Proqnoz vermək çətin olsa da...

Təbii qazın qiymətinin qalxacağı gözlənilmir
Ekspert qiymət artımının iqtisadi əsası olmadığını deyir







Son zamanlar sosial şəbəkələrdə davamlı olaraq müzakirə edilən məsələlərdən biri əhaliyə verilən təbii qazla bağlı məhdudiyyətin olmasıdır. Yaranan məhdudiyyətlə bağlı fikirlər səslənir ki, bu qazın qiymətinin artmasına hazırlıqdır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban isə fərqli düşünür. Onun sözlərinə görə, ölkəmizdə faktiki olaraq qazın qiymətinin artması, yaxud azalması kimi məsələləri proqnoz etməyin mümkün olmadığını deyib: 

"Azərbaycanda qazın qiyməti dövlət tərəfindən tənzimlənir. Yəni, bu, Tarif Şurasının inhisarında olan məsələdi və kommersiya qurumu tərəfindən müəyyənləşdirilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra nə yanacağın qiymətində, nə də suyun və qazın qiymətində artım mümkün deyildi. Çünki burda hər hansı bir qanunauyğunluq və iqtisadi göstərişlər ortada yox idi. Dövlət də qiyməti qaldıranda bunu öz istədiyi kimi izah edir. Hər hansı bir nəticə olaraq dövləti də günahlandırmaq məntiqsizliyi ortaya qoyur. Məsələn, bizdə qazın qiyməti 2009-cu ildə "Azəriqaz” Dövlət Neft Şirkətinə birləşdiriləndə dəyişdi. İndi 2016-cı ildi, yəni 7 il yarıma yaxındır ki, qiymət dəyişimi baş vermir. Normal ölkədə belə bir şey varmı? Belə hallar normal ölkələrdə adətən 2-3 faiz civarında dəyişir və bunun da iqtisadi bir əsası olur. Azərbaycan hökumətinin bu cür məsələləri özünün inhisarında saxlaması istehlakçılara ziyandı. Biz bunu nə qədər tez kommersiya relsinə salsaq, bu inhisarçılıqdan çıxmaq mümkündü. Bu bazarı liberallaşdırsaq, ilkin halda çətinlik olacaq, ancaq sonrakı hallarda bizim üçün daha keyfiyyətli və yaxşı hesab oluna bilər”. 

Ekspert həmçinin söyləyib ki, Gürcüstan, Rusiya və Türkiyəyə nəzər saldıqda belə hallara rast gəlmək mümkün deyil: 

"Onlarda insanlar vahimə içərisində yaşamır. Onlar pulu verir və qazı alırlar. Gündə 3-4 dəfə gedib kombinin düyməsini sıxırlar. Hətta istəsələr, avqust ayında belə kombini yandıra bilirlər. Beləliklə, istehlakçıda müəyyən bir maraq yaranır. "Nə qədər çox satsam, o qədər də çox gəlir əldə edərəm”. Biz sosializmdə yaşayırıq. Hələ bu sahədə bazar iqtisadiyyatına keçməmişik”.

Yeganə Bayramova