Rəqəmsal yayıma keçid teleradio məkanında bir yenilik kimi qəbul olunur
Çünki bu yayıma keçildikdən sonra istifadə üçün yararlı xeyli sayda tezlik əldə ediləcək
Milli Televiziya və Radio Şurasının qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Rəqəmsal yayıma keçid "2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq reallaşıb. Respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımı 1 dekabr 2016-cı il tarixdə dayandırılacaq.
Ona görə də televiziya tamaşaçılarından rəqəmli yayımın izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin əldə olunması xahiş olunur. Bəs rəqəmsal yayıma keçidin hansı üstünlükləri var?
Məlumat üçün deyək ki, nəinki Azərbaycanda, eləcə də bütün dünyada rəqəmsal yayıma keçid teleradio məkanında bir yenilik kimi qəbul olunur. Çünki bu yayıma keçildikdən sonra istifadə üçün yararlı xeyli sayda tezlik əldə ediləcək. Üstəlik, rəqəmsal yayıma keçidlə bir televiziya kanalında 12 kanal yayımlana biləcək. Telekanallar artıq 1 Kvt ötürücü vasitəsi ilə yayımını təmin edəcək. Keyfiyyətlə bağlı təsvirdə böyük yeniliklər olacaq. Analoq rejimə nisbətən, əlavə maneələrdən azad olacaq. Ölkə ərazisində televiziya kanallarının yayımında qeyri-bərabərlik aradan qalxacaq. İnsanlar həmçinin televiziya və radio vasitəsi ilə interaktiv imkanlardan yararlana biləcəklər.
Əvvəlcədən baxmaq istədikləri proqramları müəyyənləşdirə biləcəklər. Həmçinin, verilişlərin arxivlərini yaratmaq imkanı əldə edəcəklər. Bundan başqa, rəqəmli TV yayımının bir sıra üstünlükləri var. Bunlar veriliş traktında və siqnalların yazılışı zamanı maneə dayanıqlığının yüksək olması, vericisinin gücünün azaldılması, eyni bir tezlik zolağında veriləcək proqramlarının sayının kəskin artması, yeni açılış standartı üzrə sistemin yaradılması, studiya aparatlarının funksional imkanlarının genişləndirilməsi və s.dir. Bununla bərabər tamaşaçı proqramlara müdaxilə etmək imkanı qazanacaq.
Belə ki, verilişlərin arxivləşdirilməsi və yazılması mümkün olacaq ki, tamaşaçı istədiyi vaxt istədiyi verilişi izləyə biləcək. Vətəndaşlar həmçinin, verilişin dilinin və subtitrlərin seçilməsini öz istəklərinə uyğun müəyyən edə biləcəklər. Mütəxəssislər hesab edirlər ki, rəqəmsal yayıma keçid üçün tələb olunan dekoderlərin alınması vətəndaşlara bir o qədər də ziyan vurmayacaq. Çünki Azərbaycanda kabel televiziyası şəbəkəsi xeyli müddətdir fəaliyyət göstərir. Kabel şəbəkəsi rəqəmsal yayımda fəaliyyət göstərir və bu şəbəkəyə qoşulanların dekoder almasına ehtiyac yoxdur. Üstəlik, sözügedən avadanlığın qiyməti cəmi 25-30 manat arasında dəyişir.
Xatırladaq ki, Avropa Birliyi rəqəmli TV yayımının tətbiqi prosesinə 2005-ci ildən başlayıb. Bu birliyə daxil olan dövlətlər DVB-T sistemindən istifadə etmək üçün razılığa gələrək ölkələrində onun tətbiqinə start veriblər. Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov deyib ki, müasir televizorlar, eləcə də 2010-cu ildən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir. Ancaq köhnə model televizorlar rəqəmli yayımı dəstəkləmir: "Sakinlər dekoder cihazını poçt şöbələrindən əldə edə bilərlər. Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya da ehtiyac yoxdur. Köhnə televiziyalara dekoder cihazı qoşulur. Qiymət artımının qarşısını almaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dekoder satışını poçt şöbələrində təşkil edir. Bakı, Abşeron, Sumqayıt ərazisində poçt şöbələrinə 5 mindən çox dekoder paylanıb. Qiyməti 21 manatdır. İstənilən şəxs poçt şöbələrindən həmin dekoderi əldə edə bilər. Eyni zamanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli "Qaynar xətt”inə zəng etməklə insanlar suallarına cavab tapa bilərlər”.
MTRŞ rəsmisi qeyd edib ki, kabel şəbəkəsi yayımına qoşulmuş şəxslərin də dekoder cihazı almasına ehtiyacı yoxdur:
"İzləyici televizorunda peyk vasitəsilə siqnal qəbul edirsə, hər hansı bir kabel şəbəkəsinin xidmətlərindən yararlanırsa, bu cihaza ehtiyac yoxdur. Televiziya proqramlarını əvvəlki qaydada izləyə biləcək”. Aparat rəhbəri bildirib ki, rəqəmli TV-nin keyfiyyəti daha yüksəkdir: "Analoq TV yayımında 1 şəxs bir kanala baxırdısa, digəri baxa bilmirdi. Rəqəmli televiziyalarda isə bütün kanallara keyfiyyətlə baxacaq. Analoq televiziya yayımı məsələsi 2011-ci ildən gündəmdədir. Həmin ildən Milli Televiziya və Radio Şurasının qərarı ilə analoq TV-nin yayımı ilə bərabər rəqəmli yayım tətbiq olundu. 5 il müddət kifayət edir ki, hər hansı şəxs 21 manata dekorder aparatı əldə edə bilsin. Bundan əlavə, əhaliyə xəbərdarlıq və maarifləndirilmə üçün çoxlu video-rolik hazırlanıb. Hesab edirik ki, rəqəmli televiziya yayımına keçidlə bağlı hər hansı ciddi problem yoxdur”.
İsmayıl