Təcavüzkar Ermənistan canlı qüvvə çatışmazlığını necə kompensasiya etməyə çalışır?

Təcavüzkar Ermənistan cəbhədə məğlubiyyətlərlə üzləşməsi davam edir. Çarəsiz durumda qalan  ölkə canlı qüvvə çatışmazlığını bir sıra yollarla kompensasiya etməyə çalışır.
"Sherg.az" xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, erməni KİV-lərdə və eləcə də sosial mediada paylaşılan  foto və videoreportajlardan da göründüyü kimi, döyüşçülər arasında heç bir perspektivi olmayan daha çox yaşlı nəslin nümayəndələri diqqət çəkir.

Bundan başqa, erməni mediasında məhkumların da cəbhəyə göndərilməsi məsələsi də gündəmdədir. Belə ki, bu məsələ guya məhbusların da cəbhədə döyüşmək "arzusu" fonunda işıqlandırılır. Ermənistanın Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr bölməsinin rəsmisi Nona Naviqyan "Haykakan Jamanak" qəzetinə açıqlamasında bildirib ki, məhkumlardan cəbhədə döyüşlərə yollanmaq arzularını bildirən müraciətlər alıblar, lakin təfərrüatları açıqlamayıb.

Bildirib ki, məhbusların hərbi əməliyyatlarda iştirak məsələsinin hüquqi tənzimlənməsində problem var. Bununla bağlı hüquq müdafiəçisi Armine Fanyan "Haykakan Jamanak" qəzetinə müsahibəsində bildirib ki, məhkumların cəzadan azad edilməsinə və ya cəzalarının çəkilməsini təxirə salmasına imkan verən xüsusi prosedur, hüquqi tənzimlənmə yoxdur.

O, məhbusların orduya cəlb olunmasının fonunda Ermənistanda ağır vəziyyətlə bağlı rəy yaradılması ehtimalı ilə bağlı suala cavabında bundan sığortalanmadığını dolayısı ilə etiraf edib. O bildirib: "Bütün təhlükələri tarazlaşdırmalı, bunun nə dərəcədə ədalətli ola biləcəyini anlamalıyıq, xüsusən də hazırki şərtlərdə." Erməni mediasında bundan əvvəl artıq 100-dən artıq məhbus cəzalarının bağışlanmasının əvəzində  Qarabağa döyüşmək üçün göndərilməsi artıq heç kimə sirr deyil. Onlar təmas xəttinin müxtəlif istiqamətlərində yerləşdirilir.

Bəzi məhkumların  yaxınları faktdan xəbər tutaraq ombudsmana şikayət ediblər.

Keçmiş deputatlar da cəbhəyə yollanır?

Ermənistanın “Hraparak” qəzeti yazır ki, ölkədə hərbi vəziyyət və səfərbərlik elan edildikdən sonra  keçmiş iqtidarın bir çox nümayəndələri də çağırışçılar sırasındadır. Qəzet Nikol Paşinyanın ən sərt tənqidçilərindən  biri, slaq.am  saytının redaktoru Menua Harutyunyan bir həftədir ehtiyatda xidmət etdiyini yazıb.

    “Respublikaçı”lar partiyasının sədr müavini , vaxtilə  2017-ci ildə Bakıda "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmiş Armen Aşotyan  da çağırışçılar sırasındadır.

O, feysbuk səhifəsində bildirib ki, ölkəsi qarşısında dayanan ən ciddi problemlər bütün potensialın səfərbərliyi tələb edir. “Bu məsələdə “indiki-keçmiş” ayrı-seçkiliyi ola bilməz. “ –deyərək ictimai-siyasi sferada yaranmış siyasi ayrı-seçkiliyə eyham vurub. Halbuki Armen Aşotyan Paşinyan siyasətini daim tənqid edən siyasi fiqurlar sırasındadır.

Ermənistan mediasında  “Elk” fraksiyasından olan deputat Sasun Mikaelyanın cəbhəyə yollanan könüllülər arasında çıxışını əks etdirən video yayımlanıb. Birinci Qarabağ savaşında döyüşmüş deputat  öz emosional çıxışında  könüllüləri ruhlandıraraq “bu çətinliyin öhdəsindən gəlməliyik. Düşməni hissələrə ayırmalıyıq”—deyərək populist çıxışlar edib.  Qeyd edək ki, Sasun Mikaelyanla birgəyə cəbhəyə yollanmış könüllülərin əksəriyyəti yaşlılardır ki, onların da döyüş qabiliyyəti sıfıra bərabərdir.

Göründüyü kimi, təcavüzkar ölkə   ictimai-siyasi və sosial sferada tanınan şəxsləri də səfərbərliyə cəlb etməklə,cəbhədə məğlubiyyətlərlə üzləşən erməni ordusunun sınmış inamını və döyüş əhvalını yüksəltmək məqsədi daşıyır.

Azərbaycanın işğal altında olan ərazilərində separatçı rejim rəhbəri Araik Arutyunyanın feysbuk səhifəsində bildirdiyi kimi, Dağlıq Qarabağa gəliş və gedişin məhdudlaşdırılması döyüş qabiliyyəti olan sakinlərin bölgəni tərk etməsinin və fərariliyin  qarşısının alınmasına yönəlib.