Qazaxıstanın Kostanay vilayətində də karantin rejimi sərtləşdirilir


Qazaxıstanın Kostanay vilayətində məktəbəqədər müəssisələrin və idman komplekslərinin fəaliyyəti dayandırılır.

"Sherg.az" AZƏRTAC-a istinadən bildirir ki, son günlər vilayətdə koronavirus infeksiyası ilə bağlı epidemioloji vəziyyətin kəskin pisləşməsi müşahidə olunur. Hər gün 50-dən 100-dək yoluxma faktı qeydə alınır. Simptomlu və simptomsuz xəstələr nəzərə alınmaqla, ümumilikdə koronavirusa yoluxanların sayı 518 nəfərədək yüksəlib. İyunun 15-dən 21-dək olan müddət ərzində isə 251 nəfərin koronavirusa yoluxması aşkarlanıb ki, bu da artım tempinin 94 faizə çatması deməkdir.

Ən çox yoluxma halları Kostanay şəhərində (97 nəfər) və Rudnoda (24 nəfər) qeydə alınıb. Koronavirus infeksiyası bu xəstəliyin əvvəllər qeydə alınmadığı cənub regionlarında da özünü büruzə verməyə başlayıb.

"Yoluxma sayının artması səbəbindən laboratoriyalar, həmçinin xəstələrin müalicəsində iştirak edən tibb işçiləri gərgin iş rejiminə keçiblər. Yaranmış vəziyyətdə tibbi personal iş vaxtından əlavə çalışmağa məcburdur. Bu da, təbii ki, onların səhhətinə mənfi təsir göstərir. Bundan başqa, müalicə müəssisələrində xəstələr üçün yer çatışmır. Ehtiyat yataq yerlərinin açılması istiqamətində işlər görülür", - deyə Kostanay vilayətinin baş dövlət sanitar həkimi Vladimir Neçitaylo bildirib.

Belə bir vəziyyətin yaranmasının əsas səbəbləri sırasında o, əhalinin, eləcə də sahibkarlıq subyektlərinin məhdudlaşdırıcı tədbirlərə kütləvi əməl etməməsini vurğulayıb. "Qadağalara baxmayaraq, kafe və restoranlarda ziyafət, toy, şənliklər keçirilir. Kostanay vilayətindəki iki uşaq bağçasının işçiləri arasında COVID-19-a yoluxma faktı aşkarlanıb", - deyə regionun baş həkimi qeyd edib.

Xəstələrin sayının artması ilə əlaqədar iyunun 23-dən 30-dək karantin rejiminin gücləndirilməsi, məktəbəqədər müəssisələrin, idman obyektlərinin fəaliyyətinin dayandırılması, həmçinin ictimai iaşə obyektlərində iş rejiminin məhdudlaşdırılması qərara alınıb.