"Şahbazla bağlı BQXK-dən məktub almamışıq" - Girovun bacısı



Ötən həftə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə ötən həftə baş tutub.

BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Girovlarımızın durumu barədə məlumat əldə etmək üçün Şahbaz Quliyevin bacısı İradə Quliyeva ilə əlaqə saxladıq. 

O, Sherg.az-a söyləyib ki, qardaşından hələlik məktub gətirilməyib. İ. Quliyevanın sözlərinə görə ailə üzvləri girovlarımızın durumu ilə bağlı xəbərləri və məktublarını gözləyir:

"Hələ məktub almamışıq. Bəlkə həftə sonu, ya da gələn həftə məktub gətirilər. Amma bir neçə gün əvvəl xəbər etdilər ki, baş çəkilib. Əvvəl də qurum rəsmiləri baş çəkdikdən bir müddət sonra Dilqəm və Şahbazın məktubunu, xəbərlərini çatdırıblar. Bu dəfə də zəng etdilər ki, baş çəkmişik, məktubunu gətirəcəyik. Amma sağlıq durumları ilə bağlı heç bir söz deyilmədi”.

Aysel Aslan