Bu cinayəti “samosud” - özbaşınalıq, məhkəmə əvəzinə hökm çıxarmaqdır
Pula görə vəhşilik...
Borclunun iki qolunu biləkdən kəsdilər
Bu cinayəti “samosud” - özbaşınalıq, məhkəmə əvəzinə hökm çıxarmaqdır
Bu cinayəti “samosud” - özbaşınalıq, məhkəmə əvəzinə hökm çıxarmaqdır
Zaqatalada baş vermiş dəhşətli cinayətin təfərrüatları məlum olub. "Report” xəbər verir ki, Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 1989-cu il təvəllüdlü Vüsal Bəşirov hər iki qolunun bilək nahiyəsindən tamamilə kəsilməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Vüsal Bəşirovun üzərində təcili əməliyyat aparılıb və hər iki qolu biləkdən amputasiya edilib.
Cinayət 1350 manat borca görə baş verib. Zərərçəkənin Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 30 yaşlı Araz Abdullayevə pul borcu olub. Həmin şəxs B.Vüsalın ağzını
və əl-ayağını yapışqanlı lentlə bağlayaraq Tala çayın üzərindən keçən asma körpünün altında qollarını kəsib. Cinayəti törədən A.Araz sonradan polisə gedərək təslim olub.
Zərərçəkmişin atası Vahid Bəşirovun dediyinə görə, oğlunun borcu olub. Oğlu Bakıdan qayıdan vaxt onu qarşılamağa gedib. Borclu olduğu şəxslər isə Vüsalı söhbət etmək adıyla çayxanaya aparıblar. Oğlundan narahat olan V.Bəşirov onun mobil telefonuna zəng etsə də, zəng çatmayıb. Bir qədər sonra isə oğlunun telefonundan zəng gəlib, danışan şəxs onun əllərini kəsdiyini və xəstəxanaya aparıldığını deyib.
Polis şöbəsindən isə istintaq getdiyinə görə, hadisənin təfərrüatları barəsində məlumat verilməyib.
Zərərçəkənin yaxınlarının bildirdiklərinə görə, cinayəti törədənlər qeyri-ənənəvi islam təriqətinin nümayəndələri olublar.
Qeyd edək ki, əlləri kəsilən Vüsal Bəşirov əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Zaqatala rayon polis şöbəsi tərəfindən hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində araşdırmalar aparılır. 21-ci əsrdə, həm də demokratik quruluşa malik bir ölkədə belə cinayətin törədilməsi insanı həqiqətən dəhşətə gətirir.
Olayı şərh edən hüquqşünas Qurban Məmmədov bu cinayəti "samosud” - özbaşınalıq, məhkəmə əvəzinə hökm çıxarmaq adlandırdı:
- Bu, açıq-aşkar özbaşınalıq, qanunları və insan hüquqlarını heçə sayaraq hökm çıxarmaqdır. Bu hadisəyə 2 rakursdan yanaşılmalıdır. Birincisi, nəyə görə, bəzən vətəndaşlar hüquq-mühafizə orqanlarını kənara qoyub, özləri hökm çıxarmaq fikrinə düşür. İkincisi, insan necə bir tərbiyə alıb, hansı mühitdə böüyüb ki, pula görə bir insanın həyatına qəsd edir, bir insanı ömürlük şikəst edir? Belə bir zorakılığa əl atmaq insanın insanlıqdan çıxıb vəhşiləşməsi deməkdir. Hər adam cəllad, qatil ola bilmir. Cəlladlıq işi üçün xüsusi qəddarlığı ilə seçilən adamlar tapılır. Bunlar necə insandır ki, öz həmkəndlisini, uzun illər bir kənddə, bir rayonda yaşadığı adama belə işgəncə verir?
Bu hadisənin törədilmə səbəbləri ciddi araşdırma tələb edir. Biz insanlarımızın niyə getdikcə qəddarlaşdığının köklərini, bunu doğuran səbəbləri araşdırıb tapmalıyıq və insanlarımızın zora, gücə, işgəncələrə meyilliliyinin qarşısını almalıyıq.
Borc məsələsinə gəlincə, bütün dünyada borcla bağlı qaydalar eynidir. Beynəlxalq hüquq normalarına görə, pul borcunun, fərqi yoxdur, banka kredit borcu var, yaxud fərdi qaydada kiməsə, borcun ödənməməsinə görə, heç kim həbs edilə bilməz. Ataların yaxşı sözü var, deyirlər, malını möhkəm saxla, qonşunu oğru tutma. Bu o deməkdir ki, borc verirsənsə, zəmanətlə, şahidlərin iştirakı ilə, girovla verməlisən. "Qurani-Kərim”də də borc verilmə ilə bağlı ayələr var. Allah-təala buyurur ki, biri-birinizə borc verdikdə onu yazın, şahidlər təsdiq etsin. Başqa bir ayədə buyrulur ki, borc verdiyiniz adam onu qaytarmaq iqtidarında deyilsə, o borcu bağışlayın, çünki Allah Bağışlayandır. Digər bir ayədə buyrulur ki, "kimdir o, xoş niyyətlə borc verən?” Yəni, Allah rizası üçün, bir insanı ağır durumdan çıxarmaq üçün xoş niyyətlə, qarşılıq gözləmədən borc vermək böyük savabdır. Borc verirsə, onun qaytarılmayacağını göz altına ala
biləcəksənmi? Göz altına ala biləcəksənsə, borc ver, çünki o şəxs həmin borcu qaytarmaya da bilər. İmkanı olmaz, qaytara bilməz. Borc verəndə, onu geri ala bilməyəcəyini və o puldan əl çəkəcəyini də düşünməlisən. Bizim vətəndaşlar dindən uzaq düşdükləri, islam dininin qayda-qanunlarını bilmədikləri və əməl etmədikləri üçün nə adam kimi borc verə bilirlər, nə də adam adam kimi borc ala bilirlər. Bizdə borc vermək yoxdur, bizdə yalnız sələmçilik var. Borc verənlərin əksəriyyəti sələmlə verir, verdiyi borcdan əlavə xeyir əldə etməyə çalışır. Amma yazıqlar bilmir ki, sələmçilik necə böyük günahdır. Allah-təala "Qurani-Kərim”də buyurur: "Sələm yeyənlər qəbirlərindən cin vurmuş kimi qalxacaq”. Çoxu bu sözlərə, əstəğfurullah, gülür, elə bilirlər, uydurmadır. Ona görə də sələmçilik ölkədə vüsət alıb, insanlar kreditlərə girişib, faizini də qaytara bilmirlər. Bəzən də Zaqataladakı kimi dəhşətli cinayətlər törədilir. İnsanın əllərini kəsən adama ən ağır cəza verilməlidir. Çünki o, bir insanı ömürlük şikəst edib. Səbəb nə olursa-olsun, heç kimin bunu etməyə haqqı yoxdur. Bu, insan haqlarına birbaşa və ağır formada qəsddir.
Q.Məmmədov borc qalmaqallarının məhkəmələrdə çətin həll edildiyinə də toxundu:
- Məhkəmə qərarları bəzən lazımi qaydada icra olunmur. Bəzən vətəndaşdan hansısa qərarın verilməsi üçün elə bir məbləğdə rüşvət istəyirlər ki, borcun miqdarı qədər olur. Adam da fikirləşir ki, 5-10 manat əlimə pul gələcək, onu da hansısa hakimə, məhkəmə icraçısına verəcəyəm, ondansa, məsələni özüm həll edim. Vətəndaşlar aylarla məhkəmələrdə vaxt itirmək istəmir. Və beləcə, "samosud” qərarı verirlər. Bu cür halların təkrarlanmaması üçün gərək məhkəmələr operativ işləsin. Kiçik məsələləri süni şəkildə şişirdib həllini bilərəkdən uzatmasınlar. Vətəndaşlar biri-birinə pul borc verdikdə borc müqaviləsi tərtib edilə bilər. Amma hüquq normalarına görə, yazılı sənədin olmaması borclunu borcdan azad etmir. Yazılı sənəd yoxdursa, şahid ifadələri ilə borcun verildiyini təsdiq etmək olar. Bizim çətinliyimiz ondadır ki, nə borc müqavilələri bağlanır, nə də şahidlər ortaya çıxır. Borcu da mədəni şəkildə, sivil qaydalarla vermək və geri almaq olar. Təəssüf ki, bizdə belə mədəniyyət formalaşmayıb.
Məlahət Rzayeva