Saakaşvilinin istefası reaksiyalar doğurur

Elxan Mehdiyev: “Poroşenko yəqin onun gücündən başqa istiqamətlərdə istifadə edəcək”



Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb. O, Prezident Poroşenkonu iki klanın ikisini də dəstəkləməkdə ittiham edir. Saakaşvilinin ardınca Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi Giorgi Lordkipanidze də istefa verib.

Saakaşvili bildirib ki, Odessa vilayətini sadəcə korrupsionerlərə deyil, Ukraynanın düşmənlərinə təslim edirlər: "Bu vəziyyətdə mən istefa vermək qərarına gəldim. Bundan sonra mübarizənin yeni mərhələsinə başlamaq niyyətindəyəm. Elektron bəyannamələr son damla oldu. Bu qudurğan simalar utanmadan bəyan edirlər ki, həm nağd şəkildə milyardları var, həm də dövlətdən sosial yardım alırlar”, - deyə o vurğulayıb.

Ukraynadakı istefalara münasibət bildirən politoloq Elxan Mehdiyev Saakaşvilinin Ukraynanın güc strukturları ilə üz-üzə gəldiyini bildirib: "Saakaşvilinin daxili siyasətlə razılaşmadığı hər kəsə aydındı. Onun həmçinin Ukrayna Baş Prokurorluğuna da müraciətləri vardı. Bu, mübahisələr Ukrayna və Rusiya mətbuatında daimi yayılırdı. Etiraz əlaməti olaraq istefa veribsə də, bu o demək deyil ki, Saakaşvili Ukrayna siyasətindən ayrılır. Çünki onun Poroşenko ilə münasibətləri yüksək səviyyədədi, yəqin ki, başqa istiqamətlərdə də onun gücündən istifadə etmək nəzərdə tutulur”.

Yeganə Bayramova