“Şərq” qəzetinin adı ilə dələduzluq edilir

Akif Aşırlı Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmək məcburiyyətində qalıb


"Şərq” qəzetinin adı ilə dələduzluq edilir. Belə ki, İslam və Rza adlı iki şəxs Bakıda və respublika ərazisində müxtəlif dövlət orqanlarına, orta məktəblərə, bağçalara gedib, qəzetin əməkdaşı olduğunu, orada "yoxlama” apardıqlarını bildirib, reketlik edirlər. 

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, bu hal bir neçə dəfə təkrarlanıb, ona bu cür hadisələrlə bağlı vətəndaşlar tərəfindən müraciət edilib: 

"Bu gün səhər Xətai rayonunda yerləşən 138 saylı orta məktəbin rəhbərliyindən redaksiyaya zəng edib, İslam və Rza adlı şəxslərin "Şərq” qəzeti adından məktəbə gəlib "yoxlama” aparmaq istədiklərini deyiblər. Və dələduzluq etmək istəyən bu şəxslər məktəb rəhbərliyindən pul tələb ediblər. Redaksiya rəhbərliyi olaraq bildiririk ki, 20 illik nəşr müddətində heç vaxt bu cür əməllərdən istifadə etməyib, peşə dəyərlərinə sadiq qalmışıq. Və heç zaman belə əməkdaşlarımız da olmayıb”. 

A.Aşırlı bildirib ki, həmin şəxslərin üzə çıxarılaraq ifşa olunması üçün Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət etməyə məcbur qalıb:

 "Qəzetimizin adından sui-istifadə edərək dələduzluq edən bu şəxslər gec-tez aşkarlanıb, qanun qarşısında cavab verməli olacaqlar”.