" - Anar Nağıyev




"İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehrandakı üçtərəfli görüşündə Dağlıq Qarabağ problemi müzakirə olunacaq. Görüşdən sonrakı rəsmi açıqlamalara uyğun dəqiq analiz verə bilərik”.


Bunu Sherg.az-a Prezident İlham Əliyevin martın əvvəlində İrana baş tutacaq səfərinin nəticələrini şərh edərkən ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev deyib. 

Onun sözlərinə görə, Azərbaycanın regionda önəmli rolu qonşu ölkələrlə münasibətlərinə təsir edir:

"Son illərdə Azərbaycanın regional səviyyədə yürütdüyü siyasət kifayət qədər çoxşaxəli istiqamətdədir. Bizim üçün qürurverici olmalıdır ki, Azərbaycan regionun, hətta dünyanın böyük qütbləri arasında körpü rolu oynamağı bacarır. Xüsusilə, Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın rolu vurğulanır. Həmçinin ölkəmiz Cənubi Qafqaz regionunda aparıcı mövqeyinə uyğun olaraq, İranın və digər qonşu ölkələrin Cənubi Qafqazda, Yaxın Şərqdə oynayacağı rolda Azərbaycanın mövqeyi ilə hesablaşmağı vacibdir. Bu baxımdan ölkə başçısının İran və başqa ölkə rəhbərləri ilə görüşləri yüksək maraq doğurur.

 Görüşlərdə hansı məsələlərin müzakirə olunacağı və nəticələri önəmli mahiyyət daşıyır. Səfərdən sonra müzakirə olunan məsələlər, konkret hansı müqavilələrin imzalanmağı məlum olacaq. Hazırda reallıq ondan ibarətdir ki, Azərbaycan qüdrətli ölkə olduğundan tək Cənubi Qafqazda deyil, daha geniş regionda söz sahibi olmağa başlayıb. Xatırlayırsınızsa, bir neçə il əvvəl prezident İlham Əliyevin Ərəb ölkələrinə səfərləri baş tutmuşdu. Bundan sonra "ərəb açılımı” deyilən böyük müzakirələr mətbuatda canlandırıldı. Bu müzakirələr fonunda Azərbaycanın Ərəb ölkələri ilə münasibətlərinin yeni mərhələyə keçməsi danışıldı. Bu gün artıq ölkəmizin Qafqaz siyasətində, Rusiya, İran və Türkiyənin regionda olan maraqları daxilində mövqeyini ortaya qoyması, dövlətlərin Azərbaycanın böyük müstəvidə rolunu danılmaz fakt olaraq qəbul etməsinə şərait yaradır. Ona görə, bu proseslərdə Azərbaycanla hesablaşmalı olurlar”.

A.Nağıyev bildirib ki, hazırda dövlətin qarşısında duran əsas məsələ Ermənistanın Azərbaycana təcavüzü olduğundan cənab prezident bütün görüşlərində xarici həmkarları ilə Qarabağ problemini ortaya qoyur:

"Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan siyasətinin prioritet məsələsidir. Ona görə, İranla görüşdə problemin həlli müzakirə olunacaq. Hər kəsə bəllidir ki, ən azından Cənubi Qafqazda bütöv bir təhlükəsizlik sistemi qurulmalıdır. Həmin təhlükəsizlik sistemi qurulması üçün isə regiondakı münaqişə ocaqları kiminsə istəyinə xidmət edən formada deyil, ədalətli həllini tapmalıdır. Bu ilk növbədə onu təmin etməlidir ki, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü, Azərbaycan xalqının maraqları daxilində, haqqın və ədalətin bərpa olunması ilə tənzimlənsin. Belə olması o deməkdir ki, daha təhlükəsiz Cənubi Qafqaz burada olan ölkələrin uzunmüddətli xarici siyasətləri baxımından vacibdir”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev martın əvvəlində İrana səfər edəcək. İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin sözlərinə görə İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda üçtərəfli görüşünün keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır.

Aysel Aslan