Seyran Səxavət mövzunu “Şərq”in əməkdaşı ilə çözməyə utandıHacı Şahin Həsənli isə deyir ki, cəmiyyətin yad təsirlərə qarşı dayanma gücü ölüb
Elmira Axundova:"Nə mentalitet qalıb nə də mənəviyyat”
26 yaşlı gəncin ailəsini atıb qardaşının 23 yaşlı qızı ilə münasibət qurması dünən sosial şəbəkələrin əsas mövzusu idi. Saysız-hesabsız rəylər, qınamalar, suçlamalar... Hadisə barədə təfərrüatlar hələ də məlum deyil. 3 uşağını atıb 2 uşaqlı qardaşı qızı ilə nikaha daxil olan adam əvvəlki həyat yoldaşını günahkar bilir, heç kimi qaçırmadığını, gizlənmədiyini deyir. 3 uşaq anası qadın isə həyat yoldaşının çoxdan əxlaqsızlıqla məşğul olduğunda israr edir. Son illər üçün heç də gözlənilməz sayılmayacaq hadisədir. Nə qədər oxşar hadisələr baş verib. Təzə gəlinlər başqasına qoşulub qaçıb, hətta körpəsini atıb "eşq ardınca” gedənlər də olub, baldızı ilə evlənən kişilər də.
Artıq "şok” sözü də şokdan düşüb. Daha nəyəsə heyrətlənmək də olmur. Hər şey adiləşib. Və deyəsən, artıq ən təhlükəlisi və geridönüşü olmayacaq bir nöqtəyə gəlib; əxlaqsızlığa alışmağa. Çox adət-ənənə deyirik ha, bax belə olaylar artıq "adət-ənənə” halını almaqdadır.
Nədən bu hala gəldik?
Sualı öncə yazıçı-dramaturq Seyran Səxavətə ünvanladıq. Seyran Səxavət "Şərq”ə açıqlamasında baş vermiş olaydan təsirləndiyini bildirdi:- Vallah, adamın ağlı da başından çıxır, adı da yadından çıxır. Dəhşətdi... Sizinlə bu barədə danışmağa da utanıram. Az qalıram yerin dibinə girim... Biz hara gedirik, bilmirəm. Bircə onu bilirəm ki, hara gediriksə, heç yaxşı yer deyil. Bəzən deyirlər ki, pis yola düşənləri qınamaq lazım deyil, yəqin nəsə bir səbəb var, filan. Burda əclaflıqdan, əxlaqsızlıqdan başqa nə səbəb ola bilər?! Belə adamları nəinki qınamaq, lap canlarını da almaq olar. Həkimlər deyir ki, vərəm çöpləri hamıda var. Amma hamıda özünü göstərmir. Elə ki, çöplərin inkişafı üçün zəmin yaradır, münbit şərait yaranır, baş qaldırırlar. İnsanın xislətindəki pislik də belədir. Şərait yaranan kimi, baş qaldırır, zühur edir. Mən bunu belə izah edirəm. Qabaqlar kənddə torpağı xışla şumlayırdılar. Sonra müasir texnikalar gətirildi. Feodalizm quruluşundan birbaş kommunizmə düşdük. Müstəqillik əldə etdikdən sonra da düşdük Avropa standartlarına. 6 qitə var, niyə hamı məhz Avropa standartından yapışır, bilmirəm. Afrika standartı niyə yoxdu? Əslində bizim nə Avropaya, nə də başqa hansısa materikin, qitənin standartına ehtiyacımız olmasın gərək. Çünki özümüzün hər cür standartımız var. Bu da bizim adət-ənənələr, dədə-babadan gələn qayda-qanunlarımızdı. Mənim bir dostum var, Hətəm Quliyev, akademikdir. Mən heç vaxt Hətəm Quliyev ola bilmərəm, amma o da Seyran Səxavət ola bilməz. Elə deyil?! Ümumilikdə biz hamımız da avropalı ola bilmərik. Biz özümüz olmalıyıq, özümüz kimi yaşamalıyıq. Rəsul Rza yazırdı ki, "mən Puşkin deyiləm, Lermantov deyiləm, Nekrasov deyiləm, onlar da Rəsul Rza deyil”. Bax, həmin söhbətdir. İnsan gərək hansı kökün üstündədirsə, o cür yaşasın. Rusların belə bir sözü var; adət etmək ikinci naturadır. Yəni adətlər insanın naturasıdır, təbiətidir. İnsan öz təbiətindən kənara çıxanda yolunu azır, çaşır. Biz də müstəqillik əldə etdikdən sonra 4 bir yandan informasiya bolluğu yarandı, hər tərəfdən "skvoznyak”a düşdük. Adət-ənənələrimizi də yellər vurmağa başladı. Adət belədir ki, illərlə cəmiyyətlərdə yaşanır, özünü təsdiq etdikdən sonra ənənəyə çevrilir, ənənə statusu qazanır. Bizim ənənələrimiz belə yaranıb. İndi qorxuram ki, bu pis əməllər, pis işlər də getdikcə "ənənəyə” çevrilsin. Get-gedə heç kimi daha heyrətləndirməsin, təəccübləndirməsin, getdikcə öyrəşək, alışaq bu pisliklərə. Ən dəhşətlisi onda olar. Çox üzür istəyirəm, məsəl var deyirlər: "əclaflıq (burda başqa söz olmalıdır, demirəm) çox ağırdır, amma boynuna aldınsa, ondan yüngülü yoxdur”. Çətini boynuna alana qədərdi. Pis bir əmələ öyrəşmək, adət etmək dəhşətdir. Məsələ bizim Avropa dəyərlərinə meyl etməyimizdə də deyil. Problem bundadır ki, biz Avropanın pis olanını götürürük. Avropalı bir yazıçı deyib ki, əsər yazanda elə cümlələr yazmalısan ki, öz qızına oxuya biləsən. Avropanın belə yazıçısı da var, Toni Bleyer kimi, qoltuğuna şokolad qutusu vurub eynicinslilərin toyuna gedən sabiq baş naziri də. Bizim səhvimiz, yanlışlığımız əxlaqlı yazıçının sözünü qulaq ardına verib, toni bleyerlərdən örnək almaq istəməyimizdir. Gərək heç kimi yamsılamayasan, özün kimi olasan. Özün kimi yaşayasan. Mən bu mənəvi aşınmaların əsas səbəblərindən birini milli şüurumuzun aşağı səviyyədə olmasında, bunun da səbəbini təhsilimizin aşağı səviyyədə olmasında görürəm.
İlahiyyatçı Hacı Şahin Həsənli də "Şərq”ə açıqlamasında cəmiyyətin yad təsirlərə qarşı dayanma gücünün zəif olduğunu bildirdi:
- Biz qlobal dünyanın bir parçasıyıq və hər cür təsirlərə məruz qalırıq. Yad təsirlər altına düşməmək üçün gərək cəmiyyətin özünümüdafiə gücü - immuniteti güclü olsun. Necə ki, bir adam xəstələnəndə həkim deyir, immunitetin aşağı düşüb, ona görə xəstəlik baş qaldırıb, mənəvi aşınma da belədir. Mənəviyyat aşındıqca yad təsirlərə məğlub olursan. Yad təsirlərdən qorunmağın yolu isə milli-adət ənənələrdir. İslam dini də bizim adət-ənənələrin ayrılmaz bir parçasıdır. İnsanların pis əməllərə qurşanmasının bir səbəbi dindən ayrı düşmələri, islam əxlaqından uzaqlaşmalarıdır. Bu istiqamətdə geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Dini maarifçilik sahəsində ciddi işlər görülməli, ailələrlə tərbiyəvi söhbətlər aparılmalıdır. Hesab edirəm ki, "Gəncə hadisəsi” kimi təqdim olunan olaylarda KİV-lər peşəkar mövqe tutmalıdırlar. İnformasiya "şok” başlığı altında verilirsə, bunun ikinci tərəfi - maarifləndirmə tərəfi də önə çəkilməlidir. Hər bir hadisəyə sağlam münasibət ortaya qoyulmalıdır. Məlumatı verib, yalnız xəbər tərəfini önə çəkmək cəmiyyəti qıcıqlandırmağa, insanların yanlış anlamasına və düzgün nəticələr çıxarmamasına səbəb olur.
"Əminin qardaşı qızını qaçırmasını ancaq həyasızlıq adlandırmaq olar”.
Bunu isə Sherg.az-a hadisəyə münasibət bildirərkən millət vəkili Elmira Axundova deyib. O bildirib ki, insanlar sevgini inkar etməməlidir, lakin sevən şəxslərin qovuşması bu şəkildə baş tutmamalıdır:
"Ana iki uşağını atır, ata isə 3 uşağını küçədə qoyur, belə halda ailə dəyəri qorunmaz. Əgər şəxs kimisə sevirsə, kişi və ya qadın ən azından mədəni şəkildə gəlib öz ailəsindən, həyat yoldaşından üzr istəyə bilər, övladlarına sahib çıxmaqla boşandıqdan sonra başqası ilə ailə qura bilər. Hər şeyin qayda qanunu var. İnsan 2 dəfə də evlənə bilər, 3 dəfə də. Ancaq bunu qayda-qanunla həyata keçirmək lazımdır. Mən insanların 2-3 azyaşlı uşağını atıb, başqa insanın yanına qaçmasını anlaya və qəbul edə bilmirəm. Həmin ortada qalan 5 uşağı düşünəndə də ürəyim ağrıyır”.
Qoşulub qaçan həmin cütlüklərin xoşbəxt ailə qurmağına inanmadığını söyləyən E.Axundovanın fikrincə, onların bir-biri ilə səadət tapa bilməsi mümkün deyil:
"Bu nə qədər adi görünsə də, başqasının bədbəxtliyinin üzərində xoşbəxtlik qurmaq mümkün deyil. Bu həqiqətdir. Hətta tanınmış insanlar var ki, ailələrini atıblar, guya başqa sevgi yaşayırlar. Bu ailələr bədbəxt olub. Firavanlıq, xoşbəxtlik olmayan ailə qurublar. Mən bir neçə belə acı misal çəkə bilərəm. Həmişə ətrafımdakılara ailələrini qorumağı məsləhət görürəm. Əgər insan başqasını sevirsə, bu, böyük sevgidirsə, qayda-qanunla, boşanaraq, övladlarını təmin edəcək aliment ödəyərək, yeni ailə qura bilərlər. Amma bu cür heç kimi saymadan qoşulub, qaçmaqla hara qədər yaşaya bilərlər ki?”
Xanım deputat əlavə edib ki, hazırda müşahidə olunan situasiyaya görə, mentalitet demək olar ki, yox səviyyəsindədir:
"Həm paytaxtda, həm rayonlarda boşanmalar baş alıb gedir. Yaşlı nəsil ailələrində problemlər olduqda uşaqlarına, ailələrinə görə belə hallara dözürdülər. Heç olubmu ki, analarımız ya atalarımız 3, 4 uşağını atıb başqasının yanına getsin? Belə şeyləri təsəvvür etmək belə çətindir. Ailələrdə hər problem ola bilər. Amma uşaqlara və ya ailəyə görə ər də, arvad da dözürdü. Amma indi təm-təraqlı toy edirlər, övladlar olsa da, olmasa da "mən istəmirəm, xoşum gəlmir” - deyib ayrılırlar. Mən belə halları heç cür dəstəkləyə bilmirəm, anlaya da bilmirəm. Bütün bunlara görə də hər zaman məyus oluram. Nə mentalitet qalıb, nə də mənəviyyat. Bunun problemləri çoxdur, ictimaiyyət özü də səbəblərini çox yaxşı bilir. Bu Qərbdən bizə gələn "dəyərlərin” məhsuludur. Qərb ənənələri bizə yaxşı dəyərləri aşılamaqla yanaşı özü ilə çox pis dəyərləri də gətirib”.
Məlahət Rzayeva